Hakim olmaq istəyənlər imtahan verib - YENİLƏNİB
Dekabrın 15-də Dövlət İmtahan Mərkəzi (DİM) Hakimlərin Seçki Komitəsi ilə birgə hakim vəzifəsinə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirib. Modern.az xəbər verir ki, imtahan DİM-in elektron imtahanlar korpusunda təşkil olunub. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin sabah gün ərzində DİM-in saytına yerləşdiriləcək. İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 329 nəfərdən 4 nəfər imtahana gəlməyib. 211 nəfər 60 və daha yüksək bal toplamaqla müsabiqə şərtini ödəyərək növbəti mərhələyə buraxılıb. İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası 23 – 25 dekabr tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində (Ünvan: Bakı şəhəri, Akad., H.Əliyev küçəsi, 299) fəaliyyət göstərəcək.
***
Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) ilə Hakimlərin Seçki Komitəsi hakim vəzifəsinə namizədlər üçün test imtahanı keçirəcək. Mərkəzdən Modern.az-a bildirilib ki, imtahan DİM-in Binəqədi rayonu, S.S.Axundov küçəsi, 50 ünvanında yerləşən elektron imtahanlar korpusunda keçiriləcək və saat 10:00-da başlanacaq. İmtahanda 378 nəfərin iştirakı nəzərdə tutulur. İştirakçılar imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış ola biləcəklər. Nəticələr, həmçinin növbəti gün DİM-in saytına yerləşdiriləcək. Namizədlər imtahana gələrkən buraxılış vərəqəsini və şəxsiyyət vəsiqəsini mütləq təqdim etməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya onlar arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq. İmtahanda namizədlərə 100 sual təqdim olunur və onların cavablandırılmasına 4 saat vaxt ayrılır. Hər imtahan sualına düzgün cavab 1 balla qiymətləndirilir. Səhv cavabların sayı düzgün cavabların nəticəsinə təsir göstərmir. 60 və daha çox bal toplamış namizədlər növbəti mərhələyə buraxılırlar.