Terror üçün niyə məhz Ağalarovun ticarət mərkəzi seçildi? – BU, HƏM DƏ BAKIYA MESAJDIR?
Ötən həftə Rusiya paytaxtında azərbaycanlı iş adamı Araz Ağalarova məxsus olan “Krokus Siti” ticrət mərkəzinin konsert zalında baş verən terror aktı ilə yaddaşlara “həkk olundu”. Terrorun törədilmə səbəbləri və aktın müəllifləri, icraçıları haqda fərqli versiyalar səsləndirildi. Bu aktın törədilməsində təəccüblü məqamlar olmaqla bərabər, uyğunsuz nüanslar da kifayət qədərdir. Gəlin məsələlərin dərinliyinə varaq və nüanslara diqqətlə nəzər yetirək.
İlk öncə onu qeyd edək ki, terror aktının müəllifləri qismində tacik milliyyətinə mənsub şəxslər oldu. Rəsmi versiyaya əsasən, silahlı şəxslər 19.55-də “Krokus”a yaxınlaşıb və binaya daxil olaraq insanlara atəş açıblar. Konsert zalındakı tamaşaçılar isə atəş səslərini 19.58-də eşidiblər. Belə ki, 3 dəqiqə sonra hücum edənlər zala daxil olaraq insanları birbaşa atəşə tutub, daha sonra yanğın törədiblər. 20.13-də hücum edənlər “Krokus”dan çıxaraq, gəldikləri avtomobillə ərazini tərk ediblər.
20.25-də binada yanğın başlayıb. Bir neçə dəqiqədən sonra isə hadisə yerinə varid olan fövqəladə xidmət əməkdaşları xilasetmə işlərinə “girişiblər”. O vaxta qədər isə yanğınsöndürənlər hadisə yerinə yetişə bilməyiblər. Hərçənd, bu səviyyədə ticarət obyektində fövqəladə halları nəzərə alınmaqla, istənilən yanğının qarşısını almaq üçün daxili avadanlığın olmaması qeyri-mümkündür.
“İzvestiya” qəzetinə müsahibə verən “Alfa Qrupu Zabitləri” həmkarlar ittifaqının prezidenti Aleksey Filatov bildirib ki, “Krokus”da çoxlu yanar materialları yandıran və böyük yanğına səbəb olan başqa bir qrup fəaliyyət göstərib. Ekspert izah edib ki, terrorçular yanğın törətmək üçün benzindən istifadə ediblər, çünki belə miqyasda yanğın yandırıcı qumbaraatanlarla başlana bilməz. "Kibrit, od, siqaret kötüyü bunu alovlandırmaz. Onlar çox peşəkarcasına işləyiblər",- deyə Filatov əlavə edib.
“Siloviklər”(SOBR-xüsusi çevik reaksiya dəstəsi-təxminən çevik polis alayı kimi) və OMON isə yalnız 20.33-də hadisə yerinə gəlib çata bilib. Yəni lonlar hücum edənlərin məkanı tərk etməsindən düz 54 dəqiqə sonra “Krokus”a gəliblər. Konkret olaraq saat 21.39-da həmin SOBR hadisə yerinə varid olub.
Bu arada isə, “terrorçu taciklər” “vəzifələrini yerinə yetirdikdən” sonra Fransa istehsalı “Reno” markalı avtomobilə oturub, Belarusiya ilə sərhəddəki Bryansk şəhərinə yollanıblar. Maraqlı olan isə odur ki, “əməliyyatın” gedişində iştirakçılar heç bir təhlükəsizlik tədbiri görmədən, üzü açıq şəkildə prosesi başa çatdırıblar. Məqsədləri isə, guya, özlərini təcili Ukraynaya çatdırmaq olub...
Gələk maraqlı nüanslara. Statistikaya görə, Rusiyada güc strukturu əməkdaşlarının sayı 2,6 milyon nəfərdən aşağı düşmür. Daha dəqiqi isə Rusiyanın təhlükəsizlik sturkturları əməkdaşlarının sayı 2,8 milyon nəfərdir. Bütün Moskv üzrə 250 min ədəd izləmə kamerası işləyir. Təkcə Podmoskovyedə 120 min ədəd videokmera var, hansı ki, bu izləmə kameraları insanın bütün fiziki təsvirini ötürür. “Supertəhlükəsiz” və “ultramüasir” meqapolis üçün yalnız təhlükəsizlik məqsədilə 200 milyard rubl xərclənir. “Krokus Siti Holl”un düz qarşısında, 5 dəqiqəlik məsafədə OMON-un bazası yerləşir.
