"Aynadakı adam", yaxud aynalar və adamlar - Lütviyyə Əsgərzadə yazır

27/11/2024 - 13:00

Lütviyyə ƏSGƏRZADƏ
Filologiya elmləri doktoru, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi

Şeir oxumaq mənim üçün ehtiyacdır, mənəvi istirahətdir. Hələ o şeirdə fəlsəfi düşüncə varsa... Oxuduğum şeir haqqında düşünmək, şairin duyğularını oxumaq, mənəvi aləminə yolçuluq etmək cəhdi mənim üçün bir zövqdür, mənəvi tələbatdır.

Bu günlərdə publisist və şair Rahil Tahirlinin "Aynadakı adam" şeirlər kitabının təqdimatı keçirildi. Dəvətlilər arasında mən də var idim (dəvətə görə Rahil Tahirliyə və kitabın redaktoru, "Mədəniyyət" qəzetinin redaktor müavini Fariz Yunisliyə xüsusi təşəkkür edirəm). Mütəmadi yağışlar səhhətimdəki problemləri qabartsa da, özümə söz verdim: mütləq bu imza gününə və təqdimata gedəcəyəm. Və getdim. Nə yaxşı ki getdim. Rahil Tahirlinin sayəsində ömrümüzə bayram havasında bir gün yazıldı. Əlindəki kitabı mənə təqdim etməsi gözəl hədiyyə oldu. Kitabı vərəqlədim. "Ön söz"süz nəşr edilməsi diqqətimi çəkdi. Bu şairin özünə və sözünə böyük inamından xəbər verirdi. Diqqətimi çəkən digər bir məqam isə tədbirə alim, aşıq, şair, sufizm haqqında elmi tədqiqatların müəllifi Fəxrəddin Salimin aparıcılıq etməsi oldu. Tədbir boyu şairin anası Gülnaz xanım, qardaşı - Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədri Sahil Tahirlinin, bacısı - Naxçıvan Dövlət Universitetinin müəllimi Gülay xanımın təqdimatda iştirak etməsini, əsl Azərbaycan ailəsinin birliyini, səmimiyyətini və məhəbbətini izlədikcə: "Hələ bu dünyada yaşamağa dəyər", - dedim. Bu tablo həm də gözəl nümunə idi. Bütün bunlar öncədən təqdimatın hansı ruhda keçəcəyindən xəbər verirdi. Yüksək səviyyədə keçən təqdimatdan mənə müəllifin imzaladığı "Aynadakı adam" kitabı və xoş təəssürat qaldı.

Neçə gündür, şairin oxuduğum və təsirindən çıxa bilmədiyim şeirləri haqqında düşünürəm. Şairin yaradıcılığı haqqında düşüncələrim, daha doğrusu, Rahil Tahirlinin fəlsəfi düşüncələri, Tanrı, insan, dünya, kainat, ölüm haqqındakı fikirləri məni yazmağa məcbur etdi.  Ən çox da diqqətimi çəkən və məni düşündürən kitabın adı oldu: "Aynadakı adam".   

Ayna və adam... Adam sözünün izahı açıq ensiklopediyada belə verilir: "Şüurlu davranmaq, danışmaq və düşünmək qabiliyyəti olan ictimai varlıq, yəni insan və ya adam". Əsasən, insanların arasından əxlaqı, təfəkkürü, davranışı, comərdliyi ilə seçilən şəxslərə adam deyilir. Ayna isə ta qədimdən bir çox cəmiyyətdə diqqət çəkmiş bir obyektdir. Bütün dinlərdən öncə yaranan, türkün düşüncə sistemi sayılan şamanizmdə, vəhdəti-vücud fəlsəfəsində aynaların önəmli missiyası var. İnanca görə, şaman aynaya baxaraq gələcəkdən xəbər verir, öz ruhunu görə bilir. Folklorumuzda, sehrli aynaların gələcəkdən xəbər verməsi, uzaq yerləri göstərməsi, insanlarla danışması haqqında fikirlər var. Zaman-zaman aynaya dərin və fərqli mənalar yüklənmiş, ayna ruhlar aləminə açılan pəncərə kimi qəbul edilmişdir. Aynalar həm də bu dünya ilə o biri dünya arasında sərhədi simvolizə edir. Vəhdəti-vücud fəlsəfəsində aləm aynadır. Vəhdəti-vücud arifləri varlıq və yoxluq arası əlaqələrin izahında tez-tez sufizmin məşhur ayna metaforuna müraciət etmişlər. Məsələn, İbn Ərəbiyə görə, "Aləm Haqqın aynası", M.Şəbüstəriyə görə, "Ədəm mütləq varlığa aynadır". Aləm əks etdirdiyi Tanrı surətinin aynasıdır.

