Türk tarixinin izi - Qərbi Azərbaycan Xronikası + VİDEO
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə “Baku TV”də “Ermənilər tərəfindən dəyişdirilən Qərbi Azərbaycan toponimlərinin tarixi və etimologiyası” adlı süjet hazırlanıb.
“Report” xəbər verir ki, süjetdə “ad dəyişmə terroruna” məruz qalan Ağdaban, Ağdamlar, Ağdaş, Ağdərə, Ağadərəsi toponimləri, eləcə də Ağdağ, Ağdan oronimləri haqqında söz açılır.
Bildirilir ki, orta əsrlərdən etibarən Cənubi Qafqaza gələn ermənilər əvvəlcə saxta tarix kitabları yazıb özlərini regionun aftoxton sakinləri kimi qələmə verib, mövcud toponimləri dəyişdirməklə məşğul olublar.
Ağdaban - Zəngəzur mahalının Sisyan rayonu ərazisində kənd olub. Bazarçayın sağ sahilində yerləşib.
Ağdağ - Dərələyəz mahalının Keşişkənd, yəni Yeğeqnadzor rayonunda dağ adıdır. Hündürlüyü 1897 metr olan oronim qədim türk dilində “uca, hündür” mənasında işlənən “ağ” sözü əsasında yaranıb.
Ağdamlar - Gərnibasar mahalının Qəmərli, yəni Artaşat rayonunda kənd olub. Burada 1897-ci ildə 39 nəfər azərbaycanlı yaşayıb. XX əsrin əvəllərində ermənilərin təcavüzü nəticəsində azərbaycanlılar deportasiya olunub və kənd ləğv edilib. Ağdan - Şəmşəddil mahalının Karvansaray, yəni İcevan rayonunun Ağdan kəndində çay adıdır və Ağstafa çayına tökülür. Ağdaş - Loru mahalının Allahverdi, yəni Tumanyan rayonunda kənd adıdır. Kənd XIX əsrdə dağıdılaraq əhalisi Axtala və Şamlıq kəndlərinə köçürülüb. İndi xaraba kənddir. Ağdərə - Dərələyəz mahalının Keşişkənd, yəni Yeğeqnadzor rayonunda kənd olub. 1831-ci ildə 78 nəfər, 1897-ci ildə 3 nəfər azərbaycanlı yaşayıb və XIX əsrin sonlarında ləğv edilib. Ağadərəsi - Qırxbulaq mahalının Ellər, yəni Kotayk/Abovyan rayonunda kənd adıdır. 1905-1906-cı illərdə azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya olunub. 1946-cı ildə kəndin adı dəyişdirilib Katnaxpyur, yəni Südlü bulaq qoyulub. Sonda vurğulanır ki, qondarma tarix yaratmaq üçün hayların uydurduğu toponimlərin sayı-hesabı yoxdur: “Təbii ki, uydurmaçılıqla məşğul olan və bunu özlərinə peşə seçən ermənilər unudurlar ki, yalan baş tutur, amma yerimir. Çünki indiki şəraitdə əsl həqiqət qalib gələcək, Qərbi Azərbaycanın coğrafi və toponimik olaraq tarixi keçmişi bərpa olunacaq”. Ümumiyyətlə, Qərbi Azərbaycana aid toponimlərin, oykonim, oronim və hidronimlərin öyrənilməsi və təbliği günümüzün reallığı olmaqla yanaşı, gələcək nəsillərin doğma yurd-yuvamıza sahib çıxması baxımından böyük məna və əhəmiyyət daşıyır. Çünki bunlar yerli xalqın tarixini, etnoqrafiyasını, coğrafiyasını əks etdirir. Hazırlanan süjetlədə ermənilər tərəfindən dəyişdirilən Qərbi Azərbaycan toponimlərinin tarixi və etimologiyası araşdırılır, həmçinin yer adlarının mənşəyi, mənası və sonrakı taleyi haqqında məlumat verilir. Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması barədə sübutların, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır. Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir. Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Süjet teleaparıcı Ramin İbrahimovun təqdimatında sentyabrın 18-də saat 19:30-da “Baku TV”nin efirində və saat 21:30-da yutub kanalında yayımlanıb.