Yəməndə “savaşı qasırğası” əsdirən "müharibə ekipajı" - TƏHLİL

15/01/2024 - 22:33

Və yaxud ABŞ-ın İranla razılaşdırılmış hücum planı; Vaşinqton özünün “hegemon dövlət” reputasiyasını xilas etməyə çalışıb

Yanvarın 11-də, səhər saat 11 radələrində İngiltərənin baş naziri Rişi Sunak tərəfindən Yəməndəki husilərin hədəflərinə İngilis bombalarının atılması ilə nəticələnən qərar verildi. Bu zaman onun yanında siyasi və hərbi rəhbərliyin yüksək rütbəli nümayəndələri, eləcə də ölkənin təhlükəsizlik strukturlarının rəhbərləri var idi. Görüşdə müdafiə naziri Qrant Şapps, xarici işlər naziri Devid Kemeron, baş nazirin müavini Oliver Douden və daxili işlər naziri Ceyms Kleverli iştirak edirdilər. Həmçinin, nəqliyyat naziri Mark Harper də bu taleyüklü iclasda iştirak edirdi və bu, Qırmızı dənizdəki husi hücumlarının qlobal ticarətə zərər verdiyinə dair işarə idi. Həmçinin, əməliyyatın başlaması üçün icazəsi lazım olan baş prokuror Viktoriya Prentis də iştirak edirdi.

Bütün bunlarla bağlı açıqlama verən Qərb mediası yazır ki, iclasda hərbi strukturların əsas nümayəndəsi, Britaniya Müdafiə Qərargahının rəisi admiral Toni Radakin də var idi. Hansı ki, o, əvvəllər Birinci Dəniz Lordu vəzifəsində çalışdığı üçün dəniz müharibəsinin reallıqlarına yaxşı bələddir. Həmçinin, baş nazirin milli təhlükəsizlik üzrə müşaviri ser Tim Barrou da orada idi.

Əlbəttə, hökumətin fövqəladə "Kobra" komitəsinin səhər saat 10:30-da başlayan bu iclası husilərə qarşı hərbi zərbə endirmə ehtimalının nəzərdən keçirildiyi ilk iclas deyildi. İsrail və HƏMAS arasında müharibə başlayandan bəri Qırmızı dənizdən keçən yük gəmilərinə hücum edən Fələstin tərəfdarı şiə islamçı qrup husilərin silsilə hücumlarından sonra, dekabr ayında "Kobra" görüşlərində bu məsələ müzakirə edilib.

Toplanan "müharibə heyəti" və parlament üzvləri Milad bayramını seçki ili üçün yeni enerji ilə keçirərkən, hökumətin fövqəladə təhlükəsizlik komitəsinin üzvləri hərbi müdaxilə variantlarını müzakirə ediblər. Husilərin hücumlarının açıq-aşkar zəifləməsi səbəbindən hərbi əməliyyata ehtiyac olmayacağına dair ümidlər, qrup tərəfindən Yeni il günü təşkil edilən hücumlardan sonra nəhayət puça çıxdı. Beləliklə, yanvarın 3-də Böyük Britaniya və onun müttəfiqləri birgə bəyanat verdilər, hansı ki, onun mahiyyəti “atəşin dayandırılması və hərbi güc tətbiqindən imtina edilməsi” tələbindən qaynaqlanırdı.

Bununla belə, çərşənbə axşamı husilər ABŞ hərbi gəmilərinin olduğu Amerika yük gəmilərini atəşə tutdular. Üsyançılar 20-yə yaxın PUA-lar göndərdilər və ABŞ ilə Britaniya qüvvələri bunu əks zərbə ilə dəf etməli oldular. Üstəlik, Vaşinqton və London qərara aldı ki, bu hücuma sərt cavab lazımdır. Təbii ki, bu cavab özünümüdafiə kimi təqdim olunsa da, ABŞ və Böyük Britaniya hücum təşəbbüsünü öz üzərinə götürməyə məcbur idi...

Sonra, çərşənbə günü axşam husilərin mövqelərinə raket zərbəsi endirmək təklifi hüquqi və diplomatik dəstək aldı: BMT Təhlükəsizlik Şurası husilərdən hücumları dayandırmağı tələb edən qətnamə qəbul etdi. Qeyd edək ki, Çin və Rusiya qətnaməyə veto qoymaq əvəzinə, səsvermədə bitərəf qaldı.

