Şuşaya oxuduğum şeir - Günel Natiq yazır

09/11/2024 - 16:10

Ömrün vaxtın fərqinə vardığımız anları idi, ona görə itkilərimiz çox idi. Uşaqlıq xatirələrimiz, uşaqlıq dostlarımız, bizi mehribanlıqla dindirən, cibimizə qovut tökən nənələr...

Bir də yurdlari itirmək də var idi taledə. Yurd itkisimi daha oncə başladı, yoxsa insan itkisimi, bilmirəm, amma onda anladiq ki, əbədi deyil heç nə. Amma bunun fərqinə varmaqmı ağır oldu, yoxsa o ayrılığı yaşamaq- deyə bilmərəm.

Sevincli- kədərli günlər yox idi, Şuşali günlər vardi, Şuşasız günlər vardi. Natəvanın büstünün yurd yerinin torpağından güc alan vaxtı və üz -gözündən güllə yarası alaraq böyük bir şəhərin kimsəsiz qələbəliyində yol gözləyən çağı vardı. Bizim pis günlərimiz olmadı- o heykəllərin önündən başıaşağı keçdiyimiz günlər oldu. Əgər hesaba alsaq, sevincli günlərimizin sayı neçə olar görən?

Şuşaya gedirik. Məsafə qısaldıqca həyəcanımız daha da artır. Qarabağda heç vaxt olmamışam. Pəncərədən seyr etdiyim mənzərələr nə vaxtsa eşitdiyim, amma çözə bilmədiyim məqamlara işıq salır. Bu yerlərin təbiətini seyr etdikcə, düşünürəm ki, qarabağlı dostlarımın xarakterini indi daha yaxşı anlayıram. Çünki insanlar öz yurdlarına bənzəyir.

İlanvari yollarla Şuşaya qalxdıqca yurd bütün möhtəşəmliyilə görünür. Nazim Hikmət deyir, okeanları görmək yox, yaşamaq lazımdır. Həmin ovqatdayam. “İgidlərimiz bu sıldırım qayalarla dırmaşaraq Şuşanı alıblar” deyir heyranlıqla yol yoldaşım.

Payızı o qədər sevirəm ki Şuşanı da ilin- günün bu çağı görmək istəyirdim. Avtobusdan payıza düşdüm- Şuşanın payızına. Xəfif duman bürümüşdü dağları, amma darixdığımızı bildiyindən gözəl üzünü niqabin arxasında gizləmirdi. Beləcə baxa- baxa qalmışdiq Şuşanin hüznü camalına.

Tədbirdən əvvəl dəyərli yazar dostlarımız Aləmzər Sadiqqızı və İradə Aytellə Şuşanın küçələrini gəzirik. İçimdə belə bir hiss var ki əsl vətənimə gəlmişəm. Sanki bütün həyatım burda keçib. Əslində belə deyilmi? Bu illər ərzində ruhumuz bu torpaqlardan heç ayrılmayıb. Elə hey Şuşanın başı dumanlı dağlarını soraqlamışıq.

 Şuşa 28 ildə çətin günlər yaşayıb. Güllə yarası almış tikililər, uçuq evlər, şüşələri sındırılmış eyvanlar da bunu təsdiqləyir. Amma ürəyim rahatdır. Çünki hər daşın altından bir tarix çıxır və “qorxmayın, mən burdayam” deyir. Şuşa öz əzəlki missiyasını yerinə yetirir- qoca tarixə sahib çıxır.

Şairə İradə Aytelin fikri kolların, bitkilərin sıxlaşdığı, baş-başa verdiyi yaşıllığın, böyür- böyürə bitmiş güllərin yanında qalıb. Gözü yol çəkir və sanki nəsə axtarır.

-Nə axtarırsan, ay İradə Aytel?

-Xarıbülbülü axtarıram...

2020-ci ilin soyuq noyabr günündə Şuşadan göndərilən video çəkiliş yadıma düşür. Həmin görüntülərdə Şuşada döyüş yolu keçmiş əsgər Əjdər sevimli şairi üçün Xarıbülbülü aramışdı. Döyüş yoldaşı “İlin günün bu vaxtı Xarıbülbül olmur axı, yazda dərib göndərərsən”, deyəndən sonra Əjdər Şuşa baharının ətrini burnunda hiss edib toxdamışdı.

