POLŞA SEYMİNİN SAAKAŞVİLİ İLƏ BAĞLI BƏYANATI TİFLİSİ QƏZƏBLƏNDİRİB – “Bunun arxasında Vano Merabişvilinin sevgilisi dayanır”

17/01/2023 - 17:12

Polşa Seyminin Mixail Saakaşvili ilə bağlı qətnamə qəbul etməsi qeyri-dost jestdir. Bunun arxasında Vano Merabişvilinin sevgilisi, Seymin vitse-spikeri Malgorzata Qoşevska dayanır”.

Qafqaz.media xəbər verir ki, bu barədə Gürcüstanın mədəniyyət naziri Tea Tsulukiani bildirib.

“Üzr istəyirəm, amma nəzərə almalıyıq ki, bu, Polşa Seyminin qeyri-dost jestidir. Ancaq bunun sadə izahı var. Bu jestin və müvafiq qətnamənin arxasında onun müəllifi, Vano Merabişvilinin yaxın dostu Malqorzata Qoşevskanın dayandığını görəndə hər şey aydın olur. Bu hər şeyi izah edir.

Vano Merabişvilinin kim olduğunu cəmiyyətimizə izah etməyə ehtiyac yoxdur. Polşa cəmiyyətinə lazımdırsa, hansı cinayətlə üzləşdiyimizi və onun nəyə görə cəza çəkdiyini faktlarla izah edə bilərik. Biz onlara AİHM-in Girqvliani işi və Merabişvilinin əsas müttəhimlərdən biri kimi göründüyü bir çox başqa iş üzrə qərarını təqdim edə bilərik”, - deyə nazir bildirib.

Xatırladaq ki, yanvarın 13-də Polşa Seymi Gürcüstan hakimiyyətini dərhal Mixail Saakaşvilinin lazımi müalicə almasına, beynəlxalq ictimaiyyəti isə keçmiş prezidentin həyat və sağlamlığını xilas etməyə çağıran qətnamə qəbul edib.

Qafqaz.media