Azərbaycanın Çinlə münasibətlərinin qarşılıqlı faydaya əsaslanması milli maraqlarımız baxımından xüsusi əhəmiyyətə malikdir - ŞƏRH

06/07/2024 - 07:55

Azərbaycan dövlətinin xarici siyasətində müəyyənləşdirdiyi əsas meyar olan “bərabər tərəfdaşlıq” prinsipi başqa ölkələrlə əlaqələrimizin inkişafına imkan verir. Elə ona görədir ki, son zamanlar tərəfdaşlarımızın sayı çoxalır və onlarla münasibətlərimiz strateji səviyyəyə yüksəlir.Azərbaycan-Çin münasibətləri də yarandığı tarixdən inkişaf edərək bu gün ən yüksək zirvəyə çatıb. Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Astanada keçirilən Zirvə toplantısında hər iki ölkə rəhbərinin görüşü çərçivəsində imzalanan Birgə Bəyannamə ilə ölkələr arasında əlaqələr diplomatik münasibətlərin ən yüksək göstəricisi olan strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Birgə Bəyannamədə bir çox sahələr üzrə əməkdaşlıq nəzərdə tutulur. Əlbəttə, bu razılaşma iqtisadiyyatın bir çox sahələri üzrə inkişaf edən Çin bazarına girməyimiz üçün əlverişli mühit formalaşdırır. Həmçinin Azərbaycandakı sabitlik, iqtisadi vəziyyət də Çinin ölkəmizə investisiya yatırması üçün böyük imkanlar yaradır. Eyni zamanda, Çinin artan istehsalı onun ticarət yollarını şaxələndirməsi üçün alternativlər axtarmasını zəruri edir. Çünki məhsulu istehsal etməklə yanaşı, dünya bazarlarına çıxarmaq üçün qısa və az maliyyə tələb edən ticarət yollarının qurulması da əsas amildir.

Bu sözləri Qafqaz.Media.az-a açıqlamasında Ana Vətən Partiyası sədrinin müavini, politoloq Yalçın Hacızadə söyləyib.

O bildirib ki, bu münasibətlər sürətli iqtisadi inkişaf yolu seçərək daha çox mal, məhsul istehsal etməklə dünya bazarında önəmli yer tutmaq istəyən Çin üçün də daşıma, nəqliyyat – kommunikasiya imkanları yaradır. Buna görə də tərəflər iki ölkənin inkişaf strategiyalarını birləşdirməyə, “Bir kəmər, bir yol” çərçivəsində bütün sahələrdə praktiki əməkdaşlığı dərinləşdirməyə, Çindən Avropaya və əks istiqamətdə Cənub dəhlizinin yük qatarları üçün fasiləsiz işini və sürətləndirilmiş inkişafını birgə təşviq etmək məqsədilə Azərbaycanla və marşrutboyu yerləşən digər ölkələrlə daha sıx işləməyə, regional praktiki əməkdaşlığın dərinləşdirilməsi üçün əlverişli şərtlər yaratmağa, istehsal-təchizat zəncirlərinin təhlükəsizliyini və sabitliyini birgə təmin etməyə hazır olduqlarını bildiriblər.

"Azərbaycanın yerləşdiyi Cənubi Qafqaz, Xəzər-Qara dəniz hövzəsi Avropa və Asiyanın nəqliyyat–kommunikasiya xətlərinin kəsişməsi, siyasi, hərbi və iqtisadi cəhətdən mühüm əhəmiyyətə malik bölgə, eyni zamanda, zəngin karbohidrogen ehtiyatları ilə zənginliyinə görə hər zaman diqqət və maraq mərkəzində olub. Azərbaycanın milli maraqlara əsaslanan xarici siyasəti ölkənin regionda gedən siyasi və iqtisadi proseslərdə fəal iştirakını təmin edir, öz məqsədini maksimum səviyyədə reallaşdırmağa imkan verir. Yəni, ölkələrimiz mübarizələrin getdiyi və ya maraqların toqquşduğu çox çətin regionda yerləşməsinə baxmayaraq, bütün tərəflərlə qarşılıqlı maraqları nəzərə alan ikitərəfli və çoxtərəfli münasibətlər qurmağı bacarır.

Dünyanın super gücünə çevrilən Çinlə münasibətlərimizin bərabər tərəfdaşlıq, qarşılıqlı hörmət səviyyəsində olması və bu əlaqələrin qarşılıqlı faydaya əsaslanması milli maraqlarımız baxımından xüsusi əhəmiyyətə malikdir.

Ölkəmiz dünyada gərginliyin deyil, inteqrasiyanın tərəfdarıdır. Prezident İlham Əliyevin müəyyən etdiyi strategiya ilə həyata keçirilən xarici siyasət nəticəsində Çinlə yanaşı, bir çox ölkələrlə birgə maraqlara söykənərək qurulan əlaqələr bütün dünya üçün örnək olmalıdır”, - deyə politoloq vurğulayıb.

Fuad BİLƏSUVARLI

Qafqaz.Media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