“Asılılığı müalicə edən ən təsirli dərman “sevgi”dir” – ADİLƏ NƏZƏROVA

14/03/2024 - 07:46

“Bu problemin həllində əsas addım narkotik vasitələrin ölkəyə girişini dayandırmaqdır”

“Narkotik satışı dolayı yolla insan öldürməkdir..."

Azərbaycanda narkomaniyanın sürətlə artdığı kimsəyə sirr deyil. Hansı ki, bu, cəmiyyətimizi təhdid edən əsas problemlərdəndir. Çünki, xüsusilə yeniyetmə və gənclərimizin narkomaniyanın ağuşuna düşməsi dövlətimizin gələcəyi üçün böyük təhlükə vəd edir. Doğrudur, müvafiq dövlət qurumları istər narkotik ticarətinə, istər də narkomaniyaya qarşı ciddi mübarizə aparırlar. Lakin etiraf etməliyik ki, bu problemin qarşısını almaq, cəmiyyətimizi narkomaniya bəlasından tamamilə xilas etmək mümkün olmur. Əksinə, narkomaniyanın qurbanı olan ailələrin sayının günbəgün çoxalması cəmiyyətimizi sosial və mənəvi anlamda çöküşə sürükləyir.

Bəs, bu problemdən xilas olmaq üçün daha hansı addımları atmalıyıq? Stopnarkotik.az bu və digər suallara Filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikası Təhsil İnstitutunun aparıcı elmi işçisi Adilə Nəzərova ilə müsahibədə cavab tapmağa çalışıb.

- Adilə xanım, ölkəmizdə narkomaniyanın yayılması hər bir vətəndaşımızı ciddi narahat edir. Sizcə, yeniyetmə və gənclərimizi narkomaniyadan necə qoruya bilərik?

- Azərbaycanda dövlət siyasəti kontekstində narkotiklərlə mübarizənin qiymətləndirilməsi həyata keçirilən tədbirlərdə aparılan sorğuların nəticəsi ilə ölçülə bilər. Bu nəticənin göstəricisi gənclərin məlumatlılıq səviyyələrini və qavrayışlarını müəyyən edir. Narkomaniya ilə mübarizə son illərdə ölkəmizdə ən fundamental sosial problemlərdən hesab edilsə də, bu mövzuda kifayət qədər iş görülüb-görülməməsi mübahisəlidir. Müəyyən qruplar bunu qəbul etmək istəməsə də, narkotik problemi ciddidir və görülən işlər yetərsizdir. Hər bir həyata keçirilən layihə problemin ancaq kiçik hissəsini əks etdirir. Bəli, sadəcə əks etdirir, problemi həll etmir.

Mənim fikrimcə, bütün sahələrdə problemin həllində bir aksioma var: “Yol varsa gedən olacaq”. Problemi kökündən həll etmək üçün yolu bağlamalısan.  

Narkomaniya öncə sosial problemdir. Sonra ailədən, məktəbdən başlayan, bir qədər də mürəkkəb olan problem gəlir. Bu kontekstdə gənclərin narkotik tələsinə düşməsinin qarşısının alınmasında ən böyük məsuliyyət həm ailələrin - valideynlərin, həm də müəllimlərin üzərinə düşür. Əsasən ailələrdə sevgi, qayğı görməyən uşaqlar bu bəlanın cənginə düşürlər. Ailə böyüklərindən diqqət görməyən gənclər bunu kənarda axtarır, boşluğa düşür, çox vaxt da yanlış dost, çevrə seçimi problemə səbəb olur. Valideynlər unutmasınlar ki, asılılığı müalicə edən ən təsirli dərman “sevgi”dir.

Azərbaycan Cinayət Məcəlləsində adam öldürənə cəzanın verilməsi necə şərtləşdirilirsə, narkotik vasitələrin satışı ilə məşğul olanlara da eyni cəzalar tətbiq edilməlidir

- Ölkəmizdə narkotiklərin qanunsuz dövriyyəsinə və narkomaniyaya qarşı mübarizə günbəgün genişləndirilsə də, cəmiyyətimizi bu bəladan xilas etmək mümkün olmur. Sizcə, maarifçiliyin genişləndirilməsi, yoxsa cəzaların sərtləşdirilməsi daha məqbul variantdır?

