Qələmsiz yazılanlar - Rəşad Məcidin status-esseləri
Rəşad MƏCİD
"525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini
Prezident İlham Əliyevin sərəncamı böyük rəğbətlə qarşılandı: "Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə Natiq Səlim oğlu Qasımova "Azərbaycanın Milli Qəhrəmanı" adı verilsin (ölümündən sonra)".
Bir müddət öncə söylədiyim fikirləri xatırladım: "Britaniyalı rejissor Karan Sinqhin "Oğul" filminin qəhrəmanı, Birinci Qarabağ müharibəsinin əfsanəvi döyüşçülərindən olan Natiq Qasımov Əsgəran yaxınlığındakı məbəddə düşmənlə 5 gün təkbaşına mübarizə aparıb. Düşünürəm ki, azad Qarabağda tezliklə həyata keçirilməli işlərdən biri də yenilməz ruhlu Natiq Qasımovun 1992-ci ilin qışında günlərlə mühasirədə qalıb düşmənlə vuruşduğu o məbədi təmir edib muzeyə çevirmək olacaq. Ziyarətə gələnlər məbəd-muzeyin içərisində "Oğul" filminə baxa və divarlarda o məşum hadisəni əks etdirən şəkilləri görə biləcəklər".
lll
Qarabağ Universitetində çalışmaq arzusu gözəldir, hörmət və ehtiram doğurur. Amma tələblərə də diqqət yetirmək lazımdır.
lll
Neqativi götürən, Günəş kimi səhifə! Türkiyə qadın milli voleybol komandasının üzvü Zəhra Günəşin feysbuk səhifəsi işıq saçır.
Baxın, voleybol azarkeşi olun.
lll
"Yaşıl dünya naminə həmrəylik ili"dir.
Azərbaycan poeziyasında təbiətin saflığına, qorunmasına həsr olunan yüzlərlə şeir var. Hamısı da bir-birindən gözəl, təsirli.
Mənim yadıma son günlər tez-tez düşən gözəl şairimiz Eldar Baxışın "Yaşılım, yaşılım hara gedirsən?" şeiridir. Bu il "Yaşıl dünya naminə" adlı bir antalogiya hazırlasaq, ən aparıcı şeirlərdən də biri bu olar. Eldar Baxışı ehtiramla yad edək.
Ağac yaşılım,
hara gedirsən?
hara gedirsən,
yarpaq yaşılım?
Ot yaşılım,
hara gedirsən?
hara gedirsən,
kəpənək yaşılım?
Çəkdiyin bəs deyilmi
kiçik-kiçik danışan Böyük çillədən,
böyük-böyük danışan Kiçik çillədən
boz-boz danışan Boz aydan-
çəkdiyin bəs deyilmi,
Yaşılım,
yaşılım, hara gedirsən?
çiçək qanadından, ot qanadından
palıd qanadından, tut qanadından,
sallana-sallana hara gedirsən?
Yaya güvənirsən? Güvənmə yaya!
Yayın istisinin axırı yoxdur.
Yayın istisi də it günündədir.
atı var,
otu var, axuru yoxdur.
Baxsan bu istiyə, allanacaqsan,
sənə yol verəcək - yollanacaqsan,
böyründən-başından xallanacaqsan.
Yaşılım,
yaşılım, hara gedirsən?
Bu odun-istinin o tərəfində
o sarı zamanın sarı payızı,
o sarı payızın sarı küləyi,
o sarı küləyin sarı şilləsi
ağzını ayırıb səni gözləyir.
O sarı zamanın sarı payızı,
o sarı payızın sarı küləyi,
o sarı küləyin sarı şilləsi
sındıracaq səni, əyəcək səni,
düşəcək dalınca canavar kimi,
qurd kimi dağıdıb yeyəcək səni, -
Yaşılım,
yaşılım, hara gedirsən?
Getmə, qayıt geri, başına dönüm!
lll
Namaza duranlar qoymur yatmağa. Bir ucdan islami mesajlar gəlir...
lll
Pul xərcləmək üçündür. Toplayanda və saxlayanda kiber və digər cinayətkarların əlinə keçir.
lll
İndi unudulmaq asan işdir.
lll
ARB24-ün İran Prezidentinin helikopterinin qəzaya uğraması barədə bir neçə saatdan bəri canlı efirdə müzakirələr aparması, ən son xəbərləri anbaan çatdırması operativlik və yüksək peşəkarlıq nümunəsidir, təqdirəlayiqdir. Həmkarlarımızın fəaliyyəti ehtiram doğurur. Təşəkkürlər.
lll
Durumun nə qədər qorxunc və vahiməli olduğunu düşünmədən bayağı şərh və münasibət bildirmək heç kimə yaraşmaz. Qonşumuzda sakitlik olmasına, qəzaya düşənlərdən yaxşı xəbərlər gəlməsinə dua etmək ən insani addım olar.
lll
Yutub kanalı açmaq axı sizin nəyinizə lazımdır?
lll
Lazımsız, nəticəsi olmayan, ancaq mübahisə yaradacaq müzakirələrə rəvac vermək həm də bekarçılığın və mənəvi boşluğun təzahürüdür.
lll
Bu lazımsız mübahisə və müzakirələr məşhur Avstriya filosofu Otto Veyningerin "Cins və xarakter" kitabını yadıma saldı.
