PUTİNİN KURSK FİASKOSU – SONUN BAŞLANĞICI... - Rusiyanın “qırmızı cizgiləri” bir qələmlə silinir
Hələ ötən il baş verən Yevgeni Priqojinin qiyamı zamanı bu hadisəni qiymətləndirən mütəxəssislər iki qrupa bölünmüşdülər. Bir qrup Vladimir Putinə hər cəhətdən ağır zərbə hesab edilən bu cür hadisələrin, fors-major situasiyaların ardının gələcəyini deyirdi.
İkinci qrup isə Kremlin tezliklə özünə gələcəyini və çoxdan biganələşmiş, müqavimət gücünü itirmiş Rusiya cəmiyyətinin bu hadisəni unudacağını, hər şeyin əvvəlki kimi öz axarı ilə gedəcəyini və Putinin bir müddət sonra özünün ciddi zədələnmiş nüfuzunu bərpa edəcəyini qeyd edirdi. Xüsusilə də Priqojinin təyyarəsi partladılandan sonra ikinci qrupun haqlı olduğuna dair təsəvvür yaranmışdı...
Lakin Ukraynanın Rusiyanın Kursk vilayətinə gerçəkləşdirdiyi olduqca cəsarətli və gözlənilməz hücum əməliyyatı Priqojin üsyanına bənzər hadisələrin ardının gələcəyini deyənlərin proqnozlarını doğrultdu.
Ən azından ona görə ki, bununla da Priqojin qiyamında olduğu kimi, Rusiyanın həm dövlət, həm hakimiyyət, həm də cəmiyyət olaraq heç də “dünyanın lider dövlətlərindən biri”, “qlobal güc mərkəzi”, “böyük imperiya” və s. bu kimi təmtəraqlı epitetlərə qətiyyən uyğun gəlmədiyi növbəti dəfə bütün çılpaqlıqları ilə üzə çıxdı. Məlum oldu ki, nə Kreml, nə də ona tabe olan güc strukturları, icra və yerli idarəetmə orqanları Priqojin qiyamından heç bir ciddi nəticə çıxara bilməyib və çıxara da bilmzədi. Çünki həm resursları və bacarıqları buna imkan verməyib, həm də korrupsiyalaşmış, çürümüş idarəçilik sistemi artıq çoxdan öz sözünü deyib.
Kremlin hazırda yaşadığı biabırçılıq müharibənin ilk günlərindəki “üç günə Kiyevi alacağıq” bəyanatlarının və blitskriqin fiaskoya uğraması qədər strateji əhəmiyyət daşıyır. Bu gün Rusiyada Kursk əməliyyatına görə Baş Qərargah kəşfiyyat orqanlarını, kəşfiyyat da Baş Qərargahı günahlandırır. Putin isə hər nə qədər özünü ciddi heç nə baş verməmiş kimi soyuqqanlı göstərməyə çalışsa da, “başını itirdiyi” göz qabağındadır və gücü yalnız Ukrayna ordusunun nə qədər irəlilədiyi barədə məlumat verən Kursk qubernatorunun sözünü acıqlı şəkildə kəsməyə çatır. Onun Rusiya cəmiyyəti, eləcədə beynəlxalq birlik qarşısındakı hazırkı vəziyyəti “kral lütdür” ifadəsinə daha çox uyğun gəlir...
Artıq Kursk əməliyyatının nə vaxt və nə cür bitməsindən, Ukraynanın Rusiya ərazisində qalıb-qalmayacağından asılı olmayaraq, bütün ciddi hərbi və siyasi ekspertlər bunu müharibənin gedişini dəyişən mühüm operativ, hətta strateji xarakterli addım kimi qiymətləndirirlər. Bu, həm də şəxsən Putinə vurulmuş olduqca güclü bir zərbədir. Özü də bir neçə istiqamətdə. Birincisi və ən əsası odur ki, Putin Rusiyasının demək olar, heç bir “qırmızı cizgisi” qalmadı. Kremlin “təlxək” adlandırdığı Volodimir Zelenski və milliyyətcə rus olan general Sırski bir qələmlə bu cizgiləri silib atdı. Qərb standartları ilə geyinmiş Ukrayna hərbçiləri Qərb istehsalı olan tanklar və digər hərbi texnika ilə “müqəddəs və toxunulmaz” Rusiya sərhədlərini və torpaqlarını sağdan-sola, soldan-sağa “şumlayırlar”. Göstərirlər ki, Rusiyanı öz ərazisində vurmaq olar və lazımdır! Özü də bunu edən işğalçı Hitler Almaniyası, yaxud Napoleon Fransası yox, özü işğala məruz qalan, Rusiyanın “qardaş” deyib, sonradan kürəyindən vurduğu Ukraynadır! Putin isə bütün baş verənlərə qarşılıq olaraq, adi hərbi vəziyyət belə elan etməyə cəsarət etmir, “məsələni şişirtməmək” üçün “anti-terror əməliyyatı” rejimi ilə kifayətlənmək məcburiyyətində qalır.