Cümə axşamı təxminən 15 nəfərin iştirak etdiyi "Kobra" toplantısının 30 dəqiqə davam edəcəyi gözlənilirdi. Ancaq toplantı bir az daha uzun sürdü. Sonda Sunak qərarını verdi. "O, təklif olunan əməliyyat planı ilə razılaşdığını açıq şəkildə bildirdi", deyə müzakirələrlə tanış olan mənbə açıqlayıb.

Bundan sonra daha bir neçə rəsmi addım atmaq lazım idi. İclasdan dərhal sonra Milli Təhlükəsizlik Şurasının daha geniş toplantısı baş tutdu. Qərarın təsdiq edilməsi üçün Nazirlər Kabinetinin iclası çağırıldı.

Lakin husilərin hərbi hədəflərinə zərbə endirmək planı "Kobra" toplantısından dərhal sonra həyata keçirildi. Bunun da bir sıra çətinlikləri var idi. Birincisi, baş nazir çoxdan hərbi məsələlərlə bağlı açıqlama verməyi planlaşdırırdı - yalnız bu planlarda Yaxın Şərq yox idi.

Hələ Milad bayramından əvvəl "Downing Street" qərara almışdı ki, Ukrayna Sunakın 2024-cü il üçün beynəlxalq səyahət cədvəlində birinci ölkə olmalıdır. Bu səbəbdən də Kiyevə gizli səfərə hazırlıq görüldü. Qərara alındı ki, Ukraynanın paytaxtı Britaniyanın 2024-cü il üçün ölkəyə hərbi yardım paketini elan etmək üçün ideal yerdir. Rusiyaya qarşı mübarizə üçün 2,5 milyard funt sterlinqlik paketə - Britaniyanın əvvəlki illərdə vəd etdiyi məbləğdən 200 milyon funt-sterlinq çoxdur - PUA-lar və Kiyevi uzaqmənzilli raketlərlə təchiz etmək üçün yardım daxildir.

Bəs, Britaniya qırıcılarının onun təsdiqlədiyi hərbi əməliyyatı həyata keçirdiyi bir vaxtda baş nazirin xaricə uçması düzgündürmü? Öncə onu qeyd edək ki, Rişi Sunakın özü Ukrayna prezidenti Vladimir Zelenski ilə söhbətində səfərinin ləğv edilib-edilməməsi ilə bağlı qaçılmaz müzakirələrə son qoydu. Belə ki, Sunak Kiyev səfərinin Qərbin Ukrayna münaqişəsindən yayınmayacağına dair Kremlə mesaj verəcəyini dedi. "O, qarşıdan gələn səfərin Rusiyaya daha da güclü mesaj göndərəcəyinə qərar verdi", - deyə "Downing Street" mənbəsi ipucu vermişdi.

İkinci çətinlik amerikalılarla hərəkətləri koordinasiya etmək idi. Zərbə endirilməsi planı ilə tanış olan "Vaythol" (Whitehall) insayderləri etiraf edirlər ki, məhz Vaşinqton hərbi məsələlərdə aparıcılıq edir. Pərdə arxasında Ağ Ev həftələrdir husilərə qarşı zərbələr planlaşdırırdı. ABŞ Prezidenti Co Bayden husiləri və Qırmızı Dənizdə gəmiçiliyi qorumaq üçün Birləşmiş Ştatların yaratdığı 22 dövlətdən ibarət koalisiya olan "Prosperity Guardian" əməliyyatının təfərrüatlarını müzakirə etmək üçün milli təhlükəsizlik müşaviri Ceyk Sallivan ilə demək olar ki, hər gün görüşüb.

Yeni il günü, Danimarkanın "Maersk Hangzhou" konteyner gəmisinə husilərin hücumundan və o hücumun ABŞ hərbi qüvvələri tərəfindən dəf edilməsindən sonra Bayden komandasına BMT-də müharibəyə dəstək toplamaq üçün səylərin tempini sürətləndirməyi əmr etdi.

