"Sarı köhlənlər" niyə dünyanın ən qiymətli at cinsidir? - VİDEO

11/10/2024 - 07:48

"Baku" TV-də Azərbaycanın rəmzlərindən biri olan Qarabağ atları haqqında "Qızılı miras" adlı araşdırma materialı yayımlanıb. Publika.az xəbər verir ki, araşdırmada dünya şöhrətli "Sarı köhlənlər"in keçmişdən bu günə qədər olan tarixinə nəzər salınıb. Həmçinin mütəxəssislər Qarabağ atlarını digər at cinslərindən fərqləndirən xüsusiyyətlərə, o cümlədən onların üstün keyfiyyətlərinə, bu atların qızılı rənginin özəlliyinə aydınlıq gətiriblər. Qarabağ atları üzrə mütəxəssis Yaşar Quluzadə bildirib ki, adıçəkilən atların öz xüsusiyyətləri, bədən ölçüləri, özlərinə xas rəngləri var. Bu özəlliklərlə Qarabağ atlarını rahatlıqla ayırd etmək mümkündür. Müasir Qarabağ atları 144-154 santimetr hündürlüyə, orta uzunluqda boyuna, kiçik başa, dərin və geniş sinəyə, yaxşı inkişaf etmiş əzələlərə sahibdir. Bu cinsə aid olan atlar dəqiq və sürətli hərəkətləri, ahəngdar bədən quruluşları ilə seçilir. Məhz bunun sayəsində folklorda Qarabağ cinsindən olan atları ahu və ya ceyrana bənzədiblər. Bəzi ərəb mənbələrində 8-ci əsrdə Azərbaycan ərazisində qızılı atların geniş yayıldığı haqda məlumatlar var. Yazılı mənbələrdə o da qeyd olunur ki, ərəb istilaçıları Azərbaycandan 60 min qızılı atı Ərəbistana aparıblar. Qarabağ atının adı ilə bağlı maraqlı bir məqam da var. Sovet dövründən qalma fikir belədir ki, sözügedən atlar Qarabağ xanları tərəfindən əhlilləşdirilərək yetişdirilib. Buna görə də adı Qarabağ atıdır. Bu zaman belə təəssürat yaranır ki, sanki sözügedən cins 250 il bundan əvvəl ortaya çıxıb. Lakin bu kökündən yanlış fikirdir. Tarixçi Paşa Həsənli bildirib ki, Rusiya Azərbaycanın şimal ərazilərini işğal edəndən sonra Sankt-Peterburqda, Parisdə və başqa Avropa şəhərlərində sərgilərə bu atları aparmaq istəyiblər: "Proses Qarabağ xanlığının ərazisində baş verdiyinə görə və məhz bu xanlığın ərazisindən Avropa şəhərlərinə atlar aparıldığı üçün ruslar tərəfindən "Qarabağ atı" adı formalaşdırılıb. Amma rus və məşhur digər müəlliflərin hər biri 19-20-ci əsr yazılarında Qarabağ atları barədə yazanda mütləq şəkildə qeyd edirlər ki, həmin atlar vətənlərində "köhlən" adlandırılır. Xalq arasında isə onlara "sarılar" deyirlər".

Ətraflı süjetdə:

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Faktiki hava açıqlanıb
18/11/2024 - 10:03
Xoşbulağa qar yağdı - Video
17/11/2024 - 15:03
Sabah qar yağacaq
16/11/2024 - 13:01
Bu xanımlara vəzifə verildi
16/11/2024 - 13:00