Yenə payız günüdür. Xarıbülbül yoxdur. Amma yazda mütləq çiçəkləyəcək və onun ətri ilə itkilərimiz geri qayıdacaq.

                                                  **

 

Səfərqabağı dostlara demişdim ki, Şuşaya şeir oxuyacam. Bu illər ərzində içimizdə bu qərib vətənə o qədər söz- sovumuz yığılıb qalıb ki.

Şuşanın məhrəm bir yerinə çəkilirəm. Sarı rəngdən don biçmiş ağaclar, sal daşlar. Qarşıda bəzən əzəmətli, bəzən isə kövrək görünən dağlar. Hansı şeiri oxuyacağımı düşünərkən Ramiz Rövşənin “Ayrılıq” şeiri ağlıma gəir.

Yenə bu şəhərdə üz- üzə gəldik

Neyləyək, ayrıca şəhərimiz yox…

Üz-üzə gələcəyimiz şəhərimiz var artıq. İllərdir yolumuzu gözləyən və qovuşduğumuz şəhərimiz var. Hər addımda doğmalara rast gələ biləcəyimiz şəhər.

Bir an auditoriyanın qarşısındaymışam kimi duruxuram, sonra hansı şeiri oxuyacağımı götür-qoy edərkən İradə Aytel məni səsləyir:

-Günel, bəri gəl, hamı getdi ey.

 

Bir anlıq hansı yolla gedəcəyimizi kəsdirə bilmirik. Sonra yolun bir ucundan tutub gedirik. Və birdən xəzan selinə düşürük. Sanki təbiət bir bəhanəylə bizi bura çəkərək ruhumuzu oxşamaq istəyib.

Fəsillərdən ən çox payızı sevirəm. Payızın sükutunu, müdrikliyini, düşüncəli halını. Bu, hər zaman axtardığım, ruhumla harmoniyada olan əsl payız idi. Ən gözəl payız Şuşanın payızıymış! Bizə qıymadığından soyuq üzünü göstərməyən, amma hərdən sərin yelinin doğmalıqla gəlib üzümüzü oxşadığı payızı.

Sarı yarpaqları əlimizə alıb baxırıq. Sarı yarpaq deyil bu, sarı məktublardır. Şuşanın gəlmişindən-keçmişindən danışan, boyatlaşan ömürlərin hekayətini yazan, Şuşa həsrətiylə dünyadan köçənlərə ağı deyən sarı məktublar. Sarı məktubları oxumağa dalırıq. Nələr var bu məktublarda. Kədər var, ağrı var, boyatlaşan ömür var.

Həmin xəzan bağında Üzeyir bəyin abidəsi qarşılayır bizi. Yaxınlaşıb ehtiramlı sükuta qərq oluruq. Bu yerlərin sükutunda izaholunmaz bir hüzur var. Sanki torpaq uğrunda ölən igidlərin hekayətini öz bağrında gizləyib müdrikcəsinə susur.

Sarı məktubları daş kürsüdə hüzurlu görünən Üzeyir bəyə əmanət edib yola rəvan oluruq.

Hasarla dövrələnmiş qədimi tikilini görəndə Şuşa qalasına çatdığımızı anlayırıq. Nədənsə Şəhriyar del Geraninin bu misraları yadıma düşür:

Qəfildən qapın döyülə

Açıb görəsən ki uşaqlığın gəlib.

Döndüm baxdım və...

Və uzun ətəkli nənələr gördüm, çal papaqlı ağsaqqallar gördüm, Cabbar Qaryağdıoğlunu gördüm, Natəvanı gördüm, Üzeyir bəyin uşaqlığını gördüm, əcdadlarımızı gördüm, itirilmiş vaxtı gördüm... Və hər baxdıqca itkilərimdən nələrisə tapdığımın fərqindəydim. Bu llər ərzində Dövlət Radiosunda yüzlərlə qərib soydaşımızın həyat hekayətini yazmışdım. Onların hər biri mənim hisslərimlə qarışmış və bir bütövə çevrilmişdi. Həmin itkilər qayıdırdı məlhəm kimi, təsəlli kimi...

                                                                       **

 

Orta Asiyadan gələn gənc şair qiraətdən sonra kənara çəkilib sakitcə durub. İradə Aytellə yaxınlaşıb şeir üçün ona təşəkkür edirik.