Bəs terror aktını törədəndən sonra terrorçuların avtomobili yandırması, sonra gizlənməsi daha məntiqli olardı, yoxsa nümayişkaranə şəkildə düz Ukraynaya keçməyə çalışması? Saat 22.00 radələrində YouTube və sosial şəbəkələrdə artıq terrorçuların qaçmağa çalışdığı avtomoibilin rəngi, nömrəsi, hətta dövlət nömrə nişanı haqda “əfsanələr gəzir”, amma onlar hələ də bu nəqliyyat vasitəsində 500 kilometr yol gediblər?
Məntiqlə belə nəticə çıxarmaq olar ki, hadisəni törədənlər bir yox, iki qrup olub. Görünür, tacik qrupu izləmə kameralarına düşərək, izi öz arxalarınca çəkmək və diqqəti əsl aktorlardan yayındırmaq üçün avtomobilə oturub yola düşüblər, digər peşəkar qrup isə qurbanları qətlə yetirmək və binanın damında yanğın törətmək üçün yanğınsöndürən qurğuları sıradan çıxarıblar.
Qeyd edək ki, hadisədə fransız-rus tandeminin, yaxud Kreml qüllələrinin içindəki Rusiya-Fransa koordinsiyasını tənzimləyən simanın rolu danılmazdır. Bu simvolik şəkildə “terrorçular”ı Ukrayna sərhədinə yetirən “Reno” mesajında da özünü biruzə verir. Məsələn, Fransa-Rusiya tandemi Gürcüstanı bölüşdürür, Azərbaycan-Türkiyə tandeminə qarşı rus-fransız əlbirliyi işlək vəziyyətdədir. Elə Qarabağ müharibəsinin bitməməsində maraqlı olan tərəflər kimi rus-fransız əməkdaşlığı eyni mövqeyi paylaşır. Yeri gəlmişkən, Kremlin sözçüsü Peskov 3 gün əvvəl açıqladı ki, “müəyyən məqsədlər üçün” Ukraynaya qarşı başlamış “xüsusi hərbi əməliyyat” Qərbin və NATO-nun müdaxiləsi sayəsində müharibəyə çevrilib və Rusiya faktiki müharibə vəziyyətindədir.
Beləliklə, “Krokus Siti” terrorunda “müştəri”nin kim olduğu açıqlanmır.
Lakin FSB dərhal terrorçularla Ukrayna tərəfi arasında əlaqə olduğunu açıqladı. Bu versiya ictimaiyyətə sırınır: GRU (Ukrayna müdafiə nazirliyinin Baş Kəşfiyyat İdarəsi) pul müqabilində Krokusda terror aktı törətmək üçün bir neçə “şərq mənşəli” adamı işə cəlb edib. Necə ki, GRU Rusiya ərazisində terror aktı törətmək üçün rusları “muzdla işbirliyinə cəlb etdi”, isti-isti İŞİD-in də adı hallandırıldı və dövriyyəyə buraxıldı. Amm FSB terrorçuların avtomobillərini belə dəyişmədən Moskvadan Ukrayna ilə sərhədə qədər necə keçə bildikləri sualına cavab vermir. Məntiqi olaraq, bu suallar da cavabsız qalır:
1. Niyə polis terror aktının başlamasına bir neçə dəqiqə qalmış “Krokus”dan uzaqlaşıb?
2. Niyə terrorçulara terror aktı törətmək və cinayət yerini problemsiz tərk etmək üçün vaxt verilib?
3. Niyə əməliyyat xüsusi təyinatlılar tərəfindən həyata keçirilənədək bina söndürülməyib, yaxud bina yanarkən niyə xüsusi təyinatlılar əməliyyat keçirməyib? Axı daha çox itki ola bilərdi;
4. Bütün terrorçular getdikləri “eyni avtomobildə” Ukrayna ilə sərhəddə tapılıb: Moskvadan gələn maşının saxlanılmadan Ukrayna sərhədinə necə çatdığı göstərilmir.
5. Bütün terrorçular (Rusiya Federasiyası tarixində ilk dəfədir) saxlanıldıqdan sonra sağ qalırlar və müəmmalı “kuratorlar” haqqında ifadə verirlər.
İkinci nüans. Bütün bu müddət ərzində “cəsur” rus kəşfiyyat xidmətləri harada olub?
Bir neçə həftə əvvəl amerikalı və britaniyalı diplomatlar Moskvada terror aktı təhlükəsini “qaçılmaz” adlandırıb və hətta onun mümkün vaxt çərçivəsini - 48 saatı da qeyd ediblər. Lakin diqqətlə hazırlanmış və peşəkarlıqla həyata keçirilən terror aktı iki həftə sonra həyata keçirildi və Rusiya xüsusi xidmət orqanları buna “hazır” deyildi (yoxsa hazır və xəbərdar idilər, amma özlərini görməməzliyə vurdular?).
ABŞ və Böyük Britaniyanın xəbərdarlığı Kreml tərəfindən qəbul edilmədi. Prezident Putin FSB idarə heyətinin iclasında bunu açıq-aşkar şantaj adlandırdı və “bir sıra rəsmi Qərb strukturlarının Rusiyada terror aktlarının mümkünlüyü ilə bağlı son təxribatçı bəyanatlarını” xatırlatdı. Putinin bu reaksiyası bir daha Rusiya ilə ABŞ arasında etimadsızlığın ən yüksək səviyyəsini və iki ölkə arasında terror təşkilatlarına qarşı mübarizədə vaxtilə mövcud olan və kifayət qədər səmərəli əməkdaşlığın demək olar ki, sıfır həddini göstərdi. Amma bəlkə də burada əməkdaşlığın “0” həddindən çox Kremlin özünün “mesajvermə” istəyi üstün gəlib.
Üçüncü nüans - Ukrayna çaları. Böyük Britaniyanın təhlükəsizlik orqanlarından olan mənbə “The Telegraph”a deyib ki, “Putinin bütün olanları Ukraynanın üstünə atmaq cəhdi təəccüblü deyil. O, bu uydurma cəhdi Ukraynada qanunsuz müharibənin qızışdırılması üçün heç bir əsas kimi istifadə etməməlidir”. Bununla yanaşı, Putin elə hadisənin lap müqəddiməsində bildirdi ki, “terrorçular Ukrayna sərhədinə doğru irəliləyirlər, orada onlar üçün pəncərə hazırlanıb”.
Belarusdan isə başqa məlumatlar gəldi: “Dövlət Təhlükəsizlik Komitəsinin rəhbəri həmkarı ilə birbaşa əlaqədədir. Və əslində dünən gecənin ümdə vəzifəsi terrorçuların bizim ümumi sərhədimizdən qaçmasının qarşısını almaq idi. Bu tapşırıq yerinə yetirilib”. Başqa sözlə, belarusların fikrincə, terrorçular bir az başqa istiqamətə tələsirdilər. Belarus DTK-sı isə həbsi təmin edib və kömək edib. Burada kimsə yalan danışır. Belə çıxır ki, Belarus DTK yalan danışır. Rusiya tərəfi öz “dürüstlüyü” ilə tanınır.
Hücumu şərh edən Ukrayna prezidenti Vladimir Zelenski deyib ki, Vladimir Putin baş verənlərə görə məsuliyyəti “başqasının” üzərinə atmağa çalışır. “Onların həmişə eyni üsulları var. Daha əvvəl də belə olub. 1999-cu ildə Moskva və Ryazanda evlər partldıldı, edamlar və partlayışlar oldu. Həmişə də başqalarını günahlandırırlar. Dünən bütün bunlar baş verdi və namərd Putin Rusiya vətəndaşlarının dərdinə qalmaq, onlara müraciət etmək əvəzinə, bir gün susdu, bunu Ukraynanın üstünə necə atmaq barədə fikirləşdi”, - deyə Zelenski bildirdi.
Yuxarıda qeyd etdik ki, Peskov Qərbin və NATO-nun müdaxiləsi sayəsində xüsusi hərbi əməliyyatın Ukrayna ilə mühribəyə çevrildiyini və Rusiynın faktiki müharibə vəziyyətində olduğunu açıqlayıb. Qərbin sayəsində Ukraynaya qalib gələ bilməyən Moskva 2024-cü il ərzində müharibəni öz xeyrinə bitirmək üçün son imkanlardan istifadə etməyə çalışır. Bu baxımdan, Kremlə daha çox əsgər lazımdır və son məlumatlara görə, iri miqyaslı səfərbərlik olmadan məqsədə çatmaq mümkün deyil. Böyük miqyasda səfərbərlik üçünsə insanları “Çarın ətrafında sıx birləşin” şüarı ilə Putinin ətrafında birləşməyə razı salmaq və nifrətin hədəfini Ukraynaya yönəltmək üçün Rusiya dövlətinin terror təhlükəsi, həm də Ukraynadan qaynaqlanan terror təhlükəsi altında olduğu mənzərəsini aşılamaq lazımdır. Səfərbərliyin ilk mərhələsində nə qədər rus vətəndaşının mühribədə ölməmək üçün ölkədən qaçdığını xatırlayın. Bu “terror tamaşası”nın da məhz insanları Ukrayna ilə müharibə üçün səfərbərliyə razı salmaq üçün səhnəyə qoyulduğu tam məntiqlidir. Ukraynanı terror törətməklə suçlayan Putin həm də Ukraynanın haqq savaşına “iyrənc terrorçu” damğası vurmağa çalışır. Məqsəd Rusiyanın Ukraynanı xaraba qoymasın haqq qazandırmaq, “baxın Ukrayna dinc insanlara qarşı amansızlıqla terror törədir” deyərək, Moskvanın öz vəhşiliklərinə bəraət qazandırmsı, öz əhalisinin gözündə yerlə-yeksan olan imicini qaldırmaq, dünyanın ictimai qınağından qaçmaqdır. Bundan başqa da Rusiyanı dünyadan təcrid vəziyyətinə salan, nifrət və qınaq obyektinə çevirən hakimiyyətdən seçkidən sonra arta biləcək narazı əhval-ruhiyyənin qarşısını almaq, narazı səsləri boğmaq da səbəblər arasındadır.
Dördüncü nüans - terrorçulardan birinin, Şamsuddin Fariduninin 4 martda sənədlərini düzəltmək üçün Türkiyəyə getdiyini və oradan Rusiyaya gəldiyini, “insanları pula görə öldürdüyünü”, ona 500 min rubl vəd edildiyini, məbləğin yarısının avans olaraq bank kartına köçürüldüyünü “etiraf etməsi” Türkiyəni də məsələyə qatmaq, Ankaraya qara yaxmaqdan başqa bir şey deyil. Sözsüz ki, Prezident Ərdoğanın bu məsələnin təhqiqat masasına yatırılmasını deməyə hazır olması Moskvaya yerində verilən cavabdır. Elə Parisə də. Niyə Parisə? Çünki Azərbaycan-Türkiyə tandeminə qarşı Paris-Moskva əlbirdir. Eləcə də İrəvanı “güzgüdə şir göstərərək” sülh sazişinə yaxın gəlməyə imkan verməməkdə də Parislə Moskvanın mövqeyi tam uzlaşır.
Sonda “Krokus Siti” terrorunun ən başlıca səbəbinə gələk. Məlumdur ki, ABŞ və Britaniya Bakı ilə İrəvan arasında sülh müqaviləsinin bağlanmasına çalışır. Bu baxımdan Vaqşinton mövqeyini Ankaranın mövqeyinə yaxınlaşdırır. Prezident Baydenin Novruz təbrikini də bu məqamda xatırlamaq yerinə düşər. Britaniya parlamentarisi Devid Duqidin Qarabağ müharibəsində 800 mindən çox etnik azərbaycanlının 1994-1994-cü illərdə erməni silahlı qüvvələri tərəfindən qovulmasını deməsi ilə Azərbaycana göstərdiyi son dəstəyini, ABŞ-ın Azərbaycan səfiri Mark Libbinin Qəbələ rayonunda Novruz şənliklərinə qatılması ABŞ-Azərbaycan yaxınlaşmasında müsbət meyllərdən xəbər verir. ABŞ-Britaniya tandemi ilə Bakı-İrəvan sülh müqaviləsinə çox yaxınlaşmış ola bilər. Amma təbii ki, bu nə Parisin, nə də Moskvanın “ürəyindən xəbər vermir”. Tam əksinə. Azərbaycana “ABŞ-a yaxınlaşmaqdan çəkin” mesajını vermək, həm də bunu azərbaycanlı iş adamının əmlakı üzərindən çatdırmaq Moskvanın ənənəvi dəst-xəttidir. Sual oluna bilər ki, niyə məhz Azərbaycan? Heç də təsadüfi deyil ki, “Krokus Siti” terroru ilə eyni vaxtda Qırğızıstanın xüsusi xidmət orqanları ölkə rəhbərliyinə sui-qəsd planlaşdıran transmilli mütəşəkkil cinayətkar dəstənin (MQD) 5 üzvünü saxlayırlar. “Əcnəbi vətəndaşlar və dövlətlərarası axtarışda ola biləcək şəxslərdən mütəşəkkil cinayətkar qrupların qanunsuz fəaliyyətinin aşkar edilərək qarşısının alınması istiqamətində əməliyyat tədbirlərinin təşkili zamanı transmilli mütəşəkkil cinayətkar dəstənin üzvü olan 5 Azərbaycan vətəndaşı - Əliyev V.M., Bağırov S.A., Əsgərov M.O., Bekhbudrv M.S. və Məmmədov Z.İ. istintaqa cəlb edilib”, deyə mətbuat xidmətinin nümayəndəsi açıqlama verir.
Ardınca, axtarışda olan Raiymbek Matraimovun Azərbaycanın paytaxtında olduğu, bu barədə Milli Təhlükəsizlik Komitəsinin məlumat yaydığı açıqlanır. Nəticədə Qırğızıstanın Kəşfiyyat xidməti Bakıya məktub göndərir, azərbaycanlı həmkarlar Matraimovun saxlanılması və daha sonra Qırğızıstana ekstradisiyası məsələsini nəzərdən keçirirlər.
“Əməliyyat tədbirləri zamanı Qırğızıstan rəhbərliyinə sui-qəsd hazırlayan, Qırğızıstanda saxlanılan Azərbaycandan olan transmilli mütəşəkkil cinayətkar dəstənin üzvləri ilə Raiybek Matraimov arasında əlaqə müəyyən edilib”, deyə bildirilib.
Bunun ardınca isə, martın 25-də Azərbaycan KİV-lərində Rusiyanın Murmansk şəhər sakini Bəhruz Əsgərov Azərbaycanda terror aktları hazırladığı üçün saxlanılır. O, ölkənin cənubunda Lənkəran şəhərinin başçısına sui-qəsd təşkil etməyi planlaşdırıbmış. O, həmçinin şəxsi ingilis dili müəlliminə qarşı sui-qəsd təşkil etmək üçün şəriklərinə göstəriş verib. Yəqin ki, terror əməlinə şərik qismində ingilis dili müəllimini seçməsinin səbəbi də insanların şüuraltında “ingilis cinahına nifrət oyandırmaq”, çaşqınlıq yaratmaq məqsədi daşıyır. Məsəln, rus dili müəllimini seçsəydi, terror aktı birbaşa rus cinahı ilə assosiasiya olunacaqdı. Məlumata görə, Bəhruz Əsgərov həmçinin müəyyən xarici dövlətin ərazisində hərbi təlimlərə başlamağı planlaşdırırmış.
Göründüyü kimi, “Krokus Siti” terrorunun məhz rəsmi Bakıya xəbərdarlıq mesajı olduğunu güman etməyə həddən çox əsas var. Əsaslardan ən önəmlisi də aktın məhz Araz Ağalarovun obyektinin ərzisində törədilməsidir. Görünür, Moskva Bakı-İrəvan sülh sazişinin imzalanacağı halda illərlə əlində alət etdiyi təsir rıçağını itirməməyə çalışır. Kreml bir “tacik gülləsi” ilə 4 quş vurmaq istəyir. Amma insaf naminə deməliyik ki, Rusiyanın miqyasını, “dövlətçilik ənənələri”ni, həcmini nəzərə alarsaq, bu əməliyyat çox naşı, qeyri-peşəkar, səliqə-səhmansız, kor-kobud hazırlanıb. Moskvanın illərlə qanını sümürdüyü şikarını buraxmaq istəməməsi, müqavimət göstərməsi onu deməyə əsas verir ki, Vatikanın 300 il öncə Osmanlı imperiyasına qarşı ərsəyə gətirdiyi “Moskva III Roma” layihəsi tarixin zibilliyinə qarışmayınca, heç kimə rahatlıq yoxdur.
Ülviyyə ŞÜKÜROVA