ADP Xocalı cəlladlarının tarixin mühakiməsinə verilməsini tələb edib... - BƏYANAT
Bu gün 20-ci əsrin bəşəriyyətə qarşı törədilən ən qanlı cinayətlərindən biri olan - Xocalı soyqırımından 32 il ötür. 26 fevral 1992-ci il tarixində işğalçı erməni silahlı qüvvələri və Rusiya ordusunun 366-cı motoatıcı alayının iştirakı ilə Azərbaycanın Xocalı şəhərində dinc əhalinin xüsusi amansızlıqla kütləvi qırğını törədilmişdir. Baş vermiş qətliam onu törədənlərin əsl mənəvi, əxlaqi, mədəni simasını, bəşəri dəyərlərdən və çağdaş sivil dünyadan nə qədər uzaqda olduqlarını tam çılpaqlığı ilə ortaya qoymuş oldu.
Hurriyyet.az xəbər verir ki, Azərbaycan Demokrat Partiyası (ADP) Xocalı soyqırımından 32 il ötməsinə baxmayaraq, bu qətliama hələ də dünya ictimaiyyəti və nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən əsl siyasi və hüquqi qiymət verilmədiyindən, bu bəşəri cinayəti törədənlərin təşkilatçılarının və iştirakçılarının bu günə kimi cəzasız qalmasından təəssüfləndiyini və dərin narahatlıq keçirdiyini bildirir.
Partiya belə hesab edir ki, insan hüquq və azadlıqlarını özünün ali dəyəri və təməl prinsipləri kimi qəbul edən dünya dövlətlərinin bu günə kimi Xocalı qətliamına susqunluq nümayiş etdirməsi başa düşülən deyil və nə qədər ki, Azərbaycan xalqına qarşı törədilən bu soyqırım aktı həqiqi hüquqi və siyasi qiymətini almayıb heç bir xalq və toplum anoloji cinayətdən sığortalana bilməz.
ADP dünyada mövcud olan ikili standartlar ucbatından Xocalı soyqırımı kimi hadisələrə vaxtında hüquqi və siyasi qiymət verilməməsini bu gün dünyanın təhlükəsizliyini təhdid edən Rusiyanın Ukraynaya qarşı artıq 2 ildir ki, davam edən işğalçı müharibəsinə və bu müharibə zamanı Rusiyanın törətdiyi qanlı hərbi cinayətlərə gətirib çıxardığını bildirir.
ADP gələcək nəsillərimizin bu tipli faciələrlə üzləşməməsi üçün xalqımızı tariximizin ən faciəli səhifələrindən biri olan Xocalı soyqırımını heç vaxt unutmamağa, 26 fevral tarixini xalqımızın gen yaddaşına daşımağa, gələcəkdə bu tipli faciələrlə üzləşməməyimiz üçün ayıq-sayıq olmağa, milli həmrəyliyimizi daim qoruyub saxlamağa, bu soyqırımı dünya xalqlarına çatdırılmasında xalqımızın bütün imkanları birləşdirməyə, eyni zamanda Azərbaycan dövlətini Xocalı qətliamının dünyada əsl qiymətini alması və bu qətliamı törədənlərin cəzalandırılması istiqamətində ardıcıl olaraq səylərini davam etdirməyə çağırıb.
ADP beynəlxalq təşkilatları iyirminci əsrin ən dəhşətli hadisəsi olan 26 fevral Xocalı faciəsini soyqırım kimi tanımağa, bu soyqırımı törədən erməni cəlladlarını tarixin mühakiməsinə verməyə çağırıb.
ADP Xocalı soyqırımı zamanı həlak olmuş soydaşlarımızın əziz xatirəsi qarşısında baş əydiyini, onların yaxınlarına və əzizlərinə Allahdan səbr dilədiyini bildirir.
Qafqaz.media