Zelenski Oleksiy Arestoviçin istefasını qəbul edib - YENİLƏNİB

17/01/2023 - 17:14

Ukraynanın dövlət başçısı Volodimir Zelenski Prezident Ofisinin müşaviri Oleksiy Arestoviçin istefasını qəbul edib.

Ukrayna KİV-ləri xəbər verir ki, bu barədə V.Zelenskinin mətbuat xidmətindən bildirilib.

Yanvarın 15-də axşam O.Arestoviç “Feigin Live” yutub kanalının efirində Dneprdə yaşayış binasının bir hissəsini dağıdan raketin Ukrayna hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulduğunu və nəticədə çoxmərtəbəli binanın üzərinə düşərək partladığını bildirmişdi.

Rusiya onun bu səhv açıqlamasından Ukraynaya qarşı istifadə edib. Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov da Dneprdəki vəziyyəti şərh edərkən O.Aretoviçin sözlərindən sitat gətirib.

Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanlığı O.Arestoviçin sözlərini tez bir zamanda təkzib edərək bildirib ki, Rusiyanın atdığı “X-22” raketlərini vurmaq üçün Ukrayna hərbçilərinin vasitələri yoxdur.

***

Ukrayna Prezident Ofisi başçısının müşaviri Oleksiy Arestoviç istefa verib.

Qafqaz.media UNIAN-a istinadən xəbər verir ki, o, bu barədə feysbuk səhifəsində məlumat yayıb.

O, bununla bağlı Ukrayna Prezident Ofisinin başçısı Andrey Yermaka ərizə ilə müraciət edib.