Doğma yollar... “Mən Laçına gedirəm!” deməyi necə gözləyirdim... - FOTO

25/09/2024 - 06:42

 

Yenə qucağını açmısan, Vətən,

Yenə səfərim var, yola çıxıram. 

Nə vaxtdır qoynunda - yollardayam mən, 

Gəzib ürəyinə yol axtarıram.... 

Malik Fərrux. 

Atam üçün Vətənin ürəyi Laçın idi. Çünki onun qəlbi Laçınla döyünürdü, Laçınsız dayandı....  Biz isə Laçınsız yaşamağı öyrənməyə çalışırdıq. Nə vaxtsa evdən çıxanda “Mən Laçına gedirəm!”, deyəcəyimiz günü gözləyirdik.  26 avqust qızıma, Bəhruza, anama,  “Mən Laçına gedirəm!” dedim. Bu necə gözəl bir hiss imiş. Deyirlər xoşbəxtlik anlardan ibarətdir. Amma mən 2021-ci ilin 26 avqustu hər saniyə xoşbəxt idim. Yola hazırlaşanda, Laçına doğru yola düşmək üçün dostlarla görüşəndə, qaranlıqda üzərində “Kəlbəcər”, “Laçın” yazılı istiqamət nişanlarını görəndə, avtomobilimiz dağların qoynundakı yollara çıxanda... Xoşbəxtlik ani deyilmiş, o, saatlar çəkə bilərmiş...

Həmişə düşünürdüm ki, uşaq olduğum üçün o yollar mənə dolanbac, dağlar əzəmətli, ağaclar sonsuz görünürdü.. Amma, yox, indi uşaq deyiləm, yollar isə elə eynidir - dolanbac, əzəmətli və sonsuz ... Bircə fərq var idi. Neçə illər idi, bu yollara bu yerlərin sahiblərinin nəfəsi dəymirdi, dağlar laçın oğlanların laçın duruşuna, dağlar qızlarının sərt baxışlarına şahidlik etmirdi...
Neçə illər idi, bu dağlar onu köksündən yaralayan düşmənin vandallığını, oğurluğunu, mənfurluğunu görürdü, daha da sərtləşir, qarlı başını buludların arxasında gizlədirdi, görmək istəmirdi ətəyində yaşayanları, yaşananları... Bizi isə gözəl təbiəti, günəşi, buludları, dolusu, yolun sonunda isə qarı ilə qarşıladı. Sevincindən hər üzünü, hər fəsildə gözəl olduğunu göstərdi. 

Bakıdan Laçına yola düşən nümayəndə heyəti bir gündə Laçında dörd fəsil yaşadı. O sərt qayaların sinəsində açılan yollarla daha hündürə qalxdıqca bu yolların apardığı Laçının tək güllə açılmadan geri qaytarılmasının nə qədər itkinin qarşısını aldğına öz gözlərimlə bir daha şahid oldum. Birinci Qarabağ müharibəsində bu sal qayalar çox igidimizin son nəfəsini sinəsinə çəkib. 44 günlük müharibə zamanı döyüşlərdə qazandığımız qələbəni taclandıran amillərdən biri də  Laçın kimi keçilməz dağların bir güllə atılmadan geri qaytarılması oldu. Bunu bilirdim. Amma Laçına gedəndə bunun üçün bir daha sevindim. Çünki, hara baxırsansa, şəhidlərin xatirəsi gözünün önünə gəlir. Bir anlıq mənə elə gəldi ki, mən bu yerlərə şəhidlərlə bir yerdə baxıram. Onlar da mənimlə bir yerdə yol kənarı ağaclardan alça yeyir, Qorçuda Mətləb dayının həyətindəki alma ağacından alma dərir, Laçının bal balından dadır. Vallah, mənə inanın. Doğrudan, bu belədir. Yəqin ki, siz də işğaldan azad olunan torqaqlara gedəndə bunu hiss edəcəksiniz. O yerlərə şəhidlərlə, bu torpaqları qanı ilə suvaran, həyat verən insanlarla bir yerdə gedirsən. 

Mən Laçın torpağına ayaq basdım. Onun gücünü hiss etdim. Bakıda anadan olmuşam, böyümüşəm, amma Laçın üçün, orada keçən qayğısız uşaqlıq illərim üçün darıxırdım. Atamın şeirlərində canlandırdığı Laçın üçün çox darıxırdım.  Atamın yerinə də darıxırdım Laçın üçün... 
İndi isə bütün varlığımla o bir günü unutmamağa və daha başqa belə gözəl günlər yaşamağa hazırlayıram özümü. Axı Laçının başqa kəndlərinə, şəhərdə babalarımın evlərinə gedəcəyim günlər var hələ qabaqda... Hələ əsası qoyulan Beynəlxalq Hava Limanından edəcəyimiz səfərləri demirəm. Nə yaxşı ki, atam da, anam da başı göylərə dəyən dağların qoynunda dünyaya göz açıblar. Nə yaxşı ki, “Mən dağlar qızıyam, Laçındanam” deyə bilirəm. Nə yaxşı ki, mənim bu sözləri deyəndə duyduğum nisgildən əsər-əlamət qalmayıb. Nə yaxşı ki, Laçına gedən ilk nümayəndə heyətinin tərkibində mən də var idim. Atamın şeirlərində oxuduğum Laçın dağlarının yallısını gördüm, Şərqi Zəngəzurdan uzanan yallı düşmən bağrı çatladan, dost sevindirəndir... Atamın şeirlərindən mən bilirəm Laçını... Laçın təbiətinin yetişdirdiyi dağlar qədər uca, sərt görünüşlü, qəlbi mülayim atamın hər sözü Laçın idi... Mən də onun sözlərini oxudum onun Laçınında... 

Bir kənddə oldum. Amma, o bir kənd min kəndin sorağını gətirdi mənə. Artıq Laçın tək xatirələrimdə yox, gözümlə gördüklərimdə də var. 

Laçından babasına, anasına xəbər gətirən, qızına pay gətirən Günay Malikqızı olmaq tam başqa hiss imiş ... 

Ayaq izlərimlə bəzəyim səni, 
Yoldayam, hardasa yol gözləyən var. 
Niyə qarış-qarış gəzməyim səni, 
Bir ovuc torpağa “Vətən” deyən var... 

Malik Fərrux. 

Günay MALİKQIZI

Qafqaz.Media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