UKRAYNA DONBASI İTİRİR... - “Bu iki şəhəri alsalar, bütün Donbası ələ keçirəcəklər”
Xəbər verildiyi kimi, Rusiya işğalçı qoşunlarının Donetsk vilayətinin Pokrovsk şəhəri istiqamətində irəliləyişi xeyli sürətlənib. Şəhərə çatmağa cəmi bir neçə kilometr qalıb. “AzPolitika” xəbər verir ki, vəziyyəti Ukrayna mətbuatına şərh edən “DeepState” layihəsinin təsisçisi, analitik Roman Poqarelı Pokrovsk istiqamətində vəziyyəti kritik adlandırıb: “Ruslar sürətlə irəliləyir və hazırda Ukrayna Silahlı Qüvvələrinin logistikasını çətinləşdiriblər. Əsas logistik marşrutlardan biri atəş altındadır. Bu vəziyyət (Pokrovsk istiqamətində - red.) çox tez sabitləşməlidir, çünki düşmən böyük irəliləyişlər edir, biz demək olar ki, hər gün xəritədə yaşayış məntəqələrinin itirilməsini qeyd edirik. Pokrovskdan əvvəl düşmən cəmi 3-4 günə Novobrodovkanı aldı. Bu, düşməni kifayət qədər uzun müddət saxlamaq mümkün olan bir qəsəbədir. Onlar artıq Selidovoya girməyə çalışır. Bu, başqa bir böyük və düşməni saxlamağın mümkün olduğu yaşayış məntəqəsidir. Xüsusən də orada iki kömür mədəni və ümumi bir sənaye şəhəri var”. Analitik əlavə edib ki, hücum edən rus qoşunlarını saxlamaq çox çətindir: “Döyüşçülərin özləri düşməni məhv etmək üçün hər cür səy göstərirlər, ancaq təəssüf ki, onların sayı çoxdur. Onlar bu gün Mirnoqrada çox yaxınlaşıblar. Pokrovska, logistikada çox mühüm rol oynayan Selidovoya doğru dırmaşırlar, buna görə də vəziyyət kritikdir... Pokrovsk və Mirnoqrad çox mühüm strateji şəhərlərdir, çünki bunlar logistik marşrutlardır. Donbasa gedən hər kəs ilk növbədə Pavloqraddan, Dnepropetrovsk vilayətindən keçərək, Pokrovska, sonra isə Mirnoqrada, oradan da Konstantinovkaya doğru gedir”. Ekspert vurğulayıb ki, bu logistik marşrut artıq itirilib, çünki Mirnoqrad və Pokrovskdan Konstantinovkaya gedən yol artıq qismən düşmən atəşi altındadır: “Bununla logistikanı tamamilə bloklayacaqlarını söyləmək olmaz, çünki orada başqa yollar da var. Amma bu, vəziyyəti çətinləşdirir. Pokrovsk və Mirnoqrad ümumiyyətlə, böyük şəhərlərdir və əgər onları ələ keçirsələr, birbaşa Dnepropetrovsk vilayəti ilə sərhədə yaxınlaşacaqlar. Bundan sonra onlar istədikləri kimi uğurlarını artıra bilərlər. Faktiki olaraq, Pokrovsk və Mirnoqradı alsalar, Donbass onların əlinə keçəcək”.
“AzPolitika.info”