Birləşmiş Ştatlar və onun 13 müttəfiqindən "son xəbərdarlıq" yanvarın 3-də gəldi, lakin çərşənbə axşamı husi üsyançıları 20-yə yaxın pilotsuz təyyarə və üç raketlə yenidən kompleks hücuma keçdilər - bunların hamısı ABŞ və Britaniya qüvvələri tərəfindən vuruldu.

"Həmin hücum dəf edilən kimi, prezident öz milli təhlükəsizlik komandasını yenidən topladı və ona kollektiv hərbi cavab variantları təqdim edildi. Həmin görüşün sonunda prezident müdafiə naziri Lloyd Ostinə cavab zərbəsi endirməyi əmr etdi", - deyə hökumətin içindəki məmur bildirdi.

Administrasiya öz müttəfiqlərindən, o cümlədən Britaniyadan kəşfiyyatın PUA-lar və ballistik raketlərin buraxılması üçün istifadə edildiyini sübut edən və husilərin nəzarətində olan 60-dan çox obyektin məhv edilməsi əməliyyatına kömək istəyib.

"Prosperity Guardian" əməliyyatının digər üzvlərindən fərqli olaraq, Böyük Britaniya sadəcə şifahi dəstək vermək əvəzinə, hücumda iştirak etməyə hazır olduğunu bildirib.

Böyük Britaniya Kiprdə Akrotiridəki hərbi bazasından dörd Tayfun qırıcı təyyarəsi və bir tanker təyyarəsi göndərməyə razılaşdı, Hollandiya, Avstraliya, Kanada və Bəhreyn isə logistika və kəşfiyyat dəstəyi verdi.

İtaliya Bayden administrasiyasına bölgədəki gərginliyin azaldılmasının tərəfdarı olduğunu bildirərək, əməliyyata qoşulmaqdan imtina etdi.

Məsuliyyət bölgüsü var idi, İngiltərə iki hədəfi vurmağa cavabdeh idi - şimal-qərbdəki Bani bölgəsində pilotsuz təyyarələrin buraxılması üçün istifadə edildiyi bildirilən sahə və Abbsedəki aerodrom. Və ABŞ daha 14 hədəfi vurmaq üçün zərbələr endirməli idi.

İki ölkə arasında hərbi əməkdaşlıq uzun müddətdir ki, onların “xüsusi münasibətlərinin” təməl daşı olub. Lakin cümə axşamı husilərə qarşı zərbənin baş verməsinə saatlar qalmış nəzərəçarpacaq gərginlik var idi. Bu, "Times" qəzeti hərbi hərəkətləri müzakirə etmək üçün fövqəladə hökumət komitəsinin iclasının çağırıldığını bildirən zaman baş verib.

Məlumatlı mənbə "Daily Telegraph"a açıqlayıb ki, ABŞ ordusu öz həmkarlarının hərəkətlərindən narazılığını ifadə edib. Tipik olaraq, bu cür zərbələr yalnız təyyarələr öz bazalarına qayıtdıqdan sonra məlum olur.

Diplomatlar və siyasətçilər sızmanın haradan gəldiyini anlamağa çalışdıqca narahatlıq "Vaythol"a (Whitehall) yayıldı. Daha üstün əhval-ruhiyyənin "dərin məyusluq" olduğu deyildi.

Maraqlıdır ki, qarşıdan gələn zərbə xəbəri Britaniya mətbuatına sızan kimi, "Wall Street Journal" ABŞ hökumətinin Yəməndəki "dəniz gəmiçiliyi rəhbərlərinə" yaxın saatlarda hərbi zərbə gözləmələri ilə bağlı xəbərdar etdiyini dərc edib. Qəzet qeyd edib ki, radiolokasiya stansiyalarına, silah anbarlarına və PUA-ların buraxılış məntəqələrinə zərbələr endirmək planları barədə məlumat verilib.

Son 20 ildə Böyük Britaniyada hərbi əməliyyatlarla bağlı qərarlarda parlamentin söz sahibi olması normaya çevrilib. Lakin Yəmənə zərbə endirilməsi məsələsində, parlamentarilər məsuliyyət daşımaqdan yan keçdi, çünki nazirlər qorxdular ki, müzakirələr çox vaxt apara biləcəyindən husilər gözlənilən həngaməyə daha çox vaxt qazanacaq və zərbələrin daha az təsirli olacaq.