Dilimizə də tərcümə olunubmuş.
Şəhriyar Məmmədyarov da oxuyub yəqin.
lll
Heç kim intihardan sığortalanmayıb...
lll
Telefondan uzaq duran adamları başa düşmürəm, bəlkə də paxıllığım tutur.
lll
Dəyişən dünyayla ayaqlaşmaq, mümkün olmasa, razılaşmaq lazımdır.
Dünya təzə dünyadır.
lll
Zamanı ləngitməsən, yaşadıqlarının fərqində olmayacaqsan.
lll
Elə media subyektləri var, sanki bəd, mənfi yüklü xəbərlər istehsal edib tirajlamaq sahəsində "ixtisaslaşıblar". Neqativ yaymaqdan zövq alan belələri ən adi məişət hadisəsini, ən xırda münaqişəni elə hay-həşirlə təqdim edirlər, elə bil, dünyanın sonudur.
Bu tendensiyanın vüsət almasında Türkiyənin bir sıra televiziya kanallarının da mənfi təsiri var. Sanballı telekanallarda bəzən elə hadisələri "mühüm" xəbərə çevirib böyük həyəcanla təqdim edirlər, adamı heyrət bürüyür: sən demə, tülkü hinə giribmiş, boz dana bağ-bostanı viran qoyubmuş, nə bilim daha nə...
Ən pisi isə odur ki, belə xoşagəlməz nümunələr bizim ciddi saydığımız bəzi media orqanlarının da fəaliyyətinə sirayət edir.
lll
Əziz Xanım İsmayılqızıya unudulmaz, uzun illər yaddaşlarda xoş xatirə kimi qalacaq musiqili-şeirli "Ömrün Xanım fəsli" tədbirinə görə təşəkkür edirəm. Bu qədər dəyərli insanı, söz, sənət, incəsənət adamını bir yerə toplamaq, 3 saat ərzində xəfif xiffətlə dolu aləmə aparmaq, nostalji ovqat yaratmaq, gözəl duyğular bəxş etmək hər kəsə nəsib olmur.
Var olun, Xanım xanım!
Bir daha təşəkkürlər!..
lll
Kitab rəfindəki qalın, sanballı, dəyərli kitablara baxıb xəfif xiffət, nostalji hiss etmək və heyifsilənmək...
lll
Yalanı vaxtında cavablamaq lazımdır...
lll
- Hacinin oğlu olub!
Ötən əsrin 90-cı illərində səhər oğlanlarımın hay-küyünə yuxudan ayıldım. Soruşdum: "Haci, kimdir ki?"
Sən demə, "Qalatasaray"ın rumıniyalı futbolçusuymuş.
İndi Rumıniya-Ukrayna oyununda oğul Hacinin oynadığını gördüm.
Dünyaya gəlişiylə məni səhər yuxudan oyadan gənc indi məşhur futbolçu imiş.
lll
Nazir düz deyir, adamlarımızın bəziləri ya diqqətlə oxumur, ya da oxuduğunu anlamır.
lll
Ürəkdən sevinə bilmək də istedaddır, Tanrının lütfüdür.
lll
Əzmkarlıq, ruhdan düşməmək, sonacan mübarizə aparmaq vacib keyfiyyətlərdir və rəğbət yaradır. Futbol üzrə 2024-cü il Avropa çempionatının indiyəcən baxdığım oyunlarında bu keyfiyyətlərin ən bariz nümunəsini Portuqaliya və Danimarka millilərində gördüm.
lll
Kitabı indi sosial şəbəkələrin timsalında kollektiv düşüncə məhsulu əvəzləyib. Hansı maraqlı və ya gərəklidir: bir adamın ağıllı düşüncələri, yoxsa minlərlə insanın absurd və fərqli sayıqlamaları?
lll
Əgər sənin obyektivliyin və peşəkarlığın insanların göz yaşlarına səbəb olursa, onları zədələyirsə, düşünməlisən. Hərdən ürəyi də dinləmək lazımdır.
lll
Azarkeş sevgisi sürüşkən olur. Məğluba aman vermir.
lll
"Lider doğulurlar, yoxsa lider olurlar?" Bu sualın konkret cavabı yoxdur. Kimi liderliyin doğuşdan gələn bir xüsusiyyət olduğuna inanır, kimi də bunun zamanla formalaşdığını deyir. Mən birincilərdənəm. Əzmin gücünə sayğım böyük olsa da, istisnaların varlığına, bəzi şeylərin dəyişdirilə bilmədiyinə inanıram. Liderlik bacarığının da həmin istisnalardan biri olduğunu düşünürəm".
Aytac Sahədin qənaətləriylə razıyam. İnformasiya bolluğunda düşünməyə sövq edən belə yazılar yazdığına görə ona təşəkkür edirəm.
lll
Bütün sualların cavabını keçmişdə tapmaq mümkündür.
lll
Son iki gündə Mətbuat Şurasında tanınmış jurnalistlər - Hidayət Elvüsalın 75, Şərif Kərimlinin 70 illik yubiley tədbirləri keçirildi. Həmkarları və dostları yığışdı, xatirələrini bölüşüb xoş sözlər söylədilər.
Bir daha təbrik edirlər!..
lll
Sosial şəbəkə profili də qayğı tələb edir. Açmısansa, gərək nəzarət də edəsən...