Rusiyanın belə hallarda hətta nüvə silahından ustifadəni nəzərdə tutan hərbi doktrinasından da əsər-əlamət yoxdur. Çünki öz ərazisində taktiki nüvə silahının istifadəsi nonsens olardı. Ukraynaya nüvə zərbəsi endirilməsi isə onsuz da Kiyevi heç bir halda kapitulyasiyaya məcbur etməyəcək, heç bir hərbi effekt verməyəcək, əvəzində zatən “izqoy” halına gəlmiş Rusiyadan onu hələ də “su üzərində saxlayan” Çinin və Hindistanın da üz çevirməsinə, eyni zamanda Qərbin müharibəyə birbaşa hərbi müdaxiləsinə gətirib çıxaracaq. Ona görə də nüvə mövzusu bağlanmış sayıla bilər və bu səbəbdən nə Putinin, nə də onun “ürəyindən xəbər verən” Medvedevin nüvə ritorikası sanki yoxa çıxıb...
Digər yandan, Kursk əməliyyatı bir daha Putinin guya bacarıqlı idarəçi olması barədə nağılları alt-üst etdi. Onun Müdafiə nazirini dəyişməsi, bir neçə generalı həbs etdirməsi, orduda “təmizləmə” aparması və s. əks effekt verdi. Ordu idarəçiliyindəki çürümə prosesinin daha da dərinləşdiyi və Müdafiə Nazirliyinin yeni rəhbərliyinin öz işinin öhdəsindən gələ bilmədiyi ortaya çıxdı.
Ən nəhayət, əhalinin, Rusiya cəmiyyətinin dövlətə, torpağa, orduya sahib çıxmadığı və ümumilikdə Putin hakimiyyətini özününkü hesab etmədiyi bir daha açıq göründü. Hələ işğalın ilk günlərində sıravi ukraynalılar əllərinə keçən hər şeylə rus qoşunlarına müqavimət göstərdi, ərazi müdafiə batalyonları yaratdı, könüllü olaraq döyüşə atıldı və s. Ukraynanın Kurska hücumu zamanı isə bunun tam əksi müşahidə olundu, nəinki kimsə könüllü olaraq müqavimətə qalxdı, döyüşdü və sair, əksinə, “kadırovçular” da daxil olmaqla, birbaşa vəzifəsi sərhədi, torpaqları qorumaq olan, buna görə böyük maaşlar alan hərbçilər, güc strukturları ilk andaca ya “dabanlarına tüpürüb qaçdılar”, ya da əsir düşdülər. Qaçan əhali haqlı olaraq hakimiyyəti ittiham edir və eyni zamanda da bu müharibədə Rusiyanın haqsız, onların hazırda yaşadıqları fəlakətin isə “bumeranq” olduğunu anlayırlar.
Bu, həm də Priqojin qiyamında olduğu kimi, növbəti dəfə əhalinin Putin hakimiyyətini öz hakimiyyəti hesab etmədiyini, aradakı dərin uçurumu üzə çıxardı. Nə hərbi komissarlıqlara, nə də əlində silah Kurska qaçanlar yoxdur, xalq-dövlət birliyi isə heç yoxdur. Və bütün bunlar bir daha Putin Rusiyasının böyük, lakin ləng, beyinsiz, keyimiş, içi boş, ən əsası isə aqibəti qaranlıq olan monstra çevrildiyini göstərdi...
“AzPolitika.info”