MÜHAFİZƏKAR ELİTANI TƏMSİL EDƏN TRAMP HANSI SİYASƏTİ YÜRÜDƏCƏK? - Harris prezident olsa, Ukrayna tam işğala məruz qalacaqdı...
Donald Trampın yenidən ABŞ Prezidenti seçilməsindən sonra demək olar ki, bütün ölkələr səbirsizliklə nələrin baş verəcəyini gözləyirlər. Birmənalı olaraq anlamaq lazımdır ki, ABŞ - dünyanın iqtisadi, texnoloji, hərbi nəhəngidir və bu dövlətin son 80 illik siyasətində təsadüflərə yer olmayıb. Nə baş veribsə, hər şey əsasən ümumi vahid xəttin, planın tərkib hissəsi olub. Son dövrlər Amerikadakı “dərin dövlət” barədə kifayət qədər yazılara rast gəlinir. Bir çox hallarda isə həmin “dərin dövlət”i “Vaşinqton bataqlığı” da adlandırırlar və deyirlər ki, Tramp bu “bataqlığı” qurutmağı qarşıya məqsəd qoyub. Lakin “dərin dövlət” anlayışı qəsdən ayrı tərəfə yozulur ki, əsl mahiyyət gizlədilsin. Amerikada köklü, oturuşmuş və arxa planda dayanmış elitar güclər var və onlar arasında zaman-zaman dərin fikir ayrılıqları baş qaldırır, hətta ciddi mübarizə də gedir. Bu mücadilənin əlamətləri bir çox hallarda ictimai arenaya da çıxır. Sözügedən məsələ çox mürəkkəbdir və onun bir məqələyə sığışdırılması və dolğun izah edilməsi çətindir. Ancaq qısaca onu demək olar ki, Tramp Amerika Birləşmiş Ştatlarının dünya çapındakı mövqeyini daha güclü görmək istəyən elitanın təmsilçisidir. ABŞ-də iki böyük elita var və onları şərti olaraq “qlobalistlər” və “sənayeçilər” adlandırmaq olar. Respublikaçlıar Partiyası sənayeçiləri, demokratlar isə ifrat qlobalistləri təmsil edirlər. Əgər klassik mənada götürsək, demokratlar sol liberalistlər, respublikaçlar isə mühafizəkar sağ liberalistlərdir. Lakin bu günkü demokratlar artıq klassik liberallıqdan xeyli uzaqlaşıblar və onlar inqilabçı ifrat qlobalistlərə çevriliblər. Sözsüz ki, onlar seçkilərdə səs qazanmaq, istədikləri məqsədə çatmaq naminə yeri gələndə müvəqqəti olaraq mühafizəkar donu da geyinirlər. İlk baxışda demokratlar ABŞ-nin dünyadakı güclü mövqeyinin silinməsinə razı görünmürlər, amma buna baxmayaraq, Amerikanın yüksək texnologiya məhsulları istehsal edən şirkətlərinin digər ölkələrdə fəaliyyətinə icazə verməklə və xüsusən də milyonlarla miqrant axınını təşviq etməklə ölkənin milli təhlükəsizliyini ciddi riskə atırlar. Bəs demokratların, konkret isə onların arxasında dayanan elitanın ümumi məqsədi nədən ibarətdir?
Ümumiyyətlə onu bildirmək lazımdır ki, SSRİ dağılandan indiyədək ABŞ-dəki siyasət qloballaşma prosesinin vüsətlənməsinə xidmət edib. Demokratlar Partiyasının siyasi xətti də məhz bu prosesə köklənib. Ancaq deyilə bilər ki, axı bu dövrdə respublikaçılar da hakimiyyətdə olublar. Məsələ ondadır ki, kiçik Corc Buşun prezidentliyi dövründə ümumi kursdan kənara çıxılmayıb və onları respublikaçı-demokratlar adlandırırdılar. Prezident seçkilərində kiçik Buşun qızı Barbara Buşun və həmin dönəmdə vitse-prezident olmuş respublikaçı Dik Çeyninin Kamala Harrisi dəstəkləmələri heç də təsadüfi deyildi, çünki onların hamısı eyni siyasi fəlsəfənin daşıyıcılarıdır. Yəni Trampın prezidentliyi istisna olmaqla, 1991-ci ildən indiyədək xüsusi qlobalist xətt yürüdülüb. Beləliklə, qlobalist dünya görüşünə malik elitanın təmsilçisi kimi çıxış edən Demokratlar Partiyası dünyanı vahid sosial vücud şəklində görmək istəyirlər və bunun üçün ölkənin iqtisadiyyatını və cəmiyyətini ona müvafiq şəklə gətirməyə çalışırlar. Demokratlar üçün ABŞ-nin dünya hegemonluğu prioritet öncəlik sayılmır. Elə bu səbəbdən də onlar son 30 il ərzində ekstremal qlobalist siyasət yürüdüblər və dünya ictimaiyyətini radikal