“Boeing” Ukraynaya 150 km mənzilli raketlər verəcək… - BU SİLAHLARIN NƏ KİMİ ÜSTÜNLÜKLƏRİ VAR?

30/11/2022 - 14:29

Qafqaz.media-nın xəbər verdiyi kimi, Pentaqon Ukraynaya yeni uzaqmənzilli dəqiq raketlərin ötürülməsini nəzərdən keçirir.

“Reuters”-in məlumatına görə, “Boeing” korporasiyası ABŞ Müdafiə Nazirliyinə ukraynalılara 150 kilometrə qədər mənzilli yerdən atılan GLSDB sursatlarının verilməsini təklif edib. Bu, Ukraynaya Rusiyanın arxa cəbhəsindəki, hələ də əlçatmaz olan hədəfləri vurmağa imkan verəcək.

Hazırda Ukrayna Silahlı Qüvvələri 70 kilometrdən çox məsafədə hədəfləri vura bilən yüksək dəqiqlikli idarə olunan raketlərdən (GMLRS) uğurla istifadə edir. Bununla belə, Amerikanın “Nyu York Tayms” qəzetinin ötən gün yazdığına görə, Qərb ölkələri Ukraynanı təchiz etmək üçün sursat çatışmazlığı yaşamağa başlayıb.

“Reuters” yazır ki, GLSDB raketləri GMLRS-i effektiv şəkildə əvəz edə bilər, çünki onlar daha ucuz və mütənasib dəqiqliklə daha uzun məsafəni vurmağa qadirdir.

Köhnə və yeni silahlar

GLSDB raketlərini “Boeing” və “Saab Qrup” birgə inkişaf etdirir. Bu, yerə atılmaq üçün modern edilmiş GBU-39 dəqiq idarə olunan bombadır. Modernləşdirmə zamanı M270 MLRS və M142 HIMARS buraxılış qurğuları üçün hazırlanmış M26 sursatının raket hissəsindən istifadə olunur. Ukrayna ordusu bu buraxılış qurğularından GMLRS raketlərini buraxmaq üçün istifadə edir.

GLSDB yüksək dəqiqliyə malikdir və nisbətən kiçik hədəflərə qarşı istifadə edilə bilər.

M26 kifayət qədər köhnə raketdir. O, 1970-ci illərin sonlarında yaradılıb və istehsalına 1980-ci ildə başlanıb. Bu idarə olunmayan raketlər kaset sursatlarından istifadə edir.

1980-ci ildən bəri müxtəlif modifikasiyalı 400 mindən çox M26 raketi qurulub. Bununla belə, kasetli sursatların azaldılması kampaniyası çərçivəsində ABŞ ordusu M26-nın əhəmiyyətli hissəsini zərərsizləşdirib.

ABŞ-da və onların təhvil verildiyi ölkələrdə indi tam olaraq neçə M26 raketinin qaldığı barədə dəqiq məlumatlar açıq mənbələrdə mövcud deyil.

Piyada Əleyhinə Minaların Qadağan edilməsi üzrə Beynəlxalq Hərəkatın internet saytında bu və kaset sursatlarının məhv edilməsini izləyən proqramın səhifəsində 2004-cü ildə ABŞ arsenallarında kaset başlıqları ilə silahlanmış 369 576 M26 raketinin qaldığı bildirilir.

“Human Rights Watch” təşkilatının məlumatına görə, belə raketlər Bəhreyn, Misir, Fransa, Almaniya, Yunanıstan, İsrail, İtaliya, Yaponiya, Cənubi Koreya, Türkiyə, Böyük Britaniya və Hollandiyaya tədarük edilib.

2013-cü ildə ABŞ Ordusunun bu sursatların utilizasiyası ilə bağlı internet saytında yerləşdirilən məlumatında deyilirdi ki, texnologiya yalnız döyüş başlığına aiddir, raket hissəsinin utilizasiyasından bəhs edilmir. GLSDB-nin inkişafının məqsədlərindən biri istismardan çıxarılan M26-ların raket hissələrindən istifadə etmək idi.

Yeni model

“Boeing” və “Lockheed Martin” 2000-ci illərin əvvəllərində GBU-39 dəqiq idarə olunan kiçik diametrli bomba hazırlamağa başladılar.

İdeyanın məqsədi yüksək dəqiqliklə, nisbətən kiçik döyüş başlığını kompensasiya edəcək bir bomba yaratmaq idi.

Sursatın döyüş başlığı möhkəmləndirilmiş hədəfləri məhv etmək üçün nəzərdə tutulub və bir metrə qədər dəmir-betondan keçə bilir.

2006-cı ildə istifadəyə verilən bomba hədəfi istiqamətləndirmək üçün peyk naviqasiya sistemindən istifadə edir.

Təyyarədən atıldıqdan sonra raketin qatlanan qanadları açılır, bu da uçuş məsafəsini artırır. GLSDB, əslində bu bombanın yer versiyasıdır.

GLSDB

Qeyd etdiyimiz kimi, “The New York Times” ABŞ və digər NATO ölkələrinin Ukraynaya yeni silah tədarükü üçün ehtiyat tapmaqda çətinlik çəkdiyini yazıb. Əvvəla, bu, top artilleriyası üçün mərmilərə aiddir, lakin “Boeing” korporasiyasının təşəbbüsü ilə ABŞ HIMARS və MLRS qurğuları üçün yüksək dəqiqlikli raketlərə alternativ axtarır.

Ukrayna artıq bir neçə aydır ki, ABŞ-dan HIMARS və MLRS üçün daha güclü MGM-140 ATACMS raketləri istəyir. Onların məsafəsi 300 kilometrdir. Lakin bu raketlər hələ ukraynalılara təhvil verilməyib və onların ötürülməsi planları açıq mənbələrdə açıqlanmayıb.

Açıq mənbələrdə GLSDB-nin dəqiq dəyəri haqqında məlumat da mövcud deyil. Lakin ABŞ Hərbi Hava Qüvvələrinin saytında dərc olunan məlumatlara əsasən, onların qiyməti 40 min dollardan çox olacaq. GMLRS raketlərinin qiyməti isə, müxtəlif hesablamalara görə, 100 min dollardan 160 min dollara qədərdir.

GMLRS-nin döyüş başlığının çəkisi 90 kiloqramdır ki, bu da çəki baxımından GLSDB-yə təxminən bərabərdir (ümumi çəki - 93 kiloqram). Bununla belə, bir çox ekspertlər qeyd ediblər ki, GMLRS raketi xüsusilə güclü obyektləri, məsələn, körpüləri məhv etmək üçün kifayət qədər gücə malik deyil.

“Reuters”-in məlumatına görə, GLSDB tədarükləri 2023-cü ilin yazında başlaya bilər.

Hazırladı: Qafqaz.media