Cümə günü nazirlər müttəfiqlərin zərbəsinin sırf özünümüdafiə məqsədi daşıdığını və davamlı yox, yalnız bir dəfə endirilmək üçün nəzərədə tutulduğunu, buna görə də parlamentdə səsvermənin keçirilməməsi qərarının haqlı olduğunu söylədi və Leyboristlər bununla mübahisə etmədilər.

Bu arada, ABŞ-ın sızma ilə bağlı narazılığının əsl miqyası aydın deyil. Cümə günü "Telegraph" qəzetinə verdiyi müsahibədə Şapps Vaşinqtonda bu məsələ ilə bağlı hər hansı narazılığın olmasından xəbərsiz olduğunu söylədi.

Yüksək vəzifəli "Whitehall" rəsmiləri bunun hərbi əməliyyatın vaxtına və ya gedişinə heç bir təsir göstərmədiyini israr edirlər. Nazirlər Kabinetinin iclası cümə axşamı saat 19:45-də baş tutub. Əvvəlcə "Downing Street"dən Ukraynaya getməli olacaq Sunak danışıb, sonra səhər "Kobra" toplantısına qatılan yüksək səviyyəli nazirlərin əksəriyyəti çıxış edib.

Mənbələrdən biri baş nazirin, "Husilər onlara ünvanlanan xəbərdarlıqlara məhəl qoymayıb. Bunlar məqsədyönlü və mütənasib hərəkətlərdir", ifadələrini sitat gətirib.

Növbəti vəzifə rəsmi müxalifəti işdən hali etmək idi. Leyboristlər Partiyasının lideri Ser Keir Starmer və kölgə müdafiə naziri Con Hili axşam saat 20.15 radələrində İcmalar Palatasının sədri ser Lindsi Hoyl ilə birlikdə Nazirlər Kabinetinə çağırılıb. "Şotlandiya Milli Partiyası"nın lideri kimi İcmalar Palatasında üçüncü ən böyük fraksiyaya rəhbərlik edən Stiven Flinin dəvət olunmaması ertəsi gün çox səs-küylü şikayətlərə səbəb oldu. Bu zaman o da bəlli oldu ki, Liberal Demokratlar da brifinqdə olmayıblar.

Douden brifinqə moderatorluq edib. Sunak Ukraynaya yola düşərkən o, "Whitehall"da qalıb və ingilis pilotları gecə saat 23.30 radələrində Yəməndəki husi hədəflərinə raket və bombalar atıblar. Yalnız missiya başa çatdıqdan sonra baş nazirin müavini cümə günü səhər tezdən evə gedib.

Göründüyü kimi, bəzi maraqlı məqamlar ortaya çıxır. Yəmən husilərinə hücumdan öncə dünya ikrah doğuran uşaq ticarəti, pedofiliya, MOSSAD-a bağlı olduğu deyilən Cefri Epsteynin "rəzalət adası"nda baş verən iyrənclikləri ilə sarsıldı. Dünya gündəmini çalxalayan ifşa xəbərləri hələ də "isti" gündəmdir. Və yuxarıda haqqında söz açılan hadisələr ABŞ-Britaniya-Yəmən savaşına gedən proseslərin xronikasıdır. Amma iş bu cədvəllə bitmir. Xatirinizdədirsə, ABŞ-ın sabiq prezidenti Donald Tramp bir neçə il əvvəl İranın illərlə islam aləminə sırıdığı və iddiasında olduğu "islamın təəssübünü çəkən tək ölkə" reputasiyasını "xilas etmək"dən ötrü öncədən Vaşqinton administrasiyasına göndərdiyi "razılaşdırılmış qurama hücum" planını açıqlamışdı. Tehran reputasiyasının yerlə bir olmasını şəstinə sığışdırmayaraq, Trampa "siz İraqdakı hərbi bazanızın birini boşaldın, biz oraya hava zərbələri endirək, heç kimin burnu da qanamasın" deyə xahiş etmişdi. İndi isə ABŞ-ın narahat olduğu, Yəmən savaşı barədə Britaniyanın sızdırdığı xəbərlərdən görünür ki, Vaşqinton eynilə Tehranın taktikasını tətbiq edib. Yəni qarşıdan gələn zərbə xəbəri Britaniya mətbuatına sızan kimi, "Wall Street Journal"ın ABŞ hökumətinin Yəməndəki "dəniz gəmiçiliyi rəhbərlərinə" yaxın saatlarda hərbi zərbə gözləməli olduğu ilə bağlı xəbərdar etdiyi informasiyasını dərc etməsi, radiolokasiya stansiyalarına, silah anbarlarına və PUA-ların buraxılış məntəqələrinə zərbələr endirmək planları barədə məlumat verilməsi onu deməyə əsas verir ki, bu dəfə Vaqşinton Tehranın taktikasını yerinə yetirdi. Çünki özünün hegemon dövlət reputasiyasını xilas etməli idi və İrana bağlı husilərin də zərər görməməsi üçün "hücumu teatrlaşdırmaq" lazım idi. Britaniya isə ABŞ-ı "ifşa etmək" fürsətini əldən verməyib. Çünki ABŞ İranla döyüşmək istəmir, necə ki, prezident Co Baydenin KİV-lərin qarşısında bəyan etdiyi kimi, İran da ABŞ-la müharibə istəmir.

ABŞ qarşıdan gəlməsi gözlənilən III Dünya savaşı, yaxud dünyanın sıfırlanmasının ardınca yenidən paylaşılması, Amerikayönlü təkqütblü dünya üçün mübarizəyə qoruyub-saxladığı gücünü kiçik çatışmalara, regional müharibələrə sərf etmək istəmir. Yəni döyüş resurslarını xərcləməkdə maraqlı deyil, çünki qarşıda Çinin hegemonluq perspektivi var. İsrail isə dünyanının yenidən cızılmaqda olan tranzit marşrutları içində yer almaq istəyir, çünki dünya ticarətinin axacağı tranzit yollarının ərizisindən keçməsi ölkə üçün əbədi gəlir mənbəyidir. İsrail üçün bu ticari tranzit yolu Filadelfiya dəhlizi adlanan güzərgahdır. Filadelfiya dəhlizi İsrail-Misir sərhədinin son ucunda, Misirlə Qəzzanın arasında yerləşən ərazinin adıdır. Qırmızı dənizin sonunda Əqəbə körfəzinin başladığı yerdə İsrailin Eylat limanı çox strateji önəm kəsb edir. Çünki Qırmızı dənizin sonu iki su marşrutuna çıxır - Süveyş kanalı və Əqəbə körfəzinə.

Misirlə İsrail arasında yaşanmaqda olan ədavət də bununla bağlıdır. Beynəlxalq dəniz daşımaçılığı üçün Süveyş kanalının nə məna kəsb etdiyi məlumdur. Son zamanlarda Qırmızı dənizdə husilərin "köməyi" ilə baş verən çatışmalar da məhz Qırmızı dənizdən Süveyş kanalı vasitəsilə Misirdən keçərək Aralıq dənizindən daşınan yükləri azaldıb. Bununla Misirin Süveyş kanalından daşımalardan götürdüyü gəlirlər də azalır, Qahirə pərişan vəziyyətə düşür. Bu vəziyyətdə İranın dəstəklədiyi husilərin hücumları Misirin əleyhinə işləyir. Bu, ən başda İsrailə sərf edir, çünki Tel-Əviv Süveyş kanalınından dəniz daşımaçılığını passivləşdirib, gözdən salmaq və dövriyyəyə Süveyş kanalının yerinə Əqəbə körfəzindən başlayaraq Eylat limanından ta sərhəd boyunca uzanan Filadelfiya dəhlizinin sonuna qədər olan yolu yeni alternativ ticarət yolu kimi irəli sürmək niyyətindədir. Bu səbəbdən İsrail Misirlə barışmaq mövqedədir. Misir Süveyş kanalından gələn gəlirlərindən vaz keçmək istəmir, İsrail isə Əqəbə körfəzini Süveyşə kanalının yerinə alternativ olaraq möhkəmləndirmək istəyir, əlbəttə ki, ardınca ticari marşrutunu Eylat limanından Misir-İsrail sərhədi boyunca Filadelfiya dəhlizi ilə Aralıq dənizinə çıxarmaq şərtilə.

