Uşaqların sevdiyi Ələkbər əmi... - Fuad Biləsuvarlı yazır

01/08/2024 - 19:02

       Kim necə fikirləşir-fikirləşsin: uşaqlar üçün nəsə yazmaq, tamaşa göstərmək, mahnı bəstələmək, böyüklər üçün yazılanlardan qat-qat çətindir. Bunun üçün uşaq psixologiyasına dərindən bələd olmalısan. Yoxsa istədiyinə nail ola bilməyəcəksən. Bir əsrin dörddə biri qədər belə bir xeyirxah işin öhdəsindən gəlmək, uşaqlara sonsuz sevinc bəxş etmək hər adama qismət olurmu?!
      Belə birisi var idi. Uşaqların, elə böyüklərin də sevdiyi, hər çıxışını səbrsizliklə gözlədikləri Azərbaycan Respublikasının Əməkdar artisti Ələkbər Hüseynov, Ələkbər əmi... Kiçik tamaşaçıları onu " Ələkbər əmi" adıyla daha tez tanıyırdılar. Ancaq bu istedadlı aktyorun özü də, yaşlılar da bu ada daha çox öyrəşmişdilər. Kim idi Ələkbər əmi?! Tərcümeyi-halına nəzər salırıq.
      Ələkbər Adıgözəl oğlu Hüseynov.
1961-ci ildə Bakı şəhərində dünyaya göz açmışdı. O da bütün yaşıdları kimi orta məktəbə getmişdi. Ürəyində Vətəninə, xalqına şərəflə xidmət etmək kimi, nəcib hisslərlə böyümüşdü. Sonra yolunu ürəyinin hökmü ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən salmışdı. Dram və kino aktyorluğu fakültəsində aktyor sənətinin sirlərinə yiyələnmişdi. O illərin gözəl ənənələri vardı.
Aktyorluq kimi yaradıcılıq ixtisasını seçənlər ilk əmək fəaliyyətinə əsasən əyalət mədəniyyət ocaqlarından başlayır, "bişib - bərkiyir",  sonra mərkəzə - daha geniş məkana üz tuturdular. Ələkbər Hüseynovun da əmək yolu Şəki Dövlət Dram Teatrından başladı. Düz beş ildən çox çalışdığı bu sənət məbədində gənc aktyorlar kimi yaratdığı obrazlarla Şəki tamaşaçılarının zövqünü oxşaya bildi. Teatr səhnəsində atdığı ilk peşəkar addımlar, artıq  püxtələşmiş təcrübəli həmkarları ilə eyni səhnəni bölüşmək onun özünə olan inamını artırdı. Gənc aktyor Ələkbər Hüseynov tamaşalarda rol aldığı rolları ilə özünü tamaşaçılara sevdirə bildi. Şəki Teatrında topladığı təcrübə onun gələcək uğurlu karyerası üçün ən yadda qalan illər oldu. Son dərəcə istedadlı, öz tükənməz, qurub-yaratmaq enerjisi ilə yaşayan Ələkbər Hüseynova 1988 - ci ildən Abdulla Şaiq adına Kukla Teatrında aktyor kimi fəaliyyətini davam etdirmək qismət oldu. Və istedadlı aktyor Ələkbər Hüseynovun " Ələkbər əmi" dövrü başladı. Ələkbər əmi Kukla Teatrının səhnəsində yaratdığı rollarla təkcə balaca tamaşaçılarının deyil, onların valideynlərinin də rəğbətini və alqışlarını qazana bildi. Hər tamaşadan sonra surəkli alqışlar Ələkbər əmini yeni-yeni uğurlara səsləyirdi. Hər bir teatrın, hər bir rejissorun, hər bir aktyorun öz dəsti-xətti var. Ələkbər Hüseynov da çalışdığı bu yeni məkanın ab-havasına tez alışdı. Hətta bir çox beynəlxalq festivalların laureatı oldu. Bu, çox böyük uğur idi. Çox keçməmiş Ələkbər Hüseynovun Polşa Respublikasının " Təbəsüm" ordeninə