Saakaşvili toksikoloji analizdən imtina edib? - Ədliyyə Nazirliyinin açıqlamasını eks-prezidentin vəkili təkzib etdi

29/11/2022 - 22:29

Gürcüstanın ədliyyə naziri Rati Breqadzenin sözlərinə görə, eks-prezident Mixail Saakaşvili Samxarauli Ekspert Bürosunun əməkdaşları tərəfindən toksikoloji analiz aparılmasından imtina edib.

Qafqaz.media xəbər verir ki, bu məsələ siyasətçinin vəkillərindən olan Valeri Gelbaxiani Saakaşvilinin zəhərlənməsindən şübhələndiyini bildirdikdən sonra aktuallaşıb.

Breqadzenin dediyinə görə, bu məlumatın dərcindən sonra Ədliyyə Nazirliyi Ekspert Bürosundan toksikoloji ekspertiza keçirilməsini xahiş etsə də, Saakaşvili bundan imtina edib.

Brifinqdən sonra Saakaşvilinin vəkili Şalva Xaçapuridze Formula TV-yə bildirib ki, Saakaşvili ekspertizadan imtina etməyib və ekspertlərdə müvafiq sənədlər yoxdur.

Onun sözlərinə görə, ekspertlər qanunvericiliyə uyğun olaraq ekspertiza üçün sənədlər hazırlamağa çağırılıb. Xaçapuridze bildirib ki, bundan sonra toksikoloji analiz aparmağa gələn olmayıb.

Qafqaz.media