ABŞ-Azərbaycan münasibətləri niyə gərginləşdi?

19/12/2023 - 15:41

Vaşinqtonun Azərbaycanda hərbi baza qurmaq təklifinə rəsmi Bakı “yox” deyib?

II YAZI

ABŞ-ın son zamanlar Azərbaycana qarşı sərgilədiyi basqı siyasətinin altında daha hansı səbəblər yata bilər? Hesab edirik ki, bu sualın cavabını amerikalı jurnalist və siyasi şərhçi Con Varolinin açıqlamasında tapa bilərik. C.Varoli ABŞ-ın Azərbaycanda hərbi baza qurmaq fikrinin olduğunu və burdan İrana qarşı istifadə etmək istədiyini ifadə edir.

ABŞ haradan bu nəticəyə gəlmiş ola bilər? Yaxud hansı əsasla Azərbaycanın buna razı ola biləcəyinə qərar verə bilər? Belə anlaşılır ki, rəsmi Bakının İsraillə yaxşı əlaqələrinin olduğunu və İranla münasibətlərin üzüaşağı dürümda olmasını fürsət bilib. Vaşinqton bu səbəbdən də durumdan yararlana biləcəyini, İrana qarşı hər hansı bir hərbi əməliyyat keçirmək zərurəti yaranarsa, Azərbaycan ərazisindən platsdarm kimi istifadə edəcəyini düşünüb.

Hərçənd, ABŞ-ın İrana qarşı “dişsiz” davrandığını, illər əvvəl dondurulmuş maliyyə vəsaitini onun sərəncamına verdiyini, Qəzzada baş verən döyüşlərdə İsrailə qarşı müharibəyə girməməsi xəbərdarlığını etməsi Vaşqintonun Tehrana qarşı hərbi əməliyyat planını inandırıcılığını istisna edir. Belə bir təəssürat yaranır ki, ABŞ Türkiyəni İrana qarşı müharibəyə çəkmək üçün Azərbaycan ərazisindən İrana hücum planlayır, yəni ölkəmizi “İranın qarşısına yem kimi atmaq istəyir”.

Bəllidir ki, ABŞ Türkiyəni dəfələrlə İranla üz-üzə qoymaq üçün müxtəlif variantları sınaqdan keçirib. Burada isə məqsəd Çinin “Bir Kəmər, Bir Yol” layihəsi güzərgahında fəaliyyət göstərən “Orta Dəhliz”i əngəlləməkdir. Çünki ABŞ-ın Çin tranzit dəhlizlərinə alternativ olan İMEC tranzit layihəsi artıq masa üzərindədir və Vaşqinton rəqib layihələri aradan qaldırmalıdır.

Təbii ki, ABŞ-ın Bakıya qarşı xoş olmayan yanlış rəftarı, AB və Rusiya arasında yaşanan qalmaqal fonunda, ölkəmizi Kremlin cinahına itələməməlidir. Biz Rusiya və İranla normal qonşuluq əlaqələrində maraqlıyıq. İstəmirik ki, münasibətlərimiz gərgin olsun. Amma bu o demək deyil ki, bizim siyasi gündəliyimizi, prioritetlərimizi Rusiya müəyyənləşdirməlidir. Rusiya ilə münasibətlər “ölçülü” tərəfdaşlıq müstəvisində qalmalıdır. ABŞ-ın caynağından qurtulacağıq deyə, Rusiyanın hegemonluq çətirinin altında himayə axtarmamalıyıq.

Məsələyə nisbi aydınlıq gətirdiyimizə görə, ölkədaxili ABŞ-Azərbaycan gərginliyinin müzakirəsinə nəzər sala bilərik. Bu gərginliyə ən “sərrast” qiyməti verən yetkililərdən biri Səməd Seyidovdur. Əlbəttə, onu narahatçılığını başa düşmək çətin deyil, amma dəyərləndirməsini anlamaq çətindir. O, Azərbaycana qarşı təzyiqləri və Bakının adekvat reaksiyasını belə şərh edib: “Birinci səbəb odur ki, Ermənistan kapitulasiya sənədi imzalasa da mövqeyini dəyişməyib. İkincisi, bunlar Azərbaycana qarşı kampaniyanı ona görə kəskin şəkildə təşkil ediblər ki, həqiqətlər açılacaq. Söhbət 30 il ərzində Azərbaycan dövlətinə, onun xalqına qarşı cinayətlərin üstünün açılmasından gedir. Bu yerdə bizim məşhur “Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı” məsəli yerinə düşür. Digər məsələ, Azərbaycanın davranışını Qərbdəki güclər qəbul etmir. Bu məsələləri birlikdə götürəndə “nə baş verir” sualının cavabı ortaya çıxır. Bu saat mənim masamın üzərində Ermənistanla bağlı Avropa Şurasında müzakirə olunacaq sənədlər var. Orada gedən proseslər faktiki baş-ayaq təqdim olunur. Bu gün biz yaxşı bilirik ki, Ermənistanda müxalifətə qarşı nələr olur, jurnalistlər hansı şəraitdə çalışır. Biz bilirik ki, Ermənistan bir əsarətdən çıxıb, digər əsarətə keçir. Bunlar məruzələrdə yoxdur. Ancaq Azərbaycan müstəqil ölkədir. Bizə qarşı kampaniya məhz müstəqil mövqeyimizə görə baş verir. Biz bunu açıq ifadə edirik”.

