Çərkəzlər Saakaşvilini əfv etməyə çağırdılar – PREZİDENTƏ MÜRACİƏT

17/12/2022 - 20:33

“Çərkəz Konqresi” ictimai-siyasi hərəkatı Gürcüstan prezidentinə Mixail Saakaşvilinin əfv olunması xahişi ilə növbəti dəfə müraciət edib.

Qafqaz.media xəbər verir ki, məktubu konqresin rəhbəri Kase Kik göndərib.

Xatırladaq ki, 2021-ci ilin noyabrında da çərkəz fəalları Gürcüstan prezidenti Salome Zurabişviliyə müraciət etmişdilər.

Onlar qeyd etmişdilər ki, Mixail Saakaşvilinin hakimiyyəti dövründə Gürcüstan çərkəzlərin soyqırımını rəsmən tanıyıb və onlara beynəlxalq hüquqi sahədə öz hüquqlarını müdafiə etmək imkanı verib.

Ümumiyyətlə, Gürcüstanda Saakaşvilinin hakimiyyəti dövründə çərkəzlərin soyqırımı problemlərinə xüsusi diqqət yetirilirdi.

2010-cu ilin noyabrında Tbilisidə “Çərkəz məsələsi” mövzusunda “Gizli millətlər, davam edən cinayətlər: keçmişlə gələcək arasında Şimali Qafqaz” adlı konfransıkeçirilib.

Təşəbbüs qrupu öz nəticələrinə əsasən, çərkəz soyqırımının tanınması məsələsinə dövlət səviyyəsində baxılması xahişi ilə Gürcüstan parlamentinə müraciət edib.

2011-ci il mayın 20-də Gürcüstan parlamenti çərkəzlərin soyqırımını tanıyıb.

Gürcüstanın Qara dəniz sahilində yerləşən Anaklia şəhərində 2012-ci ildə çərkəz xalqının soyqırımı qurbanlarının xatirəsinə bürünc abidə ucaldılıb. Layihənin müəllifi Kabardin-Balkar heykəltəraşı Husen Koçesokovdur.

“Azad Çərkəz” hərəkatının lideri İbrahim Yaqanov da çərkəzlərin Gürcüstan prezidentinə müraciətini dəstəkləyib.

Qafqaz.media