layiq  görülməsi gələcək daha böyük karyeradan xəbər verirdi. Bu təltifi daha maraqlı edən isə qərarın balaca tamaşaçılar tərəfindən verilməsi idi. Deməli, Ələkbər əmi yaratdığı obrazlarla balaca fidanların ürəyinə yol tapa bilmişdi. Azərbaycan televiziyasından dəvət alanda Ələkbər Hüseynov bir daha inandı ki, artıq o, bir aktyor kimi özünü təsdiq edə bilmişdir. Azərbaycan televiziyasının əməkdaşı Səyyarə Tağıyevanın təklifi ilə " Göydən üç alma düşdü" adlı verilişində birgə çalışdılar. Sonra isə " Hər birimiz bir çiçək" verilişini araya-ərsəyə gətirdilər. Azərbaycan televiziyasında  Ələkbər əmi  uşaqlar üçün nəzərdə tutulmuş " Hər birimiz bir çiçək " verilişinin aparıcısı oldu, körpələr tərəfindən sevilən bu verilişə rəngarənglik gətirdi. O, illərdə elə mən özüm də bu verilişi maraqla izləyənlərdən biri idim. Çünki uşaqlığımızın gözəl xatirələrindən biri də həmin veriliş idi. Yadıma gəlir ki, uşaq vaxtı Xalidə nənəm həmişə mənim yeməyimi yedirdəndə çox vaxt yeməyimi yemirdim. Məni qorxuzurdu ki, bax, Ələkbər əmiyə deyəcəm ha, yeməyini yeməsən. Yəni o dərəcədə Ələkbər əmini çox istəyirdik ki, onun verilişi ilə yuxuya gedib, yuxudan oyanardıq. 2000 - ci ildə Ələkbər Hüseynov Əməkdar artist fəxri adına layiq görüldü. Bu, onun əməyinə verilmiş çox yüksək qiymət idi. 2006 - cı ildən Ələkbər Hüseynov Kukla Teatrının baş rejissoru idi. Bu teatrın məsuliyyətinin çox böyük hissəsi onun üzərinə düşmüşdü. Gündəlik tamaşalar, qastrol səfərləri bir-birindən maraqlı keçirdi. Ən əsası teatr truppası baş rejissora inanırdı. Yaradıcı adamlar üçün vaxt qıtlığı həmişə mövcud olub. Amma Ələkbər Hüseynov hər şeyə vaxt tapa bilirdi. Teatr fəaliyyətindən başqa dəvət aldığı filmlərdə də çəkilirdi. " Yaşıl eynəkli adam",  " Analar",  " Etiraf",  " Bala başa bəla",  " Təsadüfi görüş", " Bir anın həqiqəti" filmlərində canlandırdığı obrazlarla adını kino tariximizə yaza bilmişdir.
Kukla teatrında repertuar zəngin idi. Bu tamaşalarda əsas rolların iştirakçılarından biri artıq tamaşaçılar tərəfindən tanınan və sevilən Ələkbər əmi - Ələkbər Hüseynov idi. Bəzən bir tamaşada bir neçə rolu ifa etmək lazım gəlirdi. Və Ələkbər əmi bu vəzifələrin öhdəsindən layiqincə gəlirdi. Ələkbər Hüseynovun iştirakı ilə " Tıq-tıq xanım",  " Keçəlin toyu", " Qar qız" tamaşaları körpələrə minbir sevinc bəxş edirdi. Çox təəssüf ki, belə bir istedadlı aktyorun ömür və sənət yolu çox qısa oldu. Cəmi 46 il ömür yaşadı Ələkbər əmi. Onun düz 24 ilini peşəkar aktyor kimi səhnədə oldu, alqışlandı.
2007 - ci ildə uzun sürən ağır xəstəlikdən dünyasını dəyişən Əməkdar artist Ələkbər Hüseynov tez-tez xatırlanır. Tamaşaçıları, sənət dostları, övladları tərəfindən.
     Səhnə onun həyatı idi. O, bu həyatı qısa da olsa, kişi kimi yaşadı. Ürəklərdə iz qoydu. Yerin behişt olsun, Ələkbər əmi...

