BAKIDA VƏKİL KOLLEGİYANIN BİNASI QARŞISINDA ÖZÜNÜ YANDIRDI – Müstəntiqə 10 min manat verdi, geri ala bilmədi və… / YENİLƏNİB

01/01/2024 - 23:10

Bakıda vəkil özünü yandıraraq öldürüb.

Qafqaz.media  APA-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 19 radələrində Nərimanov rayonu, Üzeyir Hacıbəyov küçəsi 100 ünvanında (Vəkillər Kollegiyasının inzibati binasının qarşısı) qeydə alınıb.

Salyan Vəkil bürosunun vəkili Məmmədov Zaur İsa oğlu üzərinə tezalışan maddə tökərək yandırıb. O, hadisə yerində ölüb.

Bakıda vəkilin özünü yandırması haqda kollegiya sədrindən açıqlama

“Vəkil Zaur Məmmədovun Vəkillər Kollegiyası ilə hər hansı problemi olmayıb”.

Qafqaz.media xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov bəyan edib.

“Onun niyə belə bir addım atması bizi də təəccübləndirdi. Hadisə haqqında eşidəndə Salyan rayon Vəkil Bürosunun müdiri ilə əlaqə saxladım. Büro müdiri dedi ki, son zamanlar gərgin idi.

Kollegiya ilə onun arasında hər hansı isə problem baş verməyib. Barəsində intizam işi olmayıb. Hazırda aidiyyəti üzrə istintaq orqanında araşdırma aparılır. Hər halda araşdırma zamanı onun niyə belə bir hadisəyə əl atması üzə çıxacaq”-deyə, o bildirib.

Sədr Zaur Məmmədovun yaxınlarına baş sağlığı verib.

Bakıda vəkilin özünü yandırması ilə bağlı cinayət işi açıldı

Bakıda vəkilin özünü yandıraraq intihar etməsi faktı ilə bağlı cinayət işi açılıb.

Qafqaz.media xəbər verir ki, Salyan Vəkil bürosunun vəkili Məmmədov Zaur İsa oğlunun Vəkillər Kollegiyasının qarşısında üzərinə tezalışan maddə tökərək özünü yandırması faktı ilə bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Müstəntiqə 10 min manat verdi, iş düzəlmədi, pulu isə geri ala bilmədi…

Qeyd edək ki, vəkil Zaur Məmmədovun özünü yandırmasınını şok detalları məlum olub. Belə ki, Aşur Bədəlsoy adlı “Facebook”istifadəçisi özünün sosial şəbəkə hesabında bu haqda açıqlama verib: “Sonuncu dəfə cümə günü whatsapp vasitəsilə danışmışam. Son olaraq dost kimi deyim, haqqı üzərimdə qalmasın. Tanıdığım sözünə bütöv tək-tük insanlardan biriydi.

Mənə Bakıda yerləşən istintaq orqanlarından birinin müstəntiqinə bir neçə həftə qabaq 10 000 manat pul verdiyini dedi. İşin həll olmadığını, müstəntiqin də pulu qaytarmadığını bildirdi. İşin yiyəsinin də bunu tutdurmaq üçüb prokurorluğa şikayət edəcəyini dedi. Zaur müəllim də çarə tapmadığını və özünü yandıracağını dedi. Səhəri gün də müstəntiqlə görüşəcəyini, olmasa özünü öldürəcəyini dedi. Zarafat elədiyini düşündüm. Həll olacağını dedim. Səbrli olmağını dedim.

Və bir də bir neçə başqa işlərdə pullar verdiyini dedi. Onlar da buna bəlli zaman vaxt verdiyini və o zaman həll edəcəklərini bildirdiyini dedi”.