Beləliklə, İsrailin niyə Qəzzanı fələstinlilərdən təmizləmək, onları Misir-Qəzza xəttinin o biri tərəfinə qovmaq, Misiri fələstinlilərin Sinay yarımadasına köçməsinə razı salmaqdan ötrü bu qədər qan tökdüyü aydın olur. Əlbəttə ki, hər şeyin altında yenə ticari maraqlar var və siyasi aktlar ticari maraqların üstünü örtmək üçün "qılaf" rolunu oynayır. 

Bir daha vurğulayaq ki, cümə günü britaniyalı nazirlərin də müttəfiqlərin zərbəsinin sırf özünümüdafiə məqsədi daşıdığını və davamlı yox, yalnız bir dəfə endirilmək üçün nəzərədə tutulduğunu, buna görə də parlamentdə səsvermənin keçirilməməsi qərarı ilə məsələni həll etməsi şübhə doğurur.

ABŞ ara-sıra da olsa İsraildə ikidövlətli həllin qənaətbəxş çıxış yolu olmasını səsləndirir. Dünya ictimaiyyətinin İsrailin törətdiyi Qəzza qətliamına qarşı göstərdiyi qınama tövrü səbəbindən Ağ Ev İsraili açıq-aşkar müdafiə etməsinə rəğmən, yenə də özünün tərəddüd içində olduğunu "göstərir". İsrail isə öz hədəflərinə çatmaq üçün ABŞ-ı "balta" və "kötək" kimi istifadə edir. Belə görünür ki, İsrail üçün "özünü oda atmaq istəməyən" ABŞ-ı husilərə hücum etməyə vadar etmək üçün Epsteynin "Lolita Eskpress" təyyarə marşrutunun təfərrüatları faş edildi və Tel-Əvivin siqnalı ilə "ipi çəkən" MOSSAD idi. Elə Cefri Epsteynin özünün də, onun cananı Qisleyn Maksvelin də, onun atası Robert Maksvelin də MOSSAD agenti olduğu səsləndirilir. Epsteyn qalmaqalının açılması ilə eyni vaxtda Nyu-Yorkda yəhudi sinaqoqunun zırzəmisində gizli tunellərin ifşa olunması da Tel-Əvivə verilən cavab idi - ifşaya ifşa ilə cavab. Amma Tel-Əviv, necə deyərlər, "arı yeyib, namusu da atıb çiyninə". Oktyabrın 7-dən bəri Qəzza sektorunun Səhiyyə Nazirliyinin 5 gün əvvəl verdiyi məlumata görə, öldürülən dinc qəzzalıların sayı 23 469 nəfərə çatıb ki, onun da ən azı 10 min nəfərini uşaqlar, 7 min nəfərini isə qadınlar təşkil edir. Bundan başqa, yaralı mülki Qəzza sakinlərinin sayı 59604 nəfərə çatıb. Bu qədər insan qırğınına baxmayaraq, İsrailin baş naziri Benyamin Netanyahu Filadelfiya dəhlizi haqqında bunları deyib: “Bu boşluğu bağlamadan müharibəni bitirməyəcəyik. Onu necə bağlamağın bir neçə variantı var, biz onları yoxlayırıq”. 

Bir daha ABŞ ilə Britaniyanın Yəmənə hücumuna toxunsaq, yenə də qeyd etməliyik ki, bu hücum teatrlaşdırılmış hücumdan başqa bir şey deyil. Bu barədə "The New York Times" ifadə edir ki, husilərin hücum potensialının, silah-sursat arsenalının çox hissəsi ABŞ-ın rəhbərlik etdiyi hava hücumlarından sonra toxunulmamış qalır.

ABŞ-ın cümə axşamı və cümə günləri Yəməndəki husilərin tabelçiliyində olan hədəflərə qarşı hava hücumları bu hədəflərin təxminən 90 faizini zədələyib və ya məhv edib, amma necə olubsa, husi qrupu Qırmızı dənizdən keçən gəmiləri raket və PUA-larla atəşə tutmaq qabiliyyətinin təxminən dörddə üçünü saxlayıb. Bu barədə şənbə günü ABŞ rəsmiləri bildiriblər. Beləliklə, "görünən kəndə bələdçi lazım deyil" məsəli yenə özünü doğruldur.

Ülviyyə ŞÜKÜROVA

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