Bakı Bələdiyyə Teatrının səhnələşdirdiyi “Xan qızı” tamaşasının nümayişi oldu

04/06/2024 - 15:54

Qafqaz.Media xəbər verir ki, İyunun 3-də Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə 
Bakı Bələdiyyə Teatrının səhnələşdirdiyi “Xan qızı” tamaşasının nümayişi oldu. 
“Aktyorlar Evi”ndə nümayiş olunan tamaşa Xalq yazıçısı, dramaturq İlyas Əfəndiyevin 110 illiyinə, eyni zamanda teatr və kino aktrisa, Xalq artisti Amaliya Pənahovanın əziz xatirəsinə həsr edilmişdir.
Təqdimatda ölkənin tanınmış mədəniyyət və incəsənət xadimləri, eləcə də İlyas Əfəndiyevin ailəsi iştirak edirdilər. 
Tamaşadan öncə  Azərbaycan Dövlət Teatr Xadimləri İttifaqının
sədri, Xalq artisti Hacı İsmayılov səhnəyə çıxaraq tədbirin məqsədini açıqladı və İlyas Əfəndiyevin geniş şaxəli yaradıcılığından bəhs etdi. Sonra söz teatrşünas, professor Məryəm Əlizadəyə verildi.  
M.Əlizadə Xalq yazıçısının yaradıcılığı ilə Xalq artisti Amaliya Pənahovanın birgə ərsəyə gətirdiyi tamaşaları əhatə edən geniş çıxış etməklə yanaşı, sonda çıxışını Bakı Bələdiyyə Teatrının fəaliyyətini əks etdirən fikirlərlə yekunlaşdırdı. Daha sonra söz BBT-nin baş rejissoru, Xalq artisti Mərahim Fərzəlibəyova verildi. 
M.Fərzəlibəyov İlyas Əfəndiyevin əsərlərilə Azərbaycan nəsrinin inkişafını yeni mərhələyə yüksəltməsindən, XX əsr ədəbiyyatımızın klassiki, ədəbi-tənqidi-ictimai fikrimizin inkişafında əvəzsiz xidmətlərinin və Azərbaycan dramaturgiyasının inkişafında böyük xidmətlər göstərmiş görkəmli sənətkarlar sırasında özünəməxsus yerə sahib olmasından bəhs etdi. 
Qeyd edək ki, İlyas Əfəndiyevin dram əsərlərinin əksəriyyətinin böyük uğurla tamaşaya qoyulması Azərbaycan teatr sənətinin inkişafında mühüm rol oynamışdır ki, bu da onun adını Azərbaycan tarixinə görkəmli yazıçı, lirik – psixoloji üsluba üstünlük verən dramaturq kimi yazmışdır. 
İ.Əfəndiyev Sovet dövrü Azərbaycan ədəbiyyatının ən böyük milli ruha sahib yazıçısı hesab olunan, öz əsərlərində vətənpərvər duyğunu, tapdanan haqlarımızı, Azadlıq yolunda olan mübarizə ruhunu qələmə alan, mövcud rejimdən qorxmayan, cəsarətli yazıçılarımızdan biri olub.
Onu əsərləri ədəbi aləmə, teatr mühitinə  yeniliklər gətirib. 
Yazıçının “Xurşidbanu Natəvan” pyesi tarixi mövzuda yazılan, müasir həyatımızla səsləşən ən qiymətlı əsərlərdən biri hesab olunur. 
Əsərdə olduğu kimi, tamaşada da dramatik konflikt ən çox Natəvanın taleyi üzərində qurulub.
M.Fərzəlibəyovun 1981-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram teatrının səhnəsində hazırladığı eyniadlı tamaşada Azərbaycan teatr tarixində Xurşidbanu Natəvan obrazını ilk dəfə olaraq Amaliya Pənahovanın bənzərsiz və özünəməxsus şəkildə yaratması onu sadəcə bir şairə kimi deyil, eyni zamanda böyük bir şəxsiyyət, özünün siyasi görüşləri olan, dövrünün çatışmazlıqları ilə mübarizə apara bilən bir azərbaycanlı qadını kimi canlandırması geniş tamaşaçı auditoriyasının yaddaşında silinməz izlər buraxmaqla yanaşı, eyni zamanda teatr tarixinə qızıl hərflərlə yazılmışdır.
Həmin illərdə aktrisa Şuşa şəhərində keçirilən Natəvan poeziya günlərində iştirak etmiş və xalqın yaddaşında bu günə qədər də Xurşidbanu Natəvan obrazında canlanır.
Tamaşanın yeni quruluşunun müəllifi və rejissoru görkəmli teatr rejissoru, Xalq artisti Mərahim Fərzəlibəyovdur.
Yeni quruluşda Natəvanın həyatından dramatik səhnələr yer alıb. Onun 1872-ci ildən rəhbərliyilə sarayında davam etdirilən, otuzdan çox üzvü olan “Məclisi-üns, şəxsi həyatı yer alıb. Eyni zamanda tamaşada şairənin şerlərinə də geniş yer verilib.
Tamaşanın sonunda ekranda görkəmli aktrisa Amaliya Pənahovanın 1981-ci ildə yaratdığı tamaşadan monoloqu təqdim olundu. 
Aktrisanın həyəcan dolu səsiylə vətənpərvər ruhu əks etdirən monoloqu tamaşaçı salonunu alqış sədalarına bürüdü. 
“Xan qızı” tamaşaçılar tərəfindən böyük maraqla qarşılandı.
Tamaşadan sonra səhnə əsərinin rejissoru Mərahim Fərzəlibəyov və Xürşidbanu Natəvan obrazını özünə xas şəkildə oynayaraq tamaşaçı alqışını qazanan Ülviyyə Rza Teatr Xadimləri İttifaqının Fəxri fərmanına layiq görüldülər. Eləcə də tamaşanın bütün heyətinə gül buketləri təqdim olundu. Sonda xatirə şəkilləri çəkildi.  
Tamaşada iştirak edirlər: 
Xurşibanu Natəvan - Ülviyyə Rza 
Xasay bəy - Tural Əhməd 
Canişin - İsmayıl Atakişiyev 
Mirzə Ruhulla – Əfqan Soltanov (Əməkdar artist) 
Mirzə Rəhim – Toğrul Rza 
Həsən bəy – Əhməd Salahov 
Mirzə Məmmədqulu – Mehman Abdullayev
Fəhim xanım – Zülfiyyə Qurbanova
Süsən – Təzəgül Məmmədova
Qönçə - Zülfiyyə Məmmədova 
Bəyim – Aynur Abbasova
Pakizə Bəyim – Günel Həmidova 
Gülgün – Əzizə Həşimova 
Yaradıcı heyət: 
Quruluşçu rəssam – İlham Əsgərov (Əməkdar mədəniyyət işçisi)
Musiqi hissə müdiri – Nazim Əbidov (Əməkdar mədəniyyət işçisi)

İşıq rəssamı – Tərlan Ələsgərli 
Kostyum sexini müdiri – Leyla Əkbərova 
Əruz üzrə məsləhətçi – Firudin Qurbansoy
Dizayn işləri üzrə tərtibatçı – Elnur Ehtiramoğlu

Fuad BİLƏSUVARLI

Qafqaz.Media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Adsız oğlan
09/09/2024 - 07:33
Nanənin yerinə o gələcək
26/08/2024 - 10:49