QAFQAZIN “HUSİLƏRİ” - Və yaxud ermənilərin “husiləşdirilməsi” hansı qüvvələrə lazımdır?

16/04/2024 - 14:18

2024-cü il aprelin 5-də Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə Brüsseldə keçirilən “təmtəraqlı” üçtərəfli görüşdən sonra bəzi məqamlar gün işığına çıxdı. Nikol Paşinyan, Avropa Komissiyasının sədri Ursula fon der Leyen və ABŞ dövlət katibi Antoni Blinkenin görüşündən sonra Cənubi Qafqazda vəziyyətin dəyişməyə başladığının cizgiləri bəlli oldu. Aydın oldu ki, əsasən Fransanın başını çəkdiyi Aİ və ABŞ Ermənistanı revanşist ambisiyaları ilə öz qondarma “təhlükəsizlik zəmanətləri”nin “çətiri altına” götürür. Və bu o zaman baş verir ki, Fransa, İran və Hindistan Ermənistanı aktiv şəkildə silahla təmin edir. Beləliklə, Ermənistanın revanşist müharibənin fitilini çəkməsi ehtimalı kəskin şəkildə artır.

Eyni zamanda, Ermənistanın özündə də münaqişə riski var. Çünki ABŞ ilə Fransa Rusiya sərhədçilərini və Rusiya hərbi bazasını Gümrüdən - Ermənistandan “qovmaq” niyyətlərini gizlətmirlər. Nəticədə, qlobal iqtisadiyyat üçün çox böyük əhəmiyyət kəsb edən və Çindən başlayaraq Mərkəzi Asiya, Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək Avropaya uzanan Orta Dəhlizlə birbaşa bitişik bir ölkə, yəni Ermənistan “müharibə və qeyri-sabitlik ocağına” çevrilə bilər.

Ermənistan sürətlə beynəlxalq kommunikasiyalara yaxınlığında qərar tutan başqa bir dövlətə – Yəmənə oxşamağa başlayır. Bu gün dünya ticarəti və beynəlxalq rəqəmsal kommunikasiyalar indi Yəmən Husilər Hərəkatının “nişangahındadır” və bu hərəkat əslində İran İslam Respublikasının forpostudur.

Husilər ölkənin paytaxtı Sənaya nəzarət etsələr də, hələ Yəmənin tam ərazisinə nəzarətdən uzaqdırlar. Buna görə də dünyanın əksər ölkələri husiləri Yəmənin qanuni hökuməti kimi tanımır.

Husi hərəkatının özəlliyi ondan ibarətdir ki, onun “əsas”ı Yəmənin şimalındakı dağlıq bölgələr, o cümlədən zeydi şiələrinin yaşadığı Sənadır.

Bu arada maraqlı məqamı qeyd etmək yerinə düşər. Yəmənin bütün sahillərində əsasən sünnilər məskunlaşıb. Nəzəri olaraq, husilər özlərini “dini əraziləri”nin içinə həbs etsəydilər, birincisi, onları silahla təmin etmək çətin olacaq. İkincisi, Yəmənin “şiə” ərazilərinin dənizə çıxışı olmadığından, husilər Qırmızı dənizdə sadəcə olaraq heç nə edə bilməzdilər. Ancaq hansısa nüfuzlu beynəlxalq qüvvələr husilər üçün “dənizə çıxışı” təmin ediblər. Və İsrailin Qəzza zolağında HƏMAS-a qarşı əməliyyatı başlayandan sonra bu fakt beynəlxalq əhəmiyyət kəsb etdi.

Bildiyimiz kimi, husilər İsraillə əlaqəsi olan gəmilərin Qırmızı dəniz və Bab əl-Məndəb boğazından keçməsinə icazə verməyəcəklərini bəyan etdilər. Əslində isə, onlar bütün gəmilərə fərq qoymadan hücum etməyə başladılar. Ötən il noyabrın ortalarından bəri husilər Qırmızı dəniz və Ədən körfəzində onlarla mülki gəmiyə hücum ediblər. Nəticədə, əgər əvvəllər dünya ticarətinin 13%-i Qırmızı dənizdən keçirdisə, bu gün buradan keçən tranzit həcmləri təxminən yarıbayarı azalıb. Risklərin artması səbəbindən əvvəlki 70 gəminin yarısı bu gün Süveyş kanalından keçir. Qalan gəmilər isə Afrika ətrafından nəhəng "dolanbac" etmək məcburiyyətindədirlər ki, bu da malların çatdırılma müddətinin və çatdırılma dəyərinin əhəmiyyətli dərəcədə artmasına səbəb olur.

Husilər artıq Qırmızı dənizin dibi boyunca uzanan fiber-optik kabellərin bir qismini zədələməklə və bununla da qlobal miqyasda internetdə məlumat mübadiləsində müvəqqəti problemlər yaradaraq “rəqəmsal terror” üçün təklif irəli sürüblər.

Eyni zamanda, husilərin hərəkətləri nə qədər qəribə görünsə də, son nəticədə birinci ABŞ-ın xeyrinə olur. Avropa ərazisinə gələn yük axınının Qırmızı dənizdən keçdiyi Asiya və Fars körfəzi ölkələri ilə ticarətdən deyil, ABŞ-la ticarətdən asılı vəziyyətə düşür. Hətta husilərin kabelləri zədələməsi son nəticədə ABŞ-ın xeyrinədir, çünki bu, İlon Maskın rəhbərliyi altında Amerikanın “SpaceX” şirkətinin Starlink peyk sisteminin inkişafına təkan verir.

Ukraynada müharibə başlayandan sonra Avropanın ABŞ-dan iqtisadi asılılığı artıb və bu, Aİ-də ucuz Rusiya enerjisinə çıxışı azaldıb. Müvafiq olaraq, Amerikanın mayeləşdirilmiş qazına və Fransanın atom elektrik stansiyalarının istehsal etdiyi elektrik enerjisinə tələbat artıb. Bütün bunlar “ABŞ və Fransanın niyə Ukraynadakı müharibəni “uzatmaq” üçün “əlindən gələn hər şeyi edir” sualına qismən cavab verir.

Diqqət yetirilsə, görülər ki, Ukrayna müharibəsi nəticəsində Çindən Rusiya vasitəsilə qərb sərhədlərinə tranzit bağlanır, Qırmızı dənizdən gedən tranzit isə husilərin “nişangahındadır”. Deməli, Mərkəzi Asiya, Xəzər dənizi və Cənubi Qafqaz vasitəsilə aktiv şəkildə inkişaf edən Orta Dəhliz qalır ki, bu dəhliz vasitəsilə yüklərin tranziti artır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu yaxınlarda Türkiyə, Azərbaycan və Gürcüstan arasında Bakı-Tbilisi-Qars dəmir yolu ilə tranzit malların gömrük prosedurlarının sadələşdirilməsinə dair sazişi təsdiqləyib, nəticədə bu dəmir yolu ilə Çin və Mərkəzