UKRAYNA ÇÖLLƏRİNDƏ KOREYA ƏSGƏRLƏRİ... - Və ya Putin niyə ultimatum dili ilə danışmağa başlayıb?

16/10/2024 - 23:59

krayna Prezidenti Volodimir Zelenski Rusiya-Ukrayna müharibəsində qələbə qazanmaq ümidi ilə hazırladıqları “Qələbə planı”nını bu həftə Avropa ölkələrinə təqdim edəcək. Zelenski “X” platformasındakı hesabında yazıb ki, Rusiyanı ədalətli sülhə məcbur etmək starategiyasını açıqlayacaq. Bir məqama xüsusilə diqqət etmək gərəkdir ki, cəbhədəki gərgin və ağır vəziyyəti nəzərə alan Ukrayna Prezidenti yəqin ki, müəyyən vaxt udmaq istəyir. Bu yaxınlarda İtaliyanın “Corriere della Sera” qəzeti yazmışdı ki, Ukrayna hakimiyyəti ABŞ tərəfindən veriləcək təhlükəsizlik təminatı və həmçinin də ərazilərin itirilməsinin rəsmən qəbul edilməməsi şərtilə indiki cəbhə xətti boyunca atəşi dayandırmağa hazırdır. Deməli, böyk ehtimalla Ukraynanın “zəfər planı”nın arxasında ABŞ tərəfindən təminat verilməsinin əldə edilməsi dayanmalıdır. Ancaq bu planın xarakterindən asılı olmayaraq, Rusiya dəfələrlə özünün sülh şərtlərini açıqlayıb və bu şərtlər hamıya məlumdur. Rusiya bildirir ki, sülh müqaviləsinin bağlanması üçün Ukrayna ordusu Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərindən tam çıxmalı, demilitarizasiya edilməli(yəni silahsızlaşdırılmalı) və hər hansı hərbi alyansa qoşulmayacağı barədə öhdəlik götürməlidir. Kremlin tələbləri arasında ən maraqlı məqam Ukraynanın tam tərkisilah olunmasıdır.

 

 

 

Göründüyü kimi, Rusiya ultimatum dili ilə danışır və istər Kiyevə və istərsə də onun müttəfiqlərinə deyir ki, Ukrayna ordu saxlamamaq haqqında öhdəlik götürsün. Rusiyanın bu cür danışmasının başlıca səbəbi planladığı strategiyanın özünü doğrultmasından irəli gəlir. Rusiya müharibənin uzadılmasının və “sürünərək ərazi işğalı” strategiyasının öz yolunda getdiyini görür. İndiki şərtlər daxilində müharibənin uzanması Ukraynanın taqətdən düşməsi ilə nəticələnəcək. Məsələn, əgər belə bir vəziyyət əlavə üç il də davam etsə, o zaman nə baş verər? Üç ildən sonra Ukraynanın canlı resurs ehtiyatı müharibənin tələblərinə cavab verə biləcəkmi? İndiki şərtlər dəyişməsə, Ukraynaya verilən ultimativ təkliflər daha da sərtləşəcək. ABŞ başda olmaqla Qərb dünyasının Ukraynaya göstərdiyi yardımın səviyyəsinin aşağı olması bir tərəfə, hətta verilən vədlər də yerinə yetirilmir. Deyəsən, “Ramştayn sammiti” adlı “şou proqram” yavaş-yavaş tarixə qovuşur. Ukrayna hələ də gözlənilən sayda “F-16” qırıcıları ala bilməyib. 