Bu şərhin ən maraqlı bölümlərindən biri “Ermənistanda jurnalistlər hansı şəraitdə çalışır” cümləsidir. Çünki, ölkəmizdə də Qərbin bizə qarşı məharətlə istifadə edə biləcəyi “Abzas media” jurnalistlərinin, “Kanal 13”-ün direktorunun həbsinin yaratdığı imic “yaxşı silah”dır. Qərbin azad media məsələsinə həssaslıqla yanaşdığı məlumdur. Onsuz da mürəkkəb olan siyasi vəziyyətdə media mənsublarının həbsinin Azərbaycanın ədalətli mübarizəsinə baxmayaraq, onu küncə sıxışdırmaq üçün tutarlı sübut kimi istifadə olunacağı aydındır. Və bu kimin işinə yarayar?

Əlbəttə, rəsmi Bakının Qərbdən uzaqlaşıb ona yaxınlaşmasını istəyən Moskvanın! Yuxarıda da qeyd olunduğu kimi, ABŞ-ın Bakıya sərmayəsi ədalətsizlik olan aqressiv münasibətindən faydalanan Moskva ilə Tehran olacaq.     

Milli Məclisin komitə sədri onu da qeyd edib ki, Qərbdəki məlum qüvvələr Azərbaycandan müstəqilliyimizdən, mənliyimizdən, milli kimliyimizdən imtina etməyi tələb edir: “Bu gün nümayiş olunan Qərbin dəyərlərindən irəli gələn məsələlərə aid deyil. Faktiki əsarətçi siyasətlərini bizə tətbiq edirlər. İndi baş verənlər Qərbin siyasəti deyil. Biz normal, ikitərəfli münasibətlərdə səmimiyik. Cənab O”Braynın təhqiramiz çıxışını unutmadıq. Blinken cənab Prezidentə zəng etdi. Nə oldu, özləri mövqeyini geri götürdülər. İndi həmin şəxsi Azərbaycana göndərirlər və başa düşürlər ki, bizimlə bu tonda danışmaq olmaz. Hesab edirdi ki, onların icazəsi olmadan torpaqlarımızı azad etdiyimiz üçün bizi cəzalandırmalıdırlar. Ona görə də hesab edirlər ki, insan haqları və sair məsələlər adı ilə bizi sıxacaqlar, sanksiyalarla təhdid edəcəklər.

Ermənistan 30 il Azərbaycana qarşı işğalçılıq siyasəti aparıb. Xocalı soyqrımını törədib. Amma sakit, könüllü şəkildə Xankəndindən öz xoşu ilə gedən ermənilərə görə bizi hədəfə alırlar. Ermənistandan qovulan azərbaycanlılar haqqında bir dəfə də danışmayıblar. Qərb əvvəlcə bəyan etsin ki, ən azı 300 min soydaşımızın Ermənistana qayıtmalıdır. Ermənistandan qaçanlar insan yox, amma Xankəndindən gedənlər insandır?”

O ki qaldı “Qərbdəki məlum qüvvələrin mənliyimizdən, milli kimliyimizdən imtina etməyi tələb etməsinə”, bu, aydınlaşdırılmalı nüansdır. Azərbaycan toplumunun deqradasiyası, mənliyimizdən, milli kimliyimizdən imtinaya gəlincə, keyfiyyəyi aşağı düşən təhsil, səhərdən axşama qədər əxlaqsızlığı, mənəviyyatsızlığı, ailə dəyərlərini tapdamağı təbliğ edən TV-lər bu missiyanı kifayət qədər yerinə yetirir. Yarıtmazlıq üzündən, yaxud qəsdən kökü oyulan mənəvi dəyərlər sisteminin darmadağın olmasının günahını da ABŞ-Azərbaycan münasibətlərinin üstünə yıxmaq nə dərəcədə ədalətlidir? Əlbəttə, görünən odur ki, haqlı tənqidlər qarşısında dözüm göstərməyən, yaxud da bütün bunları fürsət bilən Azərbaycandakı Rusiyapərəst qüvvələr ölkəmizdəki vəziyyəti Kremlin xeyrinə dəyişməyə can atırlar. Bəs, bu, ölkə rəhbərliyinin, xüsusən də Prezident İlham Əliyevin maraqlarına xidmət edirmi? Təbii ki, yox. Ən azı ona görə ki, ölkə başçısı hər zaman müstəqil siyasət yürütməyin tərəfdarı olub və bunu, demək olar, hər çıxışında dilə gətirib. Bu baxımdan, Əliyevin hakimiyyəti dönəmində Azərbaycanın Rusiyanın “caynağına” keçəcəyini düşünmək sadəlövhlük olar. Görünür, İ.Əliyev xüsusən də prezident seçkiləri ərəfəsində daxili balansı qorumaqda daha çox maraqlıdır. Odur ki, seçkidən sonra ABŞ-la Azərbaycan arasındakı umu-küsülərin düzələcəyinə və Azərbaycanın Qərbə inteqrasiya xəttini davam etdirəcəyinə də inam böyükdür.

Ülviyyə ŞÜKÜROVA

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

What's been happening?
12/12/2023 - 21:12