ideyalara sövq ediblər. Təbii ki, bu siyasət Trampın yenidən hakimiyyətə gəlməsiylə sarsıdıcı zərbə aldı. Demokratların siyasi fəlsəfəsi sosial və cinsi bərabərliyə yeni anlayış gətirir və bununla yanaşı irqlər arasında fərqlərin tam ortadan qaldırılması planlaşdırılır. Yəni qısası, yaxın dövr üçün ekstremal “Yeni Babilistan” layihəsi həyata keçirilmək istənilib. Məsələn, feminizmin ekstremal təbliği, ”wouk”izm, ”LGBT -paradlar”, ”yeniyetmələr arasında gender seçim hüququ”, ”uşaq hüquqları” və sairə bu kimi müxtəlif ideyalar təbliğ edilib. Digər tərəfdən, ”BLM”.”Antifa” kimi təşkilatlara geniş yer verilməsi və sairə bu kimi halların hamısı ABŞ Demokratlar Partiyası tərəfindən dəstəklənir və təşviq olunur. Onlar öz ştatlarında insan haqları adı altında inanılmaz qəribə və ağlasığmaz qanunlar tətbiq ediblər. Demokratların himayədarları kino sənayesini də böyük ölçüdə öz təbliğat-təşviqat ruporlarına çeviriblər. Hətta qaradərililərə qarşı irqi diskriminasiyanın aradan qaldırılması üçün tarixi filmlərdəki ağ dərili şəxsləri qaradərililərin canlandırmasına başlayıblar. Məsələn, Finlandiya hərbçisi, marşal Qustav Mannerheymdən bəhs edən “Finlandiyanın marşalı” filmində Mannerheym roluna keniyalı aktyor Telli Savano Orielo çəkilib. Bunun kimi yüzlərcə nümunə göstərmək olar. Sanki dünyadakı bütün cəmiyyyətlərin əxlaqının, mənəviyyətının, dünyagörüşünün üstündən xətt çəkib, onu formatlayaraq yeni hibrid bəşəriyyət yaratmaq planı qurublar. Özü də bunu ABŞ-də və Avropanın qabaqcıl ölkələrində başlayıblar. Bir daha vurğulamaq lazımdır ki, onların bütün dünyada uzantıları var və tovladıqları insanları ədalət, insan haqları, bərabərlik, dinc və yanaşı yaşamaq şüarları ilə öz torlarına salıb, ”əsl xoşbəxtlik” yoluna salırlar. Bir daha təkrar edək ki, demokratların görmək istədikləri dünyanın sosial mənzərəsi təxminən belədir. İkinci tərəf iqtisadiyyatla bağlıdır. Demokratlar istəyiblər ki, ABŞ dolların emissiya mərkəzi kimi qalsın, Çin və digər ölkələrdən ucuz qiymətə və cüzi gömrük tarifləri ilə məhsullar gətirsinlər. Bunun əvəzində isə Çin 30 ildir ki, ABŞ-dən nəhəng pullar qazanıb. Amerikada istehlak mallarının demək olar ki, əksəriyyəti Çindən ixrac olunur. Hələ bundan başqa, Avropadan və Yaponiyadan da ağır sənaye məhsulları alırlar. ABŞ-də istehsal yoxdur demək düz olmaz, lakin bir çox yerli istehsal sahələri getdikcə daralır. Yəni dolların vahid dünya mübadilə və ehtiyat valyutası kimi davam etməsi məqsədiylə ABŞ sənayesi və istehsalı geriləyib. 1950-ci illərdə ABŞ Ümumi Daxili Məhsulunun dünya üzrə payı təqribən 55 faiz olduğu halda, hazırda bu göstərici 17 faizə kimi azalıb. Bu cür geriləmə isə əsasən son otuz ildə daha sürətlənib. Demokratlar hesab edirər ki, nə fərq edər, onsuz da qloballaşma prosesi gedir. Deməli, milli maraqlar haradasa ikinci plana sürüşdürlür. Üçüncü nüans isə xarici siyasətlə bağlıdır. Qlobalistlər ABŞ-nin dünya miqyaslı gücünün böyüməsində maraqlı deyillər. ABŞ ordusunun Əfqanıstanı tərk etməsi səhnələrini xatırlayanda, sual yaranır ki, axı, böyük dövlət niyə bu cür hərəkətlərə yol verir? Həm də əgər Amerika Əfqanıstana “Taliban”ı məhv etmək üçün girmişdisə, onda necə oldu ki, 20 ildən sonra oranı tərk etdi və hakimiyyət yenidən “Taliban”a keçdi. İndi “Taliban” hətta 2001-ci ildəkindən də güclüdür. Demokratların xarici siyasətinin ən bariz nümunəsi Rusiyanın Ukraynada apardığı müharibədir. Ukraynaya “damcı-damcı” hərbi yardım etməklə Rusiyanın “sürünən işğal”ına yaşıl işıq yandırıblar. Beləliklə, ABŞ inqliabçı demokratlara