Aynaların tarixi çox qədimdir. İlk aynalar qədim Şumerlərdə, Hindistanda və Misirdə, ilk şüşə aynalar isə Murano adasında yaşayan Venesiya ustaları tərəfindən düzəldilib (XII əsrdə). Maraqlıdır ki, venesiyalılar 200 il aynaların düzəlməsi sirrini gizli saxlayıblar. Ayna haqqında fəlsəfi düşüncə Azərbaycanın dahi şairi Nizami Gəncəvinin poeziyasında geniş şəkildə əks olunub. Biz isə burada Rahil Tahirlinin aynalarla həsbi-halını, aynaların ona, onun aynalara anlatdıqlarına ayna tutmağa çalışacağıq. Rahilin şeirlərinin təhlilindən öncə aynanın vəhdəti-vücud fəlsəfəsində və türkün ən qədim inanc sistemi sayılan Şamanizmdəki yerindən aynalardan, aləmdən onun sehrindən bəhs etməyimiz, şairin kitabına "Aynadakı adam" adını olaraq seçməsi kimi, təsadüf deyil. Çünki Rahil Tahirli ruh adamıdır, şaman kimi üzü göylərdədir, anlamaq və anlatmaq istədikləri mənəvi müstəvidədir. Şeirlərin ruhu, daha doğrusu, şairin ruhu, düşüncəsi məni XIII əsrdə yaşamış məşhur sufi mütəfəkkir Mövlana Cəlaləddin Ruminin dini-mistik fəlsəfi dünyasına götürdü, düşüncə sistemini qələmə aldığı "Məsnəvi"ni, neyi xatırlatdı.

Qeyd edim ki, "Məsnəvi"nin ilk on səkkiz beytində "Ney" birinci yerdədir. Köhnə təfsirçilərə görə, bu on səkkiz beytdəki ney "Kamil insan"dır. Neydən çıxan hər bir səs Allahın iradəsini bildirir. Axtarışda olan şairin, "Aynadakı adam"ın şeirləri Tanrı, insan, dünya, kainat, ölüm haqqındakı düşüncələrinin poetik ifadəsi, "ney" kimi anlatmaq istədikləridir. "Bu dünya ilə xırda ilişiyi qalan", "Aynadakı adam"ın da bizə anlatmaq istədikləri ruh dünyasında yaşadıqları, aynaya (aləmə) baxdıqda gördükləri, "Göy üzündə qalan Xuda"sına pıçıldadıqlarıdır:

Beləcə durub baxıram,

Lap qıraqda dayanmışam.

O mənim evimdir-yanıb,

Mən də içində yanmışam.

 

Xəbərim yox yer üzündən,

Göy üzündə Xudam qalıb.

İndi hamı çıxıb gedib,

Aynadakı adam qalıb.

Rahilin şeirlərini oxuduqca Rumini xatırlamamaq mümkün deyil. Onun "Mən də içində yanmışam", - sözləri Ruminin məşhur "Xamdım, yandım, bişdim", -  sözlərini xatırladır, şairin dünyagörüşünün hansı mərhələdə olmasından xəbər verir. Rahilin şeirlərini oxumaq, onun dünyagörüşünü oxumaq, fəlsəfi düşüncələrini oxumaqdır. Onun özünüdərkə qədəm qoyduğunu, özündən-özünə səyahətini izləməkdir.

