UKRAYNANIN PLANI, QƏRBİN ƏSL MƏQSƏDİ... – Kiyevdə ABŞ-nin gerçək maraqlarını anlamağa başlayıblar
Şimali Koreyanın faktiki olaraq Ukraynaya qarşı müharibəyə qoşulması, Ukrayna Prezidenti Volodimir Zelenskinin “Qələbə planı”nı açıqlaması, Qərbin dörd böyük dövlət liderlərinin Berlin görüşündən sonrakı bəyanatları, BRİKS ölkələrinin növbəti sammiti və Yaxın Şərqdə davam edən gərginlik dünyanın dramatik dəyişklik ərəfəsində olmasından xəbər verir. Avropa və Asiyanın siyasi kəsişmə xəttinə çevrilən Ukraynanın gələcək müqəddəratı “yeni dünya”nın necə formalaşmasından asılı olacaq...
Qərb ölkələri Volodimir Zelenskinin Ali Radada səsləndirdiyi “Qələbə planı”na heç də birmənalı yanaşmadılar. Ən başlıcası isə Ukraynanın nüvə silahı əldə etmək fikri ABŞ-nin və Avropanın aparıcı dövlətlərinin heç də xoşuna gəlmir. Deyəsən, Ukrayna burulğanın içinə atıldığını və öz taleyinin Qərbin geostrateji maraqlarına qurban verilə biləcəyi təhlükəsini, nəhayət ki, anlamağa başlayır. Əksər ekspertlərin fikrincə, Ukraynanın son on ildəki başlıca səhvi böyük strateji oyunu dərk etməməsidir. Amma “Qələbə planı”na diqqət etdikdə görürük ki, Ukrayna Qərbə və Rusiyaya mesaj göndərərək, müstəqil oyunçu olmaq niyyətini açıqlayıb. Ukraynanın nüvə silahına yiyələnmək istəyi barədə iddialar da məhz bu məqsədə xidmət edir... Ukrayna Qərbə həm də eyham vurur ki, “biz sizin təhlükəsizlik təminatıyla bağlı sözlərinizə şübhə ilə yanaşırıq”. Belə ki, 1994-cü ildə Ukrayna hərbi arsenalında olan nüvə silahlarından imtina edəndə ABŞ və Böyük Britaniya ona təhlükəsizlik təminatı vermişidi. Zelenskinin nüvə silahı əldə etmək istəyinə Qərb narazılıqla yanaşır. Bəlkə də qəribə səslənə bilər, lakin bu, Rusiya kimi Qərbə də sərf etmir.
Zelenskinin beş bənddən ibarət planına Qərbdən gələn reaksiya demək olar ki, gözlənilən idi. Son bir ildir ki, Qərbin aparıcı ölkələrinin siyasi və hərbi ekspertləri öz hökumətlərinin göstərdikləri biganəliyi bir kənara atıb daim Ukraynanı tənqid etməklə məşğuldurlar. Onların dediyindən belə çıxır ki, Ukrayna müharibə başlayandan indiyədək həm strateji, həm də çoxsaylı taktiki yanlışlıqlara yol verib və nəticədə ağır vəziyyətlə üzləşib. Ukraynanın qarşılaşdığı çətinliklərin kökündə nəyin dayandığı isə dilə gətirilmir. Ukraynanın beş bənddən ibarət “Qələbə planı”nın birinci bəndində Ukraynanın NATO-ya dəvət olunması yer alır. Ancaq bunun həyata keçirilməsi inandırıcı görünmür, çünki bunun üçün ən azından müharibə qurtarmalıdır. Düzdür, alyans üzvləri tərəfindən ümidverici sözlər eşidəcəyik, lakin əməldə bu baş tutmayacaq. Ukraynaya qələbə üçün əsaslı yardım indiyədək olunmayıb. NATO ölkələri Ukraynaya mümkün və gərəkli yardımın heç 10 faizini belə etməyiblər. Qərb liderləri söyləyirlər ki, Rusiyanın Ukraynaya təcavüzü sivil dünya üçün ən böyük təhdiddir. Əgər belədirsə, gərək Qərb bütün imkanlarını səfərbər edib adekvat tədbirlər görəydi. Müharibə başlayandan indiyədək ABŞ və Avropanın silah sənayesindəki istehsal səviyyəsini ən yüksək həddə qaldırmaq mümkün idi.
Ukrayna nəyin uğrunda Rusiya ilə döyüşür?
