Qərb Gürcüstanda “marionet” hakimiyyət formalaşdırmağa çalışır ŞƏRH

16/10/2024 - 07:37

Gürcüstanda qarşıdan gələn parlament seçkilərinə görə ictimai-siyasi vəziyyət kifayət qədər gərgindir. Ölkədə qütbləşmə pik həddə çatıb. Parlament seçkilərində 150 yer uğrunda 30-a yaxın partiya iştirak edəcək. Mübarizə əsasən iki siyasi ideoloji qütb arasında gedir. Bunlardan biri mühafizəkar siyasi xəttə malik, hakimiyyətdə olan “Gürcü arzusu-Demokratik Gürcüstan” partiyası, digəri isə qərbyönümlü və hazırda Prezident kimi fəaliyyət göstərən Salome Zurabişvilinin ətrafında cəmləşən müxalifət partiyalarıdır. Bu seçkilər Gürcüstan üçün taleyüklü məsələdir. Ona görə ki, Gürcüstanda parlament idarəçiliyidir. Seçkilər təkcə parlament yerləri uğrunda getmir, həm də ölkənin qarşıdakı dövrdə siyasi xəttini, xarici siyasətdəki prioritetlərini müəyyənləşdirəcək. Ona görə də seçki prosesi beynəlxalq güclərin rəqabət şəraitində gedir.

Bu sözləri Qafqaz.Media saytına açıqlamasında politoloq Yalçın Hacızadə söyləyib.

O bildirib ki, Gürcüstanda hakimiyyətdə olan qüvvə 20 ildən çoxdur davam edən siyasətin əksinə, yeni “balanslaşdırma” xarici siyasəti həyata keçirməyi planlayır. Görünən odur ki, rəsmi Tbilisi Qərb blokunun daxilində sadəcə göstərişlər yerinə yetirən kiçik bir ölkə olmaq istəmir. Vacib geostrateji mövqedə olan və bundan milli mənafelər üçün istifadə edən, region və kənar ölkələrlə balanslı siyasət yürüdə bilən dövlət olmaq istəyir. Hakim partiya açıq şəkildə bildirir ki, Qərbin müəyyən tələbləri var və o istiqamətdə addım atmaq Gürcüstanın milli maraqlarına ziddir və suverenliyi təhlükə altına sala bilər. Eyni zamanda, həmin tələblərin yerinə yetirilməsi regional sülhü təhdid edir və yeni müharibələrin yaranmasına səbəb ola bilər. Müxalifət isə hakim partiyanın bu siyasətini, ritorikasını qərb dəyərlərindən, Avropa İttifaqından və NATO-dan uzaqlaşmaq kimi qiymətləndirir. Qərb ölkələri də Gürcüstanın onların təsiri altından çıxaraq, müstəqil siyasət aparmaq istəməsini əsəbiliklə qarşılayır, rəsmi Tbilisini və hakimiyyət nümayəndələrini sanksiyalarla təhdid və şantaj edir.

“Gürcüstanda hakimiyyətdə olan partiyanın balanslaşdırılmış siyasi xəttə üz tutmasında heç şübhəsiz ki, Azərbaycanın böyük rolu var. Dövlətimizin 30 ildir həyata keçirdiyi balanslaşdırılmış, müstəqil iqtisadi, hərbi və xarici siyasəti, qlobal güclərlə bərabər hüquqlu, hər bir təsirə müvafiq cavab verməklə, milli maraqlara söykənən siyasəti beynəlxalq münasibətlərdə örnək olaraq rəğbətlə qarşılanır, öyrənilir və bir çox ölkələrin xarici siyasətinin yenidən formalaşmasında böyük təsiri olur.

Gürcüstanda olan hər iki qütb Azərbaycanla münasibətlərin inkişafında maraqlıdır və ölkəmizin onlar və region üçün əhəmiyyətini anlayırlar. Qərb isə Gürcüstanda özünə sərf edən, təsir altında qalacaq “marionet” hakimiyyət formalaşdırmağa çalışır. Çünki Qərb Cənubi Qafqazın hər iki ölkəsinə sahib olmaqla Azərbaycana təsir göstərmək, Uzaq Şərqdən, Mərkəzi Asiyadan gələn yollara nəzarət etmək istəyir, həmçinin ölkəmizin Gürcüstan vasitəsilə Avropaya çıxışını ələ keçirməklə, Ermənistanla Qərbin maraqlarına söykənən sülh müqaviləsinin bağlanmasına və Zəngəzur dəhlizinin onların istədiyi şərtlərdə açılmasına məcbur etməyi planlaşdırır.

Regional güc olan Azərbaycanın təhlükəsizlik konsepsiyası təkcə ölkəmizin deyil, ən azından regionumuzun da sabitliyini vacib edir. Ona görə də Gürcüstanda milli mənafeyə əsaslanan, regionda sülhə təhlükə törətməyəcək siyasət aparacaq qüvvələrin hakimiyyətə gəlməsi bizim də maraqlarımıza uyğundur”, - deyə politoloq vurğulayıb.

Yalçın HACIZADƏ, politoloq

Qafqaz.Media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