- Bu sualın cavabını yuxarıda qismən verdim, amma xüsusi olaraq cavablandırmaq gərəkdirsə, yeniyetmə və gənclər, yəni narkotik istifadəçiləri və ya istifadəyə meyllilər arasında maarifçiliyin genişləndirilməsi, satışı ilə məşğul olanlara isə cəzaların sərtləşdirilməsi münasibdir. Narkotik satışı dolayı yolla insan öldürmək deməkdir. Azərbaycan Cinayət Məcəlləsində adam öldürənə cəzanın verilməsi necə şərtləşdirilirsə, narkotik vasitələrin satışı ilə məşğul olanlara da eyni cəzalar tətbiq edilməlidir.

Bundan əlavə, qeyd edim ki, cəmiyyətimizdə gənclər, hətta böyüklər də aludə olan insanlarla qarşılaşdıqda nə edəcəklərini dəqiq bilmirlər, çox vaxt onlardan qorxub qaçırlar. Narkomanlara və ya narkomaniyaya meylli şəxslərə reaksiyanın istiqaməti çox vacibdir. Ona görə də, bu mövzuda məlumatlılığın artırılması, məsələn, aludəçi insanla qarşılaşdıqda necə davranmaq, hara, kimə müraciət etmək barədə məlumatlılığın artırılması çox faydalı olardı.

- Narkomaniyanın zərərləri ilə bağlı yeniyetmə və gənclər arasında aparılan təbliğat işlərində tanınmış insanların, xüsusilə müğənnilərin, aktyorların, jurnalistlərin, digər sənət adamlarının cəmiyyətdəki nüfuzundan faydalanmaq mümkündür?

- Mümkündür, həm də lazımdır. Məsələn, çəkilən filmlərdə bir monoloq və ya dialoq şəklində nartotikin zərəri ilə bağlı süjet verilə bilər, tanınmış aktyorlar tərəfindən səsləndirilən / çəkilən bu video-çarxlar sosial şəbəkələrdə yayımlanmalıdır. Tanınmış müğənnilər problemin həlli ilə bağlı reklamlar çəkməlidirlər. Bunun üçün lazım olan maliyyəni əlaqədar dövlət qurumları və ya xeyriyyəçi iş adamları təmin etməlidirlər.

- Təbii ki, narkomaniyadan xilas olmaq üçün ilk növbədə narkotik satışını önləmək, yəni narkotiki insanlar üçün əlçatmaz etmək vacibdir. Siz necə düşünürsünüz, bu sahədə əlavə nə kimi tədbirlər görülə bilər?

- Bəli, bu problemin həllində əsas addım narkotik vasitələrin ölkəyə girişini dayandırmaqdır. İkinci addım isə nartotik bitkilər istehsal edənlərə və ucuz uyuşdurucu malların (apteklərdə və digər yerlərdə) satışına nəzarəti gücləndirmək lazımdır. İnsanlar arasında təbliğat aparılmalıdır ki, belə hadislərlə qarşılaşdıqlarında məlumat versinlər. Məlumat üçün əlaqə nömrələri hər aptekdə, ümumiyyətlə əlçatan yerlərdə yazılı olaraq yerləşdirilməlidir. Həm də bildirmək lazımdır ki, məlumat verənin anonimliyi qorunacaqdır. 

Narkomaniyanın zərərləri ilə bağlı təhsil sistemində dəyişikliyə gərək yoxdur, ancaq təlim-tərbiyə işlərinin gücləndirilməsinə ehtiyac vardır

- Ümumiyyətlə, narkomaniyanın zərərləri ilə bağlı təhsil sistemində hər hansı dəyişikliyə ehtiyac duyursunuz? Yəni bununla əlaqədar ayrıca dərs vəsaiti hazırlanmalıdır?

- Narkomaniyanın zərərləri ilə bağlı təhsil sistemində dəyişikliyə gərək yoxdur, ancaq təlim-tərbiyə işlərinin gücləndirilməsinə ehtiyac vardır. Bir məktəbdə bir yox, bir neçə psixoloqun (xüsusilə kişi psixoloq) ştatla işləməsi problemin həllinə müsbət təsir göstərə bilər. Bununla əlaqədar ayrıca dərs vəsaiti deyil, məktəb müəllimləri və psixoloqların istifadəsi üçün əlavə vəsait (broşur) hazırlanmalıdır.

Xüsusi qeyd kimi bildirim ki, mən “Kitab Evi” İctimai Birliyinin sədri olaraq bir neçə il öncə uşaq və gənclərin psixoloji problemi ilə bağlı, təxminən mövzuya yaxın olan bir layihə həyata keçirmişdim.

Söhbətləşdi: Fuad BİLƏSUVARLI

Stopnarkotik.az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Sabah qar yağacaq
16/11/2024 - 13:01
Bu xanımlara vəzifə verildi
16/11/2024 - 13:00
Sabiq prokuror vəfat etdi
14/11/2024 - 13:21