-Şuşa sizə necə təsir bağışadı?

-Gözəldir. Amma böyük ağrı hiss etdim,- deyir orta asiyalı şair kədərlə. Sonra fikirli-fikirli əlavə edir:- Mən bir plakat gördüm. Orda yazılıb ki, fəxr edirəm ki azərbaycanlıyam. Vətənlə fəxr etmək doğrudan çox gözəldir.

Qaş qaralırdı. Vaxtımız lap az qalsa da, dar macalda Cıdır düzünə üz tuturuq. Ora varmaq üçün daşlı-çınqıllı yola rəvan oluruq. Günün sonundakı yorğunluq özünü göstərir, yol yoldaşımız olan əslən cəbrayıllı nur üzlü yaşlı bir xanım yarı yolda daşın üstündə oturur, təəssüflə “gedə bilmirəm” deyir. “Siz gedin. Ayaqlarım yaman ağrıyır”.

-Mənim də ayaqlarım ağrıyır,- İradə deyir.

-Mənim də,- bunu mən deyirəm.

Amma Cıdır düzünə çıxmalıydıq. Həyəcanla irəliləyirik. Qarşıda üzünü görmədiyimiz, amma ruhən bağlı olduğumuz və ona qovuşmaq üçün çox itkilər verdiyimiz doğmamız var.

Cıdır düzü lal sükuta bələnib. Dağlar yerə göyə meydan oxuyur. Şuşada yaşamaq gözəldir, deyə düşünürəm, çünki dağlar kimi arxan var.

Bu an diqqətimi yaşlı xanım çəkir. Qayanın üstündə oturub heyranlıq və xiffətlə dağlara baxır.

-Deməli, heç nəyə baxmayaraq, gəldiniz?- deyirəm.

-Hə, gəldim, gəldim...- deyir gözlərini dağlardan ayırmadan.

Qayıdanbaş Vaqifin məqbərəsinə baş çəkirik.

-Bəs baş əymədiniz?

-Əymədim, bəli! Əyilməz vicdanın böyük heykəli!

“Vaqif” pyesindən məşhur dialoqu xatırlayıb İradə Aytellə deyişirik.

-Mən məktəb tamaşasında Xuraman rolunu ifa etmişdim,- deyir İradə.

Mən də son imtahandan bu dialoqa görə əla qiymət aldığımı xatırlayıram. İtirilmiş vaxt geri qayıdır.

Cıdır düzündən gələn yolda balaca bir tikili görüb ayaq saxlayırıq. Üstünə lövhə vurulub:

“Seyid Əhməd məscidi”.

28 ildə Allahın da yadından çıxmış kiçik məscid. İçəri boylanıb illər əvvəlki ovqatı hiss etməyə çalışıram.

Şair İqbal Nəhmət  hansısa bağdan iki alma dərib gətirir. Bir dişləm vurandan sonra indiyədək yediyim ən şirin alma olduğu qənaətinə gəlirəm. Şuşanın alması nə şirin olurmuş!

Yol yoldaşımız olan gənc şairə qızlar Şuşa almasının dadına baxa bilmədikləri üçün heyifsilənəndə İradə Aytel öz payını onlarla səxavətə bölüşür:

-Heç olmasa az da olsa dadın bu almadan.

Qızlar almadan dadıb alma kimi şirin təbəssümlə gülümsəyirlər.

Getmək vaxtıdır. Şuşaya oxuduğum şeiri özümdən ixtiyarsız pıçıldayıram:

Yenə bu şəhərdə üz üzə gəldik

Neyləyək, ayrıca şəhərimiz yox.

Hiss edirəm ki indiyə qədər içimdə yarımçıq qalmış hissələr pazl kimi öz bütövünə qovuşdu. Və heç vaxt hiss etmədiyim hüzurla Şuşadan ayrılırıq...

Ayrılmaqmı? Yox, artıq bu şəhərdə tez- tez üz-üzə gələcəyik...

Günel NATİQ

Qafqaz.Media 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

GÜNÜN MÜBARƏK,SUMQAYITIM!
23/11/2024 - 15:56
Onu da həbs gözləyir
19/11/2024 - 23:52
Azərbaycanlı alim vəfat edib
19/11/2024 - 23:44
Uşaqlarda inkişaf ləngiməsi
19/11/2024 - 14:20