 

 

Ümumi vədlərə görə Ukrayna indiyədək təxminən 60 ədəd “F-16” ilə təchiz edilməliydi. Ancaq ona cəmi altı ədəd “F-16” təyyarəsi verilib. Bu yaxınlarda “F-16” Ukrayna mövqelərinə ağır KAB aviabombaları atan Rusiyanın “Su-34” qırıcısnı məhv etməklə nəyə qadir olduğunu göstərdi. Əgər Ukrayna gərəkən sayda “F-16”-larla təchiz edilərsə, rusların ağır aviabombalar daşıyan təyyarlərinin səsi birdəfəlik kəsilə bilər. Qərbin hərəkətlərindən belə anlaşılır ki, sadəcə müharibənin uzadılması istənilir. Bunu anlamaq üçün böyük analitik olmağa ehtiyac yoxdur və bəzi hallarda bunu ukraynalı rəsmilər də dilə gətirirlər. Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak yaranmış mövcud vəziyyəti düzgün şərh edib. O, ABŞ-nin “The Wall Street Journal” qəzetinə verdiyi müsahibəsində deyib ki, Qərbdən əlavə dəstək gəlməsə, müharibə illərlə uzana bilər və Ukraynanın zəif mövqedən danışıqlara məcbur edilməsi yalnız Rusiyanı Ukrayna üzərində tam nəzarət uğrunda mübarizəyə həvəsləndirməkdir. Bəli, Qərbin davranışlarından nəticə çıxaran Rusiya və onun dostları öz işğalçılıq, avtoritarizm, diktatura siyasətlərində daha da həvəslənirlər. ABŞ və Avropanın müharibə başlayandan indiyədək Ukraynaya göstərdikləri yardımın məhdud həcmi hər şeyə aydınlıq gətirir. Elə bir vəziyyət yaranıb ki, hətta Qərbin “dişsizliyini”, daha doğrusu isə meydanın boş buraxıldığını görən Şimali Koreya kimi marjinallar belə iştaha gəlib. Bunun əyani sübutu Şimali Koreya hərbçiləinin Rusiya-Ukrayna müharibəsində iştirak etmələridir.”The Washington Post” qəzeti bir neçə etibarlı mənbələrə söykənərək məlumat yayıb ki, Şimali Koreyadan olan hərbi qrup cəbhədəki vəziyyəti öyrənmək istəyərkən ön xətdə Ukrayna tərəfindən atılan atəş nəticəsində məhv edilib. Deyilənə görə onlar 6-sı zabit olmaqla 20 nəfər olublar. Ukrayna Prezidenti Volodimir Zelenski Şimali Koreya hərbçilərinin cəbhə xəttində peyda olmalaırına belə reaksiya verib: ”Şimali Koreya fakitiki olaraq Rusiyanın Ukraynaya qarşı müharibəsinə qoşulub. Bəzi digər ölkələr də həmçinin müharibənin uzanmasına investisya qoyurlar. Rusiyaya kimin kömək etməsinə baxmayaraq, sərt reaksiya verəcəyik, Ukraynanı necə lazımdırsa qoruyacağıq. Rusiyanın niyyətinin baş tutmaması üçün bizim tərəfdaşlarımızla müvafiq işlərimiz olacaq”. Əslində, koreyalılar hələ keçən ildən müharibədə iştirak edirlər və işğal olunmuş ərazilərdə Şimali Koreyanın bir neçə mühəndis briqadası var. Görəsən, Şimali Koreyanın Rusiyaya yardım üçün böyük sayda hərbçi göndərməsi mümkündürmü və bu, hansı səbəbdən həyata keçirilə bilər? On il bundan öncə Rusiyanın Ukraynaya soxulmasını ehtimal belə etməyənlər indi artıq Vladimir Putinin iri miqyaslı işğalına qətiyyən təəccüb etmirlər. Ona görə də Şimali Koreyanın müharibəyə birbaşa qoşulması da reallıqdan uzaq variant deyil.

 

 

Kim Çen Inın Ukrayna ilə döyüşmək həvəsi aşağıdakı səbəblərdən qaynaqlana bilər.

