Azadlıq mübarizəsi aparan xalqların Fransa müstəmləkəçiliyinə etirazları tam legitimdir - ŞƏRH

20/05/2024 - 05:45

Yaşadığımız dünyanı nə qədər müasir adlandırsaq da, təəssüflər olsun ki, bəzi ölkələr hələ də müstəmləkəçilik siyasətindən əl çəkmir. Özünü insan hüquqları üzrə beynəlxalq “polis” kimi aparan, bu vasitə ilə başqa ölkələrin daxili işlərinə müdaxilə edən Fransa hələ də milyonlarla insanın yaşadığı ölkələrdə öz kolonializmini davam etdirməyə çalışır. Dövlətləri və xalqları öz imperiyası altında saxlamaq, həmin ölkələrin və bölgələrin sərvətini talamaqda davam etmək, nəzarətində saxladıqları xalqların sosial-mədəni, dini dəyərlərini məhv etmək istəyir. Bu əməllərinə haqq qazandıraraq özünün həmin xalqlardan “üstün” olduğunu düşünür.

Bu sözləri Qafqaz.Media saytına açıqlamasında Ana Vətən Partiyası sədrinin müavini, politoloq Yalçın Hacızadə söyləyib.

O bildirib ki, tarixi saxtalaşdıraraq “erməni soyqırımı” yalanlarını dünyada müdafiə edən, Azərbaycan ərazisində üzün müddətdir separatizmə dəstək verən, bizi ermənilərə qarşı “soyqırımında, insan hüquqları pozuntusunda” ittiham edən Fransa onlarla xalqın müstəqillik arzusunu güc yolu ilə, qətliamlar törədərək gözlərində qoymağa çalışır. Fransa yüz ildən artıqdır ki, Afrika xalqlarına qarşı dəhşətli soyqırımları, qətliamlar törədərək öldürdükləri insanların sümüklərini muzeylərində sərgiləyir.

“Biz imperializmə, müstəmləkə və yeni kolonializmə, işğala qalib gəlmiş xalq və dövlət olaraq dünyada bu əməllərə qarşı mübarizəmizi davam etdirəcəyik. Həmin ölkələrin və xalqların öz fundamental hüquqlarının təsbit olunması, səslərinin beynəlxalq müstəviyə çıxması üçün dəstəyimizi göstərəcəyik.

Bakı Təşəbbüs Qrupunun Fransanın müstəmləkələri olan Kanaki, Maohi Nui (Fransız Polineziyası), Fransız Qvianası, Martinika, Qvadelupa və Korsikada müstəqillik uğrunda mübarizə aparan siyasi hərəkatların nümayəndələrinin iştirakı ilə keçirdiyi “Kanak xalqı ilə həmrəylik toplantısı” adlı tədbir həmin xalqlara qarşı olan zülmün, onların siyasi azadlıq mübarizəsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində böyük addımdır. Fransa bilməlidir ki, onun həmin xalqlara qarşı törətdiyi vəhşiliklərə göz yumulmayacaq. Həmin xalqların haqq səsinin müdafiə olunması Fransanın beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozmasının qarşısı alınana qədər davam edəcək. Bakı Təşəbbüs Qrupunun beynəlxalq ictimaiyyəti müstəmləkəçilikdən əziyyət çəkən regionların xalqları üçün “Birlik, Azadlıq və Müstəqillik” ideyası ətrafında birləşməyə və Fransa kolonializminə “YOX”, müstəqillik uğrunda ədalətli mübarizəyə “HƏ” deməyə çağırışı buna sübutdur.

Həmin xalqların müstəqilliyə nail olmaq arzuları beynəlxalq sənədlərə, xüsusən BMT-nin xalqların öz müqəddəratını təyinetmə hüququ ilə bağlı 1514 saylı qətnaməsinə uyğundur və Fransa bu öhdəliyi yerinə yetirməlidir. Ona görə bu xalqların Fransanın müstəmləkəçilik siyasətinə qarşı etirazları tam legitimdir”, - deyə politoloq vurğulayıb.

O deyib: “Prezident İlham Əliyev dəfələrlə öz çıxışlarında bildirib ki, Azərbaycanla heç kimi təhdid, şantaj dilində danışa bilməz. Bu, o demək deyil ki, Azərbaycan özünü dünyada ən güclü ölkə hesab edir. Bu, o deməkdir ki, bizi hansısa vasitələrlə şantaj, təhdid etmək istəyən ölkələrin məkrli siyasətini görür, onların nə işlə məşğul olduqlarını bilirik. Bizi insan hüquqlarını pozmaqda, soyqırımı törətməkdə ittiham edən Fransa kimi ölkələr əslində özləri bu işlə məşğuldurlar. Ona görə də Azərbaycanın fransız müstəmləkələrində baş verən azadlıq, müstəqillik hərəkatına verdiyi dəstək Fransa hökumətinin bildirdiyi kimi, “Azərbaycanın Fransanın daxili işlərinə müdaxiləsi” deyil, beynəlxalq hüququn pozulmasının qarşısının alınması, onun hamı üçün eyni əsaslarla bərqərar olması yolunda atdığı addımdır”.

Qafqaz.Media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

What's been happening?
12/12/2023 - 21:12