Zəhmətlə yoğrulan ömür yolu...-Samir Qurbanov yazır

08/08/2024 - 03:04

Həyatın mənası çalışmaqdadır,

Zəhmətsiz bir ömür puçdur, saxtadır...

- deyirdi ölməz şairimiz Rəsul Rza. Həmsöhbətimiz ­- veteran pambıq ustası Nobatəli Məmmədov da gənclik çağlarından bütün ömrünü-gününü qızmar günəş altında bel büküb torpağın nazını çəkən, torpaqdan ətrafa yayılan xeyir-bərəkət hənirini hiss edib yaşayan həqiqi zəhmət adamlarından olub.

1953-cü ildə - valideynləri Kamil kişi ilə Zəri xanım Lerikin Lələhiran kəndindən Biləsuvara (o vaxtkı Puşkin rayonu) yenicə pənah gətirdikləri il  Nobatəli dünyaya göz açır. Böyüdükcə, kənd təsərrüfatında çalışan ata-anasının sayəsində həyatı anlayır, özü də tədricən zəhmətə qatlaşır. Yeniyetmə yaşlarından rayondakı S.Vurğun adına kolxozda fəhlə kimi əmək fəaliyyətinə başlayır. Torpaqla həsbi-halı gözəl bilən  təsərrüfatçıların əhatəsində bərkiyir. Qabiliyyətinə və tapşırılan işləri layiqincə yerinə yetirdiyinə görə 1971-ci ildə kolxoz rəhbərliyi tərəfindən  Kənd Təsərrüfatı İnstitutunun hazırlıq kursuna göndərilir. Kursu bitirdikdən sonra Nobatəli Məmmədov institutun aqronomluq fakültəsində ali təhsil alır. 1975-ci ildən çalışdığı “S.Vurğun” adına təsərrüfatda sıravi işlərdən başlayaraq, pambıqçılıq briqdiri vəzifəsinə yüksəlir.

Onun dedikləri:

       - Briqadir kimi ilk fəaliyyətimdə rayonun Şəhriyar düzündə 80 hektar pambıq sahəsinə təhkim edildim. Təcrübəli həmkarlarım kimi, mənə də 160 ton pambıq təhvili planı qoyuldu. Məsuliyyətli iş idi. Həm də birinci öhdəliyim idi.  Kolxoz sədri mərhum Sulduz Məmmədov və baş aqronom mərhum Şahbaz Xammədov (Allah hər ikisinə rəhmət eləsin) becərmə işlərində mənə möhkəm mənəvi dayaq oldular.  Şəhriyar düzündə qara torpağı cana gətirmək, əkdiyin bitkidən bol məhsul götürmək, əlbəttə, insandan böyük iradə, əzm və zəhmət tələb edirdi. Bu bacarığa isə mən uşaqlıqdan müəyyən qədər yiyələnmişdim. Həmin il gecə-gündüz bilmədən mümkün aqrotexniki qaydaları yerinə yetirdim, qızların əl əməyi ilə kətmənləmə işləri vaxtı-vaxtında aparıldı, pambığın suvarma tələbatı tam ödənildi. Nəhayət, sentyabr ayında ağ örpəyə bürünən sahələrdə növbə “mavi gəmi”lərə - kombaynlara çatdı. İlk yığımda qoyulan 160 ton məhsul planını artıqlaması ilə ödədim.

Uğurlu nəticə gənc pambıq ustasının səs-sorağını çox uzaqlara aparır. Qələbələri onu daha yaxşı işləməyə ruhlandırır. “S.Vurğun” kolxozunun kommunistləri  zəhmətsevər gəncə etimad göstərərək onu partiya sıralarına qəbul edirlər.  Bir müddət sonra kolxozun komsomolçu gənclər təşkilatına rəhbərlik Nobatəli Məmmədova həvalə edilir. Bu vəzifə onun daha yuxarı kürsü sahibləri ilə tez-tez görüşməsinə, məsləhət və tövsiyələr almasına şərait yaradır. Azərbaycan Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin I katibi Sahib Ələkbərov kimi şəxsiyyətlərlə görüşünü heç vaxt unutmayacağını, deyir.   Bir sözlə, çalışdığı kollektivdə həmin illərin bir çox məsul vəzifələri - o cümlədən  Azad Həmkarlar İttifaqı təşkilatının sədri vəzifəsi də ona həvalə olunur.