Xalq artisti, diktor Şərqiyyə Hüseynova onun yoxluğunu hamı üçün ağır itgi hesab edir:

" O, uşaqların yaxın dostu idi. Uşaqlığı demək olar ki, elə bizdə mənim qucağımda keçib. Çox mehriban, istedadlı insan idi. Onun yoxluğu nəinki, qohumları, yaxınları üçün, həmçinin uşaqlar üçün ağır itgidir. Uşaqlar ilə rahat dil tapmasına səbəb özünün uşaq kimi məsum olması idi. Ələkbər, Polşa kapitulasının verdiyi "Gülüş" ordeninə layiq görülən yeganə azərbaycanlı idi. Bu ordenin sahibləri S. Abrazsov, M.Teyçer, A. Linqrin kimi insanlar olub. Bu gün telekanalların sayı çoxdur. Oradakı uşaq verlişləri də maraqsız deyil. Lakin heç birinin aparıcısı Ələkbər kimi uşaqları ələ ala bilmir. Bu gün onun yeri görünür".

Hər kəslə dil tapa bilən insan

Xalq artisti Səidə Quliyeva “Mən Ələkbərlə yaradıcılıq ünsiyyətində olanda o, artıq hörmətli və daha çox uşaqların sevimlisi olan aktyor idi”, - deyə xatırlayır: “Əli Əmirlinin “Bala başa bəla” tamaşasında onunla işlədik. Ona qədər isə Ələkbəri bir aktyor kimi tanıyırdım. Hətta Şəki Teatrında işləyərkən də onu izləyirdim. Maraqlı və orijinal bir aktyor idi. Onun bənzəri yox idi, rəngarəng rollar oynayırdı. Bu da məni cəlb etmişdi. “Bala başa bəla” tamaşasına dəvət alanda və biləndə ki, oğlumu Ələkbər oynayacaq, bir az tərəddüd etdim. Mən ondan cəmi 4-5 yaş böyük idim. “Şərif Qurbanəliyevlə Ramiz Həsənoğlu necə olub ki ana rolunu mənə, oğlumu da ona veriblər?”- deyə təəccübləndim. Amma əsəri oxuyandan və məşq prosesindən sonra gördüm ki, yaş fərqi görünməyəcək. Tamaşaçı da “O qədər cavan analar var ki…” - deyə o fərqə varmadı. Biz bu nöqteyi-nəzərdən yanaşdıq və mənə elə gəlir ki, uduzmadıq. “Bala başa bəla” tamaşasının çəkilişləri zamanı dörd ay məşq elədik. İndi demək olar ki, belə məşqlər olmur. Bir ay ərzində hər gün çəkildik”. S.Quliyeva həmkarının xarakterindən danışaraq, onun mülayim təbiətli insan, hər kəslə dil tapa bilən şəxs olduğunu deyir: “Çəkiliş meydançasından çıxanda artıq gec olurdu. Biz evə bir qayıdırdıq. Yol boyu onun xarakterini daha yaxından öyrənirdim. Ələkbər hamı ilə öz dilində danışmağı bacarırdı. Amma özünə qarşı həddindən artıq sərt idi. Uşaqlar onu çox sevirdilər. Dünyasını dəyişəndə uşaqlar ağlayırdılar, bu xəbərə inanmaq istəmirdilər. Ələkbər “Təbəssüm” ordeni ilə təltif olunmuşdu. Dünyanın bir çox məşhur insanları bu ordenə layiq görülüb. Ələkbərin belə bir yüksək mükafata layiq görülməsi ölkəmiz üçün də böyük hadisə idi. Ancaq ordeni alandan sonra cəmi 20-25 gün yaşadı”.