Birincisi, Şimali Koreya öz ordusunun nəyə qadir olmasını real döyüş şəraitində görmək istəyir. Onlar həmçinin, burada yaxşı döyüş təcrübəsi qazana bilərlər. İkincisi, Şimali Koreya Rusiya-Ukrayna müharibəsindən istifadə etməklə geostrateji mübarizədə özünü dünya çapında nümayiş etdirmək niyyətindədir. Çünki təkəbbürlü Kım Çen In Qərbin qlobal meydandakı süstlüyündən yararlanmağa çalışır. Üçüncüsü, müharibədə böyük itkilər verdiyindən Rusiya muzdlu əsgər çatışmazlığı ilə üzləşib və bunun kompensasiya edilməsi üçün Koreya Xalq Demokratik Respublikasının əsgərlərinin iştirakı tam yerinə düşərdi. Şimali Koreya əsgərləri Ukrayna ordusuna əlavə baş ağrısı verib, onların hərbi birləşmələrini özünə tərəf cəlb etməklə rusların yükünü azalda bilərlər. Hazırda Ukrayna ordusu Belarus sərhədi boyunca xeyli əsgər saxlmaq məcburiyyətindədir. Şimali Koreya əsgərləri də təxminən ən azından buna bənzər funksiyanı yerinə yetirəcəklər. Rusiya hakimiyyəti üçün öz əhalisinin “top yemi”nə çevrilməsi adi hal alıb. Neft pulları sayəsində muzdluların yığılması prosesi davam edir. Lakin iş ondadır ki, müharibədə ölənlərin sayı ilə orduya cəlb olunan muzdlularıın sayı arasında mütənasiblik itir. Odur ki, Putinin koreyalıları cəlb etməsi öz əhalisini qorumaq üçün yox, bu mütənasibliyi təmin etmək üçündür. Böyük Britaniyanın “The Times” qəzetinin yazdığına görə, Donbasda rus əsgərləirinin itkisi rekord hədlərə çatır. Məsələn,Rusiya ordusu avqust-sentyabr aylarında cəbhədə hər gün 1200 nəfər itki verib. Ancaq bunlara baxmayraq, belə bir strategiya özünü doğruldur və Rusiya komandanlığı “ət hücumları”nı davam etdirmək fikrindədir. Rusiya təbliğatçıları əcnəbilərin müharibəyə cəlb olunmasını özlərinin zəifliyi kimi yox, Şimali Koreya ilə Rusiya arasındakı strateji hərbi əmkdaşlıq müqaviləsinin yerinə yetirilməsi kimi dəyərləndirəcəklər. Belə ki, artıq Vladimir Putin Dövlət Dumasına Rusiya Federasiyası və Şimali Koreya arasında strateji tərəfdaşlıq müqaviləsi haqqındakı qanun layihəsini ratifikasiya olunmağa göndərib. Həmin müqavilə Vladimir Putinin iyun ayında Pxenyan səfəri zamanı imzalanıb. Şimalı Koreya yəqin ki, ilk başda azsaylı hərbi kontingent göndərəcək. Sonra isə ola bilər ki, tədricən əsgərlərinin sayını bəlkə də 100 min nəfərədək artırsın. Heç şübhə yoxdur ki, real döyüşlərdə iştirak edən ordu ilə ən yaxşı təlim keçmiş, lakin real döyüş təcrübəsi olmayan ordu arasında həmişə fərq olur. Onu da nəzərə alaq ki, Şimali Koreya hərbi birləşmələrinin bütün xərclərini Rusiya çəkəcək. Bütün bunlar Koreya başçısının maraqlarına uyğundur. Pxenyanda tam arxayındırlar ki, Cənubi Koreyadan onlara hər hansı təhlükə gəlməyəcək, çünki Cənubi Koreya Qərbin apardığı siyasətə uyğun davaranacaq. Məhz Qərb 2014-cü ildə Krımın ilhaqı zamanı səsini çıxarmadığı üçün Rusiya 2022-ci ildə Ukraynaya soxuldu, ardınca İran ruslara dronlar, ballistik raketlər yolladı, indi isə Şimali Koreya lideri Kremlə təkcə silah deyil, canlı qüvvə ilə kömək etməyə hazırlaşır. Hətta nə qədər sarkastik olsa da, mümkündür ki, hadislərin bu cür davam etməsi halında Rusiyanın daha bir müttəfiqi olan “Taliban” da öz yaraqlılarını Ukraynaya qarşı döyüşməyə göndərəcək.

 

“AzPolitika.info”

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Putin Ərdoğanla danışdı
24/11/2024 - 19:33
Doqquz terrorçu məhv edildi
24/11/2024 - 16:30