BMT Ermənistanı Azərbaycanın tələblərini yerinə yetirməyə çağırdı

18/10/2023 - 12:17

BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar Komitəsi Ermənistandan Qərbi Azərbaycan İcmasının təqdim etdiyi hesabatda əks olunan tələbləri yerinə yetirməsini tələb edib.

Qeyd edək ki, komitənin iclasında icma nümayəndəsi Kamal Cəfərov da iştirak edib.

İcma öz hesabatında Qərbi azərbaycanlıların öz doğma torpaqlarından deportasiyası zamanı Ermənistanın beynəlxalq insan haqları konvensiyalarını pozduğunu xatırladıb. Həmçinin, Ermənistanın bu pozuntuları ilə bağlı komitəni təcili tədbirlər görməyə çağırıb.

Qeyd olunur ki, icma tərəfindən qaldırılan bu və digər məsələlər komitənin yekun sənədində öz əksini tapıb.

Komitə Ermənistanı milli azlıqlara məxsus və təhlükə altında olan mədəniyyət və dini abidələrin reyestrinin aparılması üçün tədbirlər görməyə çağırıb. Yekun sənəddə həmçinin bildirilir ki, Ermənistan qanunvericiliyi və praktikası milli azlıqların və qaçqınların hüquqlarını pozur.

İcma ictimaiyyət tərəfindən qaldırılan məsələlərin BMT komitəsinin sənədində əksini tapmasının Ermənistandan qovulmuş azərbaycanlıların hüquqlarının bərpası istiqamətində mühüm addım olduğunu vurğulayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Əsgərimiz həlak oldu
15/09/2024 - 10:51
İlqar Məmmədov istefa verdi
12/09/2024 - 06:33