“Sanki iki daşın arasında qalmışdı”

“1987-ci ildə Kukla Teatrına baş rejissor təyin olunduqdan sonra Ələkbər Hüseynovu teatra dəvət etdim” - deyə rejissor Namiq Ağayev xatırlayır: “Onda Ələkbər Şəki Teatrında işləyirdi. Eyni zamanda, Hüseynağa Atakişiyevin Gənclər Teatrında çalışırdı. Sanki iki daşın arasında qalmışdı. Gənclər Teatrı da ağır sənət yeri idi, Kukla Teatrı da gərgin zəhmət tələb edirdi. Ələkbər səhhəti ilə əlaqədar iki teatrdan birini seçməli idi. Həkimlər ona bu qədər işləməyi məsləhət görmürdülər. Çünki artıq ağrıları vardı və əməliyyat olunmuşdu. O, sonunda Kukla Teatrını seçdi. Biz onunla “Pəri cadu” tamaşasını hazırladıq, baş rolda oynadı. Ələkbərlə kukla sənətinə adaptasiya dövrü keçirdik. Çünki dram teatrından gələn rejissor yarı canlı, yarı kukla istifadə etməklə bağlı bir adaptasiya dövrü keçir. Biz bu mərhələni birlikdə adladıq. Teatrda Oqtay Dadaşov, Şahmar Hüseynov, Ruslan Həsənov, Mansur Mansurov kimi ustadlar vardı, onlar da təcrübələrini Ələkbər əmi ilə paylaşdılar və biz böyük nailiyyətlər əldə etdik. Onu sanki transfer edilmiş futbolçu kimi komandaya yerləşdirmişdim. Sonradan başqa əsərlərdə də rol aldı. O, dünya mədəniyyətini öyrənməyə çalışan insan idi. Gözəl musiqi qabiliyyəti də vardı. Nağara, saz çalmağı, nəlbəkilər üzərində ifa etməyi öyrəndi. Biz çox festivallara dəvət alırdıq. Sonra o, mənsiz də “Bülbül” və “Keçəlin toyu” tamaşaları ilə Avropanı dolaşdı. Onun tamaşaları bir sıra beynəlxalq festivallarda birincilik qazandı. Sonra da Polşanın “Təbəssüm” ordeninə layiq görüldü. Bu medalı ona şəxsən birinci xanım Mehriban xanım Əliyeva təqdim etdi. Bu, böyük şərəf idi”. 

“Dəyərli dost və gözəl insan idi”

Əməkdar artist Rəhman Rəhmanov deyir ki, Ələkbər Hüseynov Kukla Teatrına gələndə ilk dəfə onların truppasında işləyib: “Biz onunla son günə qədər yaxın dost olmuşuq. İlk dəfə qastrola da mənimlə gedib. Bir neçə ölkəni gəzdik. Hər səfərdə onun nə qədər istedadlı aktyor olduğuna heyran olurdum. Sonra bir çox tamaşalarda bir yerdə oynadıq. Tehranda Ümumdünya Kukla Teatrları Festivalında “Oxay və Əhmədin nağılı” ilə qalib olduq. Dəyərli dost və gözəl insan idi”.

Hazırladı: Fuad BİLƏSUVARLI, AYB üzvü, AJB üzvü, Prezident mükafatçısı 

Qafqaz.Media 

                                                                             

                                                                         

                         

                                                                               

 

                                                                   https://newstube.az/embed/168774r

 

 

 

 

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Rasim Abdullayev vəfat etdi
26/11/2024 - 11:37
Cücə şorbası - Hekayə
19/11/2024 - 22:18
Nöqtələr...- İradə Əlili
13/11/2024 - 08:04