DEVİD KRAMER YENİDƏN GÜRCÜ MİLYARDERİ HƏDƏFƏ ALDI – “Bidzina İvanişviliyə qarşı sanksiyaların tətbiq edilməsinin vaxtı çatıb”

29/11/2022 - 15:56

“Gürcüstanda gördüyümüz mühüm xüsusiyyətlərdən biri - gürcü xalqının NATO, Avropa İttifaqı və ABŞ-ın tərəfdarı olaraq qalmasıdır. Problem hakimiyyətdədir, problem “Gürcü arzusu”ndadır, problem prosesləri pərdə arxasından idarə edən oliqarx Bidzina İvanişvilinin özündədir. Mən bunu qətiyyən söyləməyi xoşlamıram, amma düşünürəm ki, ölkəyə qarşı sanksiyaların deyil, məqsədyönlü, fərdi sanksiyaların tətbiq edilməsinin vaxtı çatıb”.

Qafqaz.media xəbər verir ki, ABŞ Dövlət Departamentinin keçmiş yüksək vəzifəli məmuru və “Corc W”-nin qlobal siyasət üzrə direktoru Devid Kramer bildirib.

Dövlət Departamentinin keçmiş yüksək vəzifəli rəsmisinin sözlərinə görə, Gürcüstan hökuməti, hakim partiya Gürcüstanı Moskvaya yaxınlaşdırır və getdikcə Qərbdən uzaqlaşdırır.

Kramerin sözlərinə görə, “Gürcü arzusu” Bidzina İvanişvilini qorumaq fürsətini əldən vermir. Bundan əlavə, onun fikrincə, İvanişvili hadisələri idarə edən şəxsdir və onun əmrlərini yerinə yetirən adamları var.

“Parlament sədri onu mənim verdiyim şərhlərə qarşı müdafiə edir. Biz görürük ki, Bidzina İvanişvilini başqa parlamentarilər də müdafiə edir. Görürük ki, baş nazir onu himayə edir, hətta bu yaxınlarda İvanişvili haqqında Avropa Parlamentinə də yazıb. Bildiyimə görə, Bidzina İvanişvilinin nə hökumətdə, nə də “Gürcü arzusu”nda vəzifəsi yoxdur. Buna baxmayaraq, “Gürcü arzusu” onu qorumaq fürsətini əldən vermir. Buradan belə nəticəyə gələ bilərik ki, o, hadisələrə nəzarət edən bir insandır və hakimiyyətdə onun əmrlərinə əməl edən adamları var”, - Kramer deyir.

Onun fikrincə, Gürcüstan rəhbərliyinin nümayəndələri ölkənin Qərbə intiqrasiyasından qorxurlar: “Çünki bu, ədalətli seçkiləri tələb edir, nəticədə isə onlar hakimiyyəti itirə bilərlər”.

Qafqaz.media