səs vermədi! Onlar artlq insanların məişətinə, özəl həyatına, şəxsi mülkiyyətinə və adət-ənənlərinə müdaxilə etməyə başlamışdılar. Demokratlar xüsusilə Kaliforniya, Oreqon, Vaşinqton, İllinoys və Minnesota ştatlarında eksperimentlərini gücləndirirlər və çalışırlar ki, bu cür sosial inqilabi dəyişiklikləri federal səviyyəyə sürüyüb gətirsinlər. Mühafizəkar Amerika buna yox dedi, Tramp isə bu məfkurənin simvoluna çevrilib. Statistika göstərir ki, demokratların rəhbərliyi altındakı Nyu-York və Kaliforniya ştatının əhalisi övladlarının gələcəyi naminə respublikaçı Texas və Florida ştatlarına köç edirlər. Ona görə də demokratlar prezident seçkiləri ilə yanaşı həmçinin Senatı və Nümayəndələr Palatasını da itirdilər. Qoca marazmatik Bayden isə deyir ki, biz məğlub olmamışıq. Bəs görəsən mühafizəkar elitanı təmsil edən Tramp administrasiyası bundan sonra hansı siyasəti yürüdəcək? Trampı təcrid siyasəti aparmaqda günahlandırırlar və bildirirlər ki, bu, ABŞ-nin dünyadakı mövqeyini sarsıdacaq. Əslində isə elə sənayeçilər də qlobalistlərdir, lakin onlar dünyanın gələcəyinə ifrat qlobalistlərdən fərqli baxırlar. Mühafizəkar elita ABŞ-ni həqiqətən də yenidən gücləndirmək niyyətindədir və buna hərtərəfli potensialları var. Tramp yəqin ki, sənaye ilə yanaşı yüksək texnologiyalı məhsulların, xüsusislə də mikroelektronika sahəsinə məxsus məmulatların (mikroprosesorların) istehsalını tədricən Tayvandan ABŞ-yə köçürəcək. Trampın yeni tariflər tərbiq edəcəyi gözlənilir. Beynəlxalq siyasətdə isə “HƏMAS”, ”Hizbullah”, husilər kimi marjinal proksi güclərin ortadan qaldırılması prosesinə start veriləcək. NATO-nun xərclərini Avropa ölkələri də çəkməyə başlayacaq. Hamını maraqlandıran məsələ sözsüz ki, Ukrayna ilə bağlıdır. Onu anlamaq lazımdır ki, ABŞ-dəki mühafizəkar elita Rusiyanın və Çinin ABŞ-yə qarşı müttəfiqliyinə və birliyinə, Ukraynanın dövlət kimi ortadan qalxmasına imkan verməyəcək. Trampın müharibəni hansı şərtlər daxilində durdurması hələ ki, tam bəlli deyil. Amma əgər Kamala Harris hakimiyyətə gəlsəydi, yaxın iki ilə Ukrayna total işğala məruz qalacaqdı.
Trampı ideallaşdırmağa və ya onun ABŞ və dünya üçün xilaskar reseptini verənlər bilməlidirlər ki, ABŞ xalqı müqayisə apardı və buna müvafiq surətdə də seçimi etdi. Rusiya Prezidenti Vladimir Putin Donald Trampın kəskin hərəkətlər etməməsi üçün ona təriflər yağdırır və özünü sülhpərvər kimi aparır, ancaq bununla yanaşı, o, Ukraynada yaşayan rusların öz müqəddəratını təyin etmək hüququndan və bunun BMT Nizamnaməsində yer aldığından söz salır. Əgər belədirsə, ruslar bir millət kimi artıq öz müqəddaratlarını həll ediblər, çünki Rusiya Federasiyası var. Ona sual verilməlidir ki,çeçenlər öz müstəqil dövlətlərini yaratmaq istəyəndə niyə onlara qarşı müharibə başlatdınız. Onda gərək Başqırtıstan, Tatarıstan və sairə subyektlər də öz dövlətlərini elan etsinlər. Hələ 1999-cu ildə Lyubimovun verilişində çıxış edən Putin deyirdi ki, Krımın Rusiyaya qaytarılması cəfəngiyyatdır və əgər Rusiya kimdənsə nə isə tələb edirsə, onda gərək özü də nə isə verə. O, əlavə etmişdi ki, Rusiyanın 400 mübahisəli ərazi subyekti var. Yəni onun danışdıqlarını bir kənara qoyub, bildirilməlidir ki, Ukrayna neytral qalır, siz də onun ərazisini tərk edin, müvafiq surətdə də Kiyev müqavilə bağlamalıdır. Amma bir şərtlə ki, Rusiya Ukraynaya hücum edərsə, ABŞ onun təhlükəsizliyinə zəmanət verəcək.Ümumiyyətlə, Ukrayna Prezidenti Zelenskinin NATO sevdasıından əl çəkib, məhz bunu təklif etməsi daha məqsədəuyğun olar.
"AzPolitika.info"