FRANSA ERMƏNİSTANA “ÇÖKÜR” – İrəvanın “sülh təşəbbüsləri” bloklanır, Aİ missiyası genişləndirilir

31/10/2024 - 09:09

Fransanın Ermənistandakı səfiri Olivier Dekottini İrəvanda yerli mətbuata müsahibəsində bir sıra iddialarla çıxış edib.

“AzPolitika” xəbər verir ki, o, Avropa İttifaqının Ermənistandakı missiyasını genişləndirməyi planlaşdırdığını bildirib. Xatırladaq ki, Azərbaycanın Ermənistan qarşısında əsas tələblərindən birinin Avropa missiyasının regiondan çıxarılmasıdır. 

Rəsmi İrəvanın bu tələblə bağlı konkret mövqeyi yoxdur. Amma belə görünür, Fransa səfiri “Papadan artıq katolik olmaq” iddiasına düşüb: Azərbaycanın, eləcə də Rusiyanın Avropa missiyasını tənqid etməsinə çox təəccüblənirəm. Həm Rusiyadan, həm də Azərbaycandan eyni sözləri eşitməyimiz olduqca diqqətəlayiqdir, bəzən mətnlərin sadəcə tərcümə edildiyini düşünmək olur. Amma faktlara nəzər salsaq, təmas xəttində hərbi insidentlərin sayının azalmasına Avropa missiyası öz töhfəsini verib. Atışma təhlükəsi və hətta münaqişənin yenidən başlaması riski ilə üzləşən təmas xəttinə yaxın erməni kəndlərinin sakinləri missiyanın mövcudluğunu alqışlayırlar. Mən Aİ missiyasının patrullarına qoşuldum və yerli sakinlərlə görüşdüm. Onlar üçün Avropa missiyası təhlükəsizlik əlaməti və dünyanın onları unutmadığının sübutudur. Məhz buna görə də Fransa Aİ tərəfdaşları ilə birlikdə missiyanı genişləndirməkdə israr edirdi və bu, artıq baş verir. Missiyanın heyəti demək olar ki, iki dəfə artır və onun imkanları genişləndirilir. Bu, regionda sabitliyə ən mühüm töhfələrdən biri olub”.

 

 

Səfir vurğulayıb ki, plan missiyanın mövcudluğunu təxminən iki dəfə artırmaqdır, bu da əlavə bir neçə yüz nəfər deməkdir. Dekottini iddia edib ki, onlar vaxtı ilə Qarabağda olmuş Rusiya kontingentindən daha çox iş görüblər. “Bu o deməkdirmi ki, Aİ Bakı və Moskvanın tələbi ilə öz missiyasını sərhəddən çıxarmayacaq” sualnı O.Dekottini belə cavablandırıb: “Missiyanın mandatı Brüsseldə müəyyən edilir”. Müsahibədə açıq ifadə olunur ki, bu mövzuda Ermənistan rəhbərliyinin nə düşündüyü Paris üçün əhəmiyyətli deyil. Səfir deyir, özü “sərhəddə gözləri ilə görüb” ki, missiyanın qalmasına, sayının artırılmasına, mandatının uzadılmasına “zərurət” var. Bu, kifayətdir. O.Dekottinini Paşinyan hökumətinin Azərbaycanın haqlı suallarına nə cavab verəcəyi, problemin sülh danışıqlarına necə təsir göstərəcəyi maraqlandırmır.  Əsas məsələ təbii ki, Frnsanın Cənubi Qafqazda yarımhərbi missiyasını genişləndirmək və gələcəkdə onun üzərindən planları həyata keçirməkdir. 2022-ci ilin payızında bu barədə verilən siyasi qərarda 2 aylıq 40-50 silahsız müşahidəçinin Azərbaycan - Ermənistan sərhədində monitorinqlər aparması nəzərdə tutulmuşdu. Rəsmi Bakıda ona etiraz etməmişdi, amma 2 aylıq müddət 2 ili keçib, kontingentin tərkibi 40 nəfərdən 400 nəfərə çatıb. Şübhəsiz ki, onları ən müasir kəşfiyyat avadanlıqları ilə təmin ediblər.  Bu günlərdə Azərbaycan mediasında Ermənistanla sərhəddə qurulan kəşfiyyat mərkəzinin fotolarının yayılması da Fransanın timsalında Avropa İttifaqının gerçək planlarına işıq tutur. Səfirin dediklərindən məlum olur ki, missiya getdikcə böyüdülərək Aİ-nin (əslində Fransanın) Ermənistandakı hərbi bazasına çevriləcək. Nəzərə alaq ki, İrəvan və Paris arasında hərbi əməkdaşlıq sürətlə genişləndirilir. Səfir də deyir ki, Fransa imzalanmış müqavilələr üzrə Ermənistanda silahların çatdırılması barədə öhdəliklərini yerinə yetirib: “Biz Ermənistan hökumətinin “dondurulmuş üzvlük” kimi qələmə verdiyi KTMT-yə üzvlüyünə öz xalqını, ərazisini və suverenliyini qorumaq üçün lazım olan hərbi texnika ilə təmin edilməsinə maneə kimi baxmırıq. Biz dedik və etdik. Biz bunu tərəfdaşlarımıza, o cümlədən NATO müttəfiqlərimizə açıqladıq. Yəni bizim üçün heç bir tabu yoxdur. Biz şadıq ki, digər ölkələr, məsələn, Hindistan da Ermənistanla hərbi əməkdaşlığa başlayıb. Və daha çox ölkənin bu prosesə qoşulacağına ümid edirik. Təchizat məsələsini şərh etməyəcəm. Amma bizim əməkdaşlığımız birdəfəlik deyil. Yalnız bir sifariş çatışmırdı. SEZAR sistemi üçün keçənilki sifarişlər də daxil olmaqla yeni sifarişlər var. Söhbət Ermənistan ordusunun modernləşmə prosesində çiyin-çiyinə addımlamaqdan gedir. Hərbi texnika bunun yalnız bir hissəsidir. Təlim və hərbi doktrina da son dərəcə vacibdir. Biz həm Ermənistanda, həm də Fransada erməni əsgərlərinə təlimlər keçiririk və Müdafiə Nazirliyinə məsləhətlər veririk”. Beləliklə, Fransanın Ermənistanda hərbi-siyasi imkanlarını gücləndirməsinin regionda sülhə xidmət etmədiyi aydınlaşır. Açıq görünür ki, Parisin gündəliyi İrəvanla üst-üstə düşmür, Baş nazir Nikol Paşinyanın Azrbaycanla sülh axtarışları elə öz müttəfiqi tərəfindən bloklanır.  Maraqlıdır, Fransanın bu “təşəbbüskarlığı” Avropa İttifaqınn digər üzvləri tərəfindən necə qarşılanır? Prezident İlham Əliyevə məktub yazıb il sonuna qədər sülh sazişinin imzalanmasına çağıran Prezident Co Baydenin administrasiyası destruktiv fəaliyyətələrlə bağlı nə fikirdədir? Hər halda kartların açıq oynanılmasına ehtiyac var...

“AzPolitika.info”

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