Sabahın havası: 30-35 dərəcə isti
Sabah ölkə ərazisində 30-35 dərəcə isti olacaq.
Bu barədə Publika.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 20-23° isti, gündüz 28-33° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80 %, gündüz 40-50 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Axşam tədricən kəsiləcək. Gecə və səhər arabir duman. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 18-22° isti, gündüz 30-35° isti, dağlarda gecə 8-13° isti, gündüz 15-20° isti olacaq.