ABŞ-da Zelenski-Bayden görüşü baş tutdu - PREZİDENTLƏR BİRGƏ MƏTBUAT KONFRANSI KEÇİRDİ - VİDEO, FOTOLAR / YENİLƏNİB

22/12/2022 - 08:17

“ABŞ və digər Qərb ölkələri Ukraynaya silah verməklə Rusiya ilə müharibə və ya Üçüncü Dünya müharibəsinə can atmır”.

Bunu ABŞ prezidenti Cozef Bayden Ukrayna lideri Vladimir Zelenski ilə Ağ Evdə danışıqların yekunlarına dair birgə mətbuat konfransında deyib.

“Mən Avropalı müttəfiqlərimiz və onların dövlət başçıları ilə üz-üzə bir neçə yüz saat vaxt sərf etmişəm ki, Ukraynanı dəstəkləməkdə davam etmək nə üçün onların maraqlarına uyğundur. Onlar bunu tam başa düşürlər, lakin Rusiya ilə müharibə istəmirlər. Onlar Üçüncü Dünya müharibəsini istəmirlər. Və düşünürəm ki, Ukraynanın döyüş meydanında uğur qazanacağına əmin olmaqla bütün bunların qarşısını almaq olar”- deyə, o bildirib.

Baydendə “Vaşinqton dərhal Kiyevə bütün lazımi silah və avadanlıqları, məsələn, “MGM-140 ATACMS” ballistik raketlərini (atış məsafəsi 310 km-ə qədər) ötürə bilərmi” sualı ünvanlanıb. ABŞ lideri isə sualı belə cavablandırıb:

“Ukrayna ilə qalmağın vacib olduğunu anlayan bütöv bir ittifaq mövcuddur. Ukraynaya göndəriləndən əsaslı şəkildə fərqli maddi resurslar verəcəyimiz ideyası isə NATO-nu parçalamaq, Avropa İttifaqını və dünyanın qalan hissəsini parçalamaq perspektivinə malik olacaq. Biz Ukraynanı ehtiyac duyduğu şeylərlə təmin edəcəyik ki, o özünü qoruya bilsin və döyüş meydanında uğur qazansın”.

*** 00:17

ABŞ mediası Co Bayden və Vladimir Zelenski arasında danışıqların ilk detallarını açıqlayıb.

Bayden görüş zamanı deyib ki, ABŞ Ukrayna üçün “ədalətli sülh” istəyir. ABŞ prezidentinin sözlərinə görə, ukraynalıların müharibədə göstərdiyi qəhrəmanlıq bütün dünyanı ruhlandırır.

Bayden həmçinin Rusiya prezidenti Vladimir Putini “qışdan silah kimi istifadə etmək” cəhdində ittiham edib. O deyib ki, ABŞ Ukraynanın xalqını dəstəkləməyə davam edəcək.

Buna cavab olaraq Zelenski bildirib ki, o, ABŞ-ın dəstəyini bütün qəlbi ilə dəyərləndirir.

Qafqaz.media

*** 23:17

Ukrayna prezidenti Vladimir Zelenski Ağ Evə gəlib və burada Co Baydenlə görüşü başlayıb.

Qafqaz.media xəbər verir ki, Bayden Zelenski ilə Ağ Evin qapısında görüşüb.

Amerika prezidentinin iqamətgahının divarında ABŞ və Ukraynanın bayraqları quraşdırılıb. Baydenin Zelenski ilə görüşünün kadrları Amerika televiziyasında canlı yayımlanır.