Azərbaycan və Özbəkistan arasında informasiya sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub
Özbəkistan Respublikasının Daşkənd şəhərinə səfər çərçivəsində Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılovun rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 24-də Özbəkistan Respublikası Prezidenti Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyinin baş direktoru Asadjan Xocayev ilə görüşüb. Agentlikdən APA-ya verilən xəbərə görə, görüşdə iki ölkə arasında media və kommunikasiya sahələrində effektiv və genişmiqyaslı əlaqələrin qurulması, həmçinin informasiya-kommunikasiya sferasında qlobal səviyyədə mühüm aktuallıq kəsb edən məsələlər barədə geniş fikir mübadiləsi aparılıb, spesifik layihələrin icrasının böyük əhəmiyyət kəsb etdiyi vurğulanıb. Özbəkistan tərəfi media və informasiya sahəsində, habelə saxta xəbərlərlə mübarizədə Azərbaycanın təcrübəsini öyrənməyə maraqlı olduğunu ifadə edib, bu kontekstdə sözügedən sahədəki strateji yanaşmanın qarşılıqlı formada inkişafının vacibliyi diqqətə çatdırılıb. Danışıqlar zamanı iki ölkənin qabaqcıl informasiya agentlikləri arasında xəbər və təcrübə mübadiləsinin artırılmasının ölkələrin informasiya mühitinin gücləndirilməsinə, media məkanında həyata keçirilən müxtəlif informasiya hücumlarına qarşı effektiv mübarizə metodlarının tətbiqinin formalaşmasına töhfə verəcəyi qeyd olunub. Bununla yanaşı, “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında media sahəsində əməkdaşlığın inkişafına dair “Yol Xəritəsi”nin icrası istiqamətində görüləcək tədbirlər haqqında geniş fikir mübadiləsi aparılıb, təkliflər verilib.