Bütövlükdə, Rahil Tahirlinin aynalarla söhbəti, mənəvi dünyasına səyahəti özündən-özünə səyahətdir. Və bu səyahət üçün ən önəmli obyekt aynadır. Şairin aynanı obyekt olaraq seçməsi təsadüfi deyil. Biz, yəni insan hər şeyi, yeri-göyü, Ayı, Günəşi, ulduzları, bütövlükdə təbiətdəki bütün gözəllikləri görürük. Bizi bizə göstərən isə aynalardır. Digər tərəfdən, aləm eyni anda həm ayna, həm də əksdir. Surət, ayna və əks arası bu incə məqamları nəzərə alan Türk-İslam fəlsəfəsində xüsusi yer və dəyərə sahib olan Sədrəddin Konəvinin fikrincə, ayna özündə əks olunanın həqiqəti üçün yox, onun bənzəri və görüntüsü üçün mahaldır. Aləm vahid varlıq və varlığa sahib yeganə vücudun, Tanrının aynasıdır. Bu qədər müqəddəs missiya yüklənən ayna, eyni zamanda, bizə özümüzü göstərir, özümüzü xatırladır. Hətta anlayana savablarını, günahlarını da göstərir. Bir növü insanın nəzarətçisi rolunu oynayır. Vəhdəti-vücudda aləm sayılan (aləm həm də aynadır) aynada özünə baxmaq, özünü görmək, mənfiləri düzəltmək, özünütərbiyə etməyə çalışmaq insanın kamilləşmə prosesinin başlanğıcıdır. Rahili də özündən-özünə səyahətə götürən, özünü və aləmi xatırladan aynalardır:

Arzum yolda qalmasa,

Məni fikir almasa.

Aynalar da olmasa,

Unudaram özümü...

Fəlsəfi düşüncə olmayan şeir yavan şeirdir. Rahil Tahirli təbiəti dərk edir. Onun şeirlərində yarpaqların budaqdan torpağa düşməsi, torpağa qarışması ilə, insanın "torpağın yaxasını açıb geyməsi" eyni məhiyyətdədir. Rahildə şairliklə mütəfəkkirlik vəhdətdədir.

Yarpağı düşər budağın,

Yolu aşılar bu dağın,

Öpüb, qoxlayıb... torpağın

Yaxasın açıb geyərəm.

 Olumla başlayıb ölümlə sonlanan həyat adlandırdığımız ömür payını, bu dünyadakı missiyasını və bu dünya ilə yanaşı, başqa bir  dünyanın da olduğu qənaətində olan Rahilin dediyi dünya bu deyil. Ruhumuzun aid olduğu məkan, Tanrı dərgahıdır.

İnsanın mənəvi yüksəlişini günəşlə paralelləşdirən Rahil Tahirlinin düşüncəsi maraqlıdır.

Guya başqa nə olur?..

Əcəl və əzəl olur.

Adam da günəş kimi

Üfüqdə gözəl olur.

Günəş yüksəkdədir və dünyanı işıqlandırır. Bəs insan? İnsan bu dünyanı tərk edərkən onun ruhu göyə yüksələcək. Ruhun aid olduğu yerə yüksəlməsini şair günəşə - üfüqdən  gözəl görsənən günəşə bənzədir.

Hara getsə, əli şamlı

Qəmi izləməkdir ömür.

Var-gəl eyləyə-eyləyə

Ölüm gözləməkdir ömür.

Şairin ölümdən yazması düşündürücüdür. Ölümün fəlsəfəsini anlamaq, ölmədən öncə ölmək hər adamın işi deyil. Dünyaya gəlmək, doğulmaq, həyata girişsə, ölüm çıxışdır. Eyni zamanda yeni bir başlanğıcdır. Ölümlə bu dünyadakı səyahətimiz başa çatır, ruhumuz aid olduğu yerə, tənimiz yarandığı torpağa qovuşur.