      - 1980-ci il idi. Bu mövsüm  məhsul planımız daha yüksək idi. Amma böyük Nizaminin “Çalış öz xalqının işinə yara, geysin əməyindən dünya zər-xara” poetik ifadəsinin həyati misalını öz briqadamda yaratmalı oldum.  Gecəni gündüzə qatıb el dilində desəm, pambıq tarlasının sanki başına dolanırdım, hər kola nəzarət edirdim, xəstəliklərdən qorumaq üçün zəruri tədbirlər görürdüm.  Bu işdə tarla qızlarının əməyi sonsuz idi. Onların hər birinin xətrini çox istəyirdim. Zəhmətdən qorxmayan qızların başlarındakı ağ örpəklər sanki becərdiyimiz ağ pambıq tarlalarının bir nişanəsi idi. İndi də o zəhmətkeş içilərimin adını əzbərdən bilirəm. Nə isə, həmin il kolxozun briqadamıza qoyduğu öhdəliyi - 240 ton məhsul planını ilk olaraq  həmkarım Kərim Abbasovla mən verdik.

Pambıqçılarımızın şöhrəti o il bütün ölkəyə  yayıldı.

Torpaq axıdılan tərin, çəkilən zəhmətin əvəzini çox gecikdirmir. Nobatəli Məmmədov 10 illik uğurlu briqadirlik fəaliyyətinin ardınca ixtisası üzrə aqronom kimi kolxozun daha geniş bitkiçilik sahəsinə nəzarətini artırır.  Deyir ki, həmin dövrlərdə 4000 hektarlıq əkinaltı torpaqlarımız var idi. Bunun təxminən 2000 hektarında pambıq becərilirdi. Yüzlərlə ailənin iş yeri idi bu təsərrüfat. Bir ailə kimi dolanırdıq böyük kollektivlə. Xeyir-şər məclislərimizdə hamılıqla  bir yerdə olmaq adəti də elə o dövrlərdən  ənənəmizə çevrilib.

Onun fədakar əməyi rəhbərlik tərəfindən bütün dövrlərdə qiymətləndirilir.  Kolxoz idarə heyətinin geniş tərkibdə iclaslarında haqqında söylənən xoş sözləri, ünvanına yazılan təşəkkürnamələri  və minnətdarlıq məktublarını bu gün də saxlayır. Bu etimad sonradan onu “S.Vurğun” adına kolxozun sədr müavini vəzifəsinədək yüksəldir. Və 1996-cı ildə kolxoz-sovxoz sisteminin ləğvinədək bu sahədə əzmlə, fəxrlə fəaliyyət göstərir. “Torpağın üzü qaradır. Amma o insanın üzünü ağardır”, - deyən N.Məmmədov ötən müddət ərzində ona şan-şöhrət gətirən əməyi ilə qürurlansa da, həmişə sadəliyi ilə yadda qalıb. Bu keyfiyyəti ömrü boyu onu müşayiət edib.  “Mən torpağın övladıyam, torpağa bağlıyam hər zaman. Torpağı kəndliyə qaytaran Ulu öndər Heydər Əliyev də torpağı becərən, ona  can verən insanları çox sevərdi, dəyər verərdi. Mən çalışdığım bütün illərədə bunun şahidi oldum”, - deyir.  

Ömrünün 70-ci baharını ötən il geridə qoyan Nobatəli Məmmədov son aylar səhhətində yaranan nasazlıqla çarpışır. Buna baxmayaraq, torpaqdan danışanda onun çöhrəsinin nə qədər nurlandığının şahidi olduq. Bu işığı, sevgini isə yalnız torpağı candan əziz bilənlərin üzündə görə bilərsən...

Zəhmət adamının qayğı dolu ömür yolunun işığı bu gün də Biləsuvarın barlı-bərəkətli torpaqlarında  bərq vurur. Ondan öyrənən, məsləhət alan fermerlər, mülkiyyətçilər, əməyə, zəhmətə bağlılığı ondan əxz edən insanlar ona minnətdarlıq edirlər.

Biz də əmək cəbhəsinin veteranı, bacarıqlı təsərrüfat adamı kimi tanınan Nobatəli Məmmədova  uca Allahdan möhkəm cansağlığı, bütün arzu-diləklərinin çin olmasını arzulayırıq.

 

Samir QURBANOV,

“Region-Press” qəzetinin redaktoru

Qafqaz.Media

 

 

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Azərbaycana 13 sm qar yağdı
27/11/2024 - 10:42
Sabah Bakıya leysan yağacaq
26/11/2024 - 12:56
Sağlamlığın tək ünvanı
26/11/2024 - 12:10