Akademik Musiqili Teatrda yeni mövsümün ilk premyerası oynanıldı
XIX əsrdə yaşayıb - yaratmış böyük rus yazıçılarından biri də Anton Pavloviç Çexovdur. O, qısa hekayələri, pyesləri ilə yadda qalıb. Anton Çexovun hekayələrində cəmiyyətdə cəryan edən bütün mənfiliklər, eybəcərliklər diqqətli oxucunun gözlərindən yayınmır qaçmır. O, təkcə real həyatda yox, bütün əsərlərində uşaqların tərbiyəsinə həssaslıqla yanaşmışdır. Dahi yazıçı "Evdə", "Ağır xasiyyətli adamlar", "Atacığaz", "Reportyor" kimi hekayələrində ailədə valideynlərin uşaqlara tərbiyənin düzgün verilmədiyindən, uşaqların tərbiyəsinin pozulduğundan bəhs edərək, valideynlərin uşaqların faciəvi talelərinə biganə qalmasını diqqətli oxucularına nəql eləmişdir. Çexovun bütün yaradıcılığında ailə, məişət mövzusu mühüm rol oynayır. Buna misal olaraq, " Aşkarda görünməyən göz yaşları", "Yaylaqda", "Xoşa gəlməyən əhvalat", "Nigarançılıq", "Məişət xırdaçılıqları", "İntiqam", "Kirayənişinlər", "Söhbət", "Diplomat", "Artıq adamlar" kimi hekayələrini göstərmək olar. Çexov hekayələrində xəyanətkar qadınların həyatını ifşa etmiş, namussuzluğu, rəzil həyatı pisləmiş onları doğru, düz yolda olmağa çağırmışdı. Anton Pavloviçin hər bir hekayəsində böyük Qorkinin dediyi kimi, "təmiz, əsl insan qəlbinin sakit və dərin döyüntüsü duyulur". Çexov bütün müasirləri kimi insanların rifahını, sağlamlığını, güzəranını düşünürdü. O, bütün gözəl fikirlərini, düşüncələrini, bədii ifadə vasitələri ilə sərrast bir şəkildə oxucunun qəlbinə aşılaya bilən böyük rus yazıçısıdır. Çexovun gözəl əsərlərindən biri də " 6 nömrəli palata" hekayəsidir.
Hekayənin məzmunu bu cürdü. Şəhərdən kənarda, unudulmuş xəstəxananın 6 nömrəli palatasında 3 dəli yaşayır. Onlardan biri adlı-sanlı İvan Dmitriçdir. Günlərin bir günü xəstəxananın baş həkimi Andrey Yefimiç dəliləri ziyarət etməyə gəlir. İvanla arasında baş tutan söhbətlər Yefimiçi sarsıdır. Ağıl ilə dəlilik arasındaki sərhəd, yaşantı və əzab haqqında düşüncələr süjetin əsasını təşkil edir.
Akademik Musiqili Teatrı həmişə olduğu kimi yenə də tamaşaçılarını təəccübləndirməkdə, sevindirməkdə davam edir. Belə ki, 3 oktyabr saat 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında 115-ci mövsümün ilk premyerası – dünya şöhrətli yazıçı Anton Pavloviç Çexovun “6 №-li palata” əsəri əsasında hazırlanan “Palata” (səhnələşdirən: Bəhram Osmanov) tamaşası oynanıldı.
Janr etibarilə tragikomik düşüncə sayılan səhnə əsərinin quruluşçu rejissoru Ər-Toğrul, rejissoru Zaur Əliyev, quruluşçu rəssamı Vüsal Rəhim, rejissor assistenti Sevinc Məmmədovadır. Cəmiyyətin ictimai-fəlsəfi problemlərinin əks olunduğu səhnə əsərində hadisələr məhdud məkanda baş versə də, psixoloji təsir dairəsi hüdudsuzdur. Pantomim hərəkətlərinin istifadə edildiyi bu tamaşada, əslində, real həyatda baş verən neqativ hadisələr sətiraltı ifadələrlə vurğulanır və nəticədə bəzən ağıllı, tədbirli insanların öz layiqli yerində olmadığı, əksinə, alçaldılaraq dəli yerinə qoyulduğu obrazlı şəkildə təqdim olunur. Bədii rəhbəri Əməkdar incəsənət xadimi Əliqismət Lalayev olan bu tamaşada obrazları Ər-Toğrul (Dilənçi), Zaur Əliyev (Yevgeni Xobotov), Nicat Əli (Xəstə), Türkel Tariqpeyma (Professor), Hüseyn Əlili (Andrey Yefimiç), Fərid Rzayev (Nikita), Cəbrayıl Cəbrayılov (Şizofren), xor artistləri Rəşad Rüstəmli, Orxan Mirzəyev, balet artisti Hüseyn Heydərli canlandırdılar.
Müəllif: Fuad BİLƏSUVARLI, AYB üzvü, AJB üzvü, Prezident mükafatçısı.
Qafqaz.Media