Zemfira Məhərrəmlinin yeni kitabı nəşr edilmişdir

19/05/2024 - 00:30

 

      Tanınmış yazıçı-publisist, Əməkdar jurnalist Zemfira Məhərrəmlinin “Çox kiçikdir
bu dünya...” adlı kitabı “Vektor” Beynəlxalq Nəşrlər Evində çapdan çıxmışdır. Qarabağ
mövzusunda əsərləri ilə oxucuların rəğbətini qazanmış müəllifin ictimaiyyətə təqdim
olunan sayca on səkkizinci kitabında povest və hekayələri toplanmışdır.
Yazıçı yaradıcılığının əbədi mövzusundan bu dəfə də yan keçməyib. Kitabın
“Qarabağ hekayətləri” bölümündə qanlı savaşın həyatımıza gətirdiyi fəlakətləri əks etdirən,
təməli yurdsevərlik olan barıt qoxulu bədii nəsr nümunələri yer almışdır. Həmin
hekayələrdə Birinci Qarabağ savaşı dönəminə məxsus nəslə vurulmuş psixoloji zərbələr,
işğal illərində yaşadığımız iztirab və kədər, erməni quldurların törətdikləri ağlasığmaz
vəhşiliklər, bütün bunlara rəğmən millətimizə xas olan yurd sevgisi, müdrik Sərkərdəmizin,
Ali Baş Komandanın rəhbərliyi ilə əsgər və zabitlərimizin bir yumruqtək birləşərək
intizarında olduğumuz böyük Qələbəyə çatmaq üçün göstərdiyi qəhrəmanlıq, hünərvər
qazilərimizin, al qanı əzəli torpaqlarımıza səpələnmiş şəhidlərimizin rəşadəti, hər birimizə
böyük sevinc bəxş edən möhtəşəm Zəfərimiz olduqca real, inandırıcı əks etdirilmişdir.
Müəllif kitabın “Həyat hekayələri” bölümündə gerçəkliyə sadiq qalaraq, üzüntülü,
təzadlı olaylara baş vurur, narahat dünyamızın əzəli-əbədi dəyərlərindən söz açır. Qələm
sahibi insan xarakterlərinin toqquşmasını fərqli ədəbi prizmadan, təxəyyülünün izharı, bədii
ifadəsi, həm də rəvan dillə çatdırır, maraqlı, qeyri-adi situasiyalarda əks etdirdiyi hadisələrlə
bağlı hiss və duyğularını bölüşür.
Kitabın redaktoru tanınmış şair-publisist, professor Elçin İsgəndərzadədir, kompüter
qrafikası Həsənağa Ədalətoğluna məxsusdur.
Qeyd olunmalıdır ki, Zemfira Məhərrəmli yaradıcılıq uğurlarına görə Həsən bəy
Zərdabi, «Qızıl qələm», Beynəlxalq Mahmud Kaşğari və Rəsul Rza mükafatlarına layiq
görülüb. Müəllif “Vektor” Beynəlxalq Elmlər Akademiyasının Şahmar Əkbərzadə adına
Beynəlxalq Ədəbiyyat ödülünün sahibidir. Əsərləri ingilis, rus, fars, özbək dillərinə çevrilib,
Türkiyə türkcəsinə uyğunlaşdırılıb.

Fuad BİLƏSUVARLI

Qafqaz.Media

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Adsız oğlan
09/09/2024 - 07:33
Nanənin yerinə o gələcək
26/08/2024 - 10:49