Axşam yeməkdən imtina arıqlamağa kömək edir?
Artıq çəkidən qurtulmaq istəyən bir çox insan müxtəlif pəhrizlər və qida məhdudiyyətlərinə müraciət edir. Bu üsullardan biri də saat 18:00-dan sonra yeməkdən imtina etməkdir. Amma bu metod həqiqətən arıqlamağa və nəticəni uzun müddət saxlamağa kömək edirmi? Axar.az Oxu.az-a istinadən xəbər verir ki, rusiyalı dietoloq və endokrinoloq Yuliya Atamanova bu mövzu ilə bağlı fikirlərini bölüşüb. Mütəxəssisin sözlərinə görə, 18:00-dan sonra yeməkdən imtina insanı qısa müddətdə arıqlada bilər. Lakin bu metodun ciddi bir mənfi cəhəti var - o, uzunmüddətli nəticələr təmin etmir. "Axşam saatlarına yaxın aclıq hissi toplanır. Çox vaxt nahar və şam yeməyi arasındakı fasilə 5 saatdan çox olur. Yorğunluqla birlikdə insanın özünü yeməklə mükafatlandırmaq arzusu yaranır. Bu vəziyyətdə porsiya ölçüsünü nəzarətdə saxlamaq çətinləşir. Belə bir rejimdə tez-tez pozuntular baş verir və çəki geri qayıdır. Həmçinin insanlar yeməksiz rahatlanmağı və zövq almağı öyrəşə bilmir, dostları və qohumları ilə görüşlərdən imtina etməkdə çətinlik çəkirlər. Buna görə də bu rejimdə uzun müddət yaşamaq mümkün deyil" , - deyə Atamanova vurğulayıb. Dietoloq qidalanma rejimini tarazlaşdırmağı, güclü aclıq hissinin qarşısını almağı və porsiya ölçüsünə nəzarət etmək üçün gün ərzində bir neçə qəlyanaltı etməyi məsləhət görüb: "Düzgün tərtib edilmiş rasion və kalori defisiti ilə istənilən saatda yemək mümkündür və buna baxmayaraq arıqlamaq olar".