İnsanın öləcəyini bilməsinə hər kəsfərqli müstəvidən yanaşır. Kimi  dünyadan gedəcəyini bildiyi üçün üzülür. Kimi də ölümü Tanrıya qovuşmaq, varlıqda yox olmaq, "bədəndə əzab çəkən ruhun" aid olduğun yerə dönməsi kimi qəbul edir. Atasının ölümünə, ruhun aid olduğu yerə dönməsinə, şair üzülür, amma üsyan etmir:

Soraq gəldi qəbirdən,

Ürək durdu qəfildən.

Atam, ölüm bir də mən,

Üsyan yoxdur, hüzn var.

Bütövlükdə, min illərdir insanlığı düşündürən ənənəvi mövzulara Rahil Tahirlinin yanaşması fərqli, düşüncələri fəlsəfidir. Bu qədər ağır suallara cavab axtaran, yoxluğun, və ya çoxluğun içində yalnız qalan şair, düşüncələrini "Aynadakı adam"la bölüşür. "Ruh-vücud hesabatı" verir. Hər dəfə ayna qabağına keçəndə yalnız öz varlığını deyil, bu varlığı ona verən Tanrını görür. Rahil üçün ayna, aləmi görməkdir. Aləm isə əks etdirdiyi Tanrı surətinin aynasıdır.

Rahil Tahirlinin "Aynadakı adam" kitabında qələmə aldığı şeirlər "Bir də məndən bax özünə" başlığı altında təqdim olunur.  Əgər bəhs etdiyimiz şeirlərdə şairin Tanrı, insan, dünya, tale haqqında axtarışları, düşüncələri ağırlıq təşkil edirsə, "Bir də məndən bax özünə" şeiri şairin cavabsız suallarının və yer üzündə yaşananların Allaha ünvanlanmasıdır. Bu dəfə aynanın missiyasını üstlənən şair, mütəfəkkircəsinə Allaha müraciət edir: "Bir də məndən bax özünə".

Bu zaman onu düşündürən önəmli bir məsələyə toxunur, "namərd dünya" məsələsinə. Namərd insanlar dünyanın dəngəsini pozur. İnsanın namərdliyi dünyaya yüklənir. Bir tərəfdən də, Allahın yaratdıqlarının əməllərindən xəbərdar olduğunu, "bezdiyini" ifadə edir:

 

Nədir bizdə bu ayrılıq,

Adına da dərd deyirlər.

Namərdliyi insan edir,

Dünyaya namərd deyirlər.

 

"Ol" dedin, oldu adamlar,

Dilin gəlmir dağıtmağa.

Bilirəm, Sən də bezibsən.

Əlin gəlmir dağıtmağa.

Dünya imtahan yeridir fikiri səbəbsiz formalaşmayıb. İnsanın həyatı və ya ömrü Tanrının insanlara bəxş etdiyi düyünləri açmaqla keçir. Bir düyünü həll edirsən, digər bir problem yaranır. Elə düyünlər də var ki, açılması müşküldür. Və elə insanlar da var ki, ağıl və zəkası ilə ən müşkül düyünü açmağı bacarır. Məsələn, Makedoniyalı İsgəndərin "Qordi düyünü"nü açması kimi. Rahilin "Düyün" şeiri də bu baxımdan əhəmiyyətlidir. Şairin fikrincə, "Dünyamız düyündür göyün üzündə". İnsanın ömrü düyün altından çıxan düyünləri açmaqla keçsə də, Allahın  açılmasını istəmədiyi, "düyün üstünə düyün vurduğu düyünlər" də var.

Yox, biz sıxılmırıq, düyünlər sıxır,

Dünyamız düyündür göyün içində.