Avropada deyirlər ki, əgər Rusiya Ukraynanı tamamilə işğal etsə, Baltikyanı ölkələrə, sonra isə Polşaya girəcək. Deməli, Ukrayna Rusiyanın önünü kəsir. Rusiyanın 2021-ci ildə NATO-ya göndərdiyi ultimatumda bildirilir ki, alyans 1997-ci ilin sərhədlərinə çəkilməlidir. Kremlin bu ultimatumundan anlaşılır ki, əgər NATO geri çəkilməzsə, Rusiya genişmiqyaslı işğala başlayacaq. Əks halda həmin ultimatumu nəyə görə səsləndiriblər? Ağ Ev administrasiyasının nəbzini yoxlayandan və müharibədən öncə Cenevrədə keçirilən Bayden-Putin görüşündən sonra Moskvaya aydın oldu ki, ABŞ və Avropa onun təcavüzkar siyasətinə qarşı ciddi tədbir görməyəcək. Hələ bəlli deyil ki, Bayden-Putin görüşündə daha hansı gizli məqamlar olub... Beləliklə, Ukrayna Qərbə demək istəyir ki, əgər sizin bizi NATO-da görmək fikriniz yoxdursa, onda heç olmasa “Qələbə planı”ndakı sonrakı bəndlərin yerinə yetirilməsinə yardım edin. Ümumiyyətlə, Ukrayna bu planı irəli sürməklə yaxşı gediş edib və Zelenski öz planını açıqlamamışdan öncə Qərbin aparıcı ölkələrinin liderləri ilə görüşərək onların fikrilərini öyrənib. Aydındır ki, bundan sonra ABŞ necə davranacaqsa, Avropa da ona müvafiq addımlar atacaq. Əgər Ukrayna rəhbərliyi “Qələbə planı” vasitəsilə ABŞ və Avropadan lazımi miqdarda silah ala biləcəyinə və Rusiyanın dərinliklərinə zərbə vurmaq məhdudiyyətinin götürülməsinə nail olacağına ümid bəsləyirsə, burada müəyyən qədər yanılır. Təbii ki, ABŞ və Avropa liderləri Zelenskinin planını cavabsız qoya bilməzdilər. ABŞ Prezidenti Bayden, Böyük Britaniya Baş naziri Starmer, Almaniya kansleri Şolts və Fransa Prezidenti Makron arasında Almaniyada keçirilən görüşdən sonra liderlər yenidən Ukraynanı dəstəkləyəcəklərini söyləyiblər. Bayden deyib ki, Ukraynanın qalib gəlməsi üçün onu gərəkli olan hər şeylə təmin edəcəyik. Onlar Ukraynaya daha 50 milyard dollar maliyyə yardımı verilməsi haqda qərar qəbul ediblər. Amma hərbi yardımlarla bağlı konkretlik yenə də yoxdur. Amerika hələ Ukraynaya nəzərdə tutulan 8 milyard dollarlıq hərbi yardım paketinin belə hamısını işə salmayıb. Bununla yanaşı, hamı Cənubi Koreyanın Şimali Koreyanın Rusiyanın tərəfində faktiki müharibəyə qoşulmasına reaksiyasını gözləyirdi. Lakin Cənubi Koreya Prezidenti Yun Suk Yol ümumi şablon sözlərlə kifayətləndi. O, Şimali Koreya əsgərlərinin Ukraynaya qarşı döyüşlərdə iştirakını pisləyərək, bunu dünya üçün təhlükə adlandırıb. Bir çox ekspertlər hərbi texnologiya baxımından dünyanın ən qabaqcıl ölkələrindən sayılan Cənubi Koreyanın Ukraynaya silah yollamasını gözləyirdi. Ancaq unutmayaq ki, Cənubi Koreyanın Ukraynaya necə dəstək göstərəcəyi də Qərbin böyük dövlətlərinin çıxardığı qərarlardan asılıdır... Qərb jurnalistləri öz liderlərinin lazımi cəsarətli siyasi qərarlar vermək qabiliyyətindən uzaq olmalarından yazırlar. Əlbəttə, istənilir ki, Ukraynanın silahsız qoyulmasının izahı Cozef Baydenin əqli problemlərinin, Şoltsun qətiyyətsizliyinin, Makronun hərdəmxəyallığının üzərinə atılsın. Siyasi icmalçılar tərəfindən elə təsəvvür yaradılır ki, sanki ABŞ və Avropa baş verən hadisələrin arxasınca sürünürlər və onların uzağa hesablanmış geostrateji planları yoxdur. Lakin guya Rusiya hər şeyi öncədən hesablayıbmış. Digər yandan izah edilir ki, Qərb təcavüzkarın nüvə silahı potensialından çəkinərək, vəziyyəti gərginləşdirmək istəmir. Daha doğrusu, Rusiyanın hansısa qırmızı xəttini tapdalamaqdan yayınır. Ona görə də Ukraynaya ballistik və qanadlı raketlərdən Rusiya ərazisinə zərbələr endirməyə icazə vermir. Ancaq əsl reallıq və səbəblər gizlədilir. Qərb dünyası bütün parametlərinə görə Rusiyadan qat-qat güclüdür. Rusiya maliyyə, iqtisadi, hərbi, texnoloji və kəşfiyyat potensialı baxımından Qərbdən çox geridir. ABŞ-nin isə bu müharibə ilə bağlı ehtimal edilə biləcək iki ssenarisi var. Birincisi, müharibənin uzadılması və Rusiyanın məğlubiyyət ssenarisdir. Bu ssenariyə uyğun olaraq Rusiya ilə Ukrayna bir-birini taqətdən salmalıdır. Hazırda Rusiya məhz bu strategiyanı əsas tutub və Kremldə düşünürlər ki “sürünməklə ərazi işğalı” taktikası öz bəhrəsini verəcək və Ukrayna ordusu məhv ediləcək. Sonra da rusiyalılar gəzə-gəzə gedib Kiyevə çıxacaqlar. Bunun əksi isə Rusiyanın taqətdən salınması taktikasıdır. Bu özünü bir şərtlə doğrulda bilər ki, Qərb Ukraynaya müəyyən vaxtdan sonra daha ciddi kömək etsin və döyüş meydanındakı itkilər dördün birə nisbətində Ukraynanın xeyrinə olsun. Həmçinin də Rusiyanın sanksiyalardan yan keçməsinə göz yumulmasın. Birinci ssenariyə görə Rusiya hələ bundan sonra daha çox itki verməli və zəifləməlidir. Sonra ən həlledici məqamda ABŞ Ukraynaya elə yardım edəcək ki, rus ordusu Ukrayna çöllərində ağır məğlubiyyətə uğrayacaq və işğal etdiyi torpaqları qoyub qaçmaq məcburiyyətində qalacaq. Bunu həyata keçirməyin ən optimal yolu Ukrayna ordusuna böyük miqdarda “F-16” qırıcıları, ”ATACMS” ballistik raketləri və bir neçə milyon artilleriya mərmisinin verilməsidir. Bəs bu ssenarinin siyasi məqsədi nə ola bilər? Bu ssenariya görə, Ukrayna ABŞ-nin Avropadakı hərbi-siyasi mərkəzinə çevrilir, Rusiya isə dağılmır, lakin Amerika onu öz istəyinə uyğun şəkildə yenidən formatlayır.
İkinci ssenari Rusiyanın qismən qalib gəlməsidir. Sovet İttifaqı dağılandan sonra Rusiya siyasi-iqtisadi və həmçinin də hərbi cəhətdən “büzüşmüşdü”. Onun Çeçenistanda apardığı müharibədə nə qədər zəif olduğu göz önündəydi. Putin hakimiyyətə gələndən sonra dünya bazarında neftin və qazın qiyməti sürətlə yüksəldi və Rusiyaya pullar axdı. Hələ onu da deyək ki, 2000-ci ildə “Kursk” sualtı qayığı batandan sonra onun dəniz dibindən çıxarılmasında Rusiya öz texnoloji acizliyini hamıya nümayiş etdirdi və bu işi Norveç, Niderland kimi ölkələr yerinə yetirdi. Yəni, Rusiya elə vəziyyətdə deyildi ki, ABŞ və Avropa ilə ultimatum dilində danışsın. Amma ABŞ vəziyyətin bu cür olmasından narahatlıq keçirirdi. Rusiyanın yenidən qorxulu rəqibə çevrilməsinə ehtiyac duyulurdu. Çünki Amerikanın Avropanı öz nəzarətində saxlaması üçün zəif və əldən düşmüş Rusiya ona sərf etmirdi. NATO dolayı yolla ABŞ deməkdir, ona görə də Rusiyanın hərbi cəhətdən güclənməsi və aqressiv davranışları ABŞ-nin Avropayla bağlı siyasətində mühüm rol oynayır. Avropa ilə Rusiyanın birlikdə hərəkət etməsi Amerikanın bütövlükdə Avrasiyanı itirməsi deməkdir. Ona görə də Ukraynada gedən müharibə ilk növbədə Amerikanın işinə yarayır.
Bəs bu müharibə nə qədər davam edə bilər?
İkinci ssenariyə əsasən ABŞ, daha doğrusu oradakı “dərin dövlət” Rusiyanın bu müharibədə qalib gəlməsini istəyir, lakin bu qələbə Ukraynanın yalnız qismən işğal edilməsi ilə nəticələnməlidir. Tərəflər arasında sülh müqaviləsi bağlanmayacaq, sadəcə münaqişə dondurulacaq ki, Avropanın qarşısında Rusiyanın hərbi gücünün təhdid olması önə çəkilsin.
“AzPolitika.info”