Hər düyün altından bir düyün çıxır,

Adam düyün düşür düyün içində.

Rahil Tahirlinin şeirlərini bir məqalədə küll halında təhlil etmək, təbii ki, mümkün deyil. Ancaq "Gəlib sahilinə çatdığım dəniz" şeirinə da toxunmadan olmaz. Çünki Rahilin "Dəniz" şeiri onun fəlsəfi düşüncələrini öyrənməkdə açar rolunu oynayır.

Qədim zamanlardan sonsuz sevginin simvolu olan dənizə saysız-hesabsız şeirlər yazılıb, nəğmələr bəstələnib. Rahilin "Gəlib sahilinə çatdığım dəniz" şeirinə də mahnı bəstələnib. Təqdimatda mahnını Fəridə xanım Mirişovanın həzin və gözəl ifasında dinlədik.  Gözümüzün önündə dəniz intəhasızlığı, dalğalar maviliyi  və gözəlliyi ilə bütün gözəlliyi ilə canlandı. Şair mahnıda romantik duyğularından çox fəlsəfi  düşüncəsini pıçıldayır.

Ədəbiyyatda gözəlliyin, ənginliyin, huzurunu, maviliyin simvolu kimi işlənındəniz, Rahil Tahirlinin şeirində mistik bir məna kəsb edir. Təsəvvüfdə mistik əhval-ruhiyyə dəniz metaforası ilə ifadə olunur. Mistik mənada dəniz birlik, damcılar və dalğalar çoxluqdur. Rahilin "göz yaşlarının izinə düşərək gəlib sahilə çatması" fəna-fillah mahiyyətindədir. İzahlı dini termlər lüğətində yazılır: "Fəna-fillah... bəndənin bəşəri xüsusiyyətlərindən və pis arzulardan uzaqlaşıb, ilahi vəsflərə qərq olması halıdır". Füzuli yazır: "Məndə olan aşikar sənsən / Mən xod yoxam, ol ki var, sənsən". Rahil isə yazır:

Düşüb göz yaşımın izinə bir vaxt

Gəlib sahilinə çatdığım dəniz.

Özümə yazdığım məktubu salıb

Şüşənin içinə atdığım dəniz.

Dənizin sahilinə çatmaq, bədəni bəşəri xüsusiyyətlərdən arındırmaq və ilahi vəsflərə qoşmaq üçün öncə birlik və çoxluğun simvolu olan dənizə baş vurmaq gərəkdir. Artıq Rahilə şair deməkdə acizlik hiss edirəm. Rahil mütəfəkkircəsinə mərifət dənizinə baş vurur, arınır, ilahi vəsflərə qərq olur. Bu, damlanın dənizə qatılaraq itməsidir. Sahilə çatan onun bədənidir.

Sənin duyduğundan çoxunu duyub,

Səndəki sevdiyim qoxunu duyub,

Gəlib içindəki qorxunu duyub

Uzanıb yanına yatdığım dəniz.

Poeziya ilhamdır, nəfəsdir, bədənin tərbiyəsidir, səhrada duadır, mövcud olmayanla ünsiyyətdir, duadır, peşmanlıqdır, epifaniyadır, fenomendir, ovsundur, cadudur, magiyadır". Bu baxımdan, Rahil Tahirlinin "Aynadakı adam"dakı misraları onun fəlsəfi düşüncəsinin inikası, ney kimi inləyən könlünün təlatümü, anlatmaq istədikləri, mövcud olmayanla ünsiyyəti, ruhunun aynasıdır. Rəqəmlər sonsuz olduğu kimi, təfəkkürün sonu heyrət, heyrətin sonu vəhdəti-vücuda - Tanrıya yüksəlməkdir! Yüksəlişin mübarək olsun, Rahil Tahirli!

Qafqaz.Media 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Rasim Abdullayev vəfat etdi
26/11/2024 - 11:37
Cücə şorbası - Hekayə
19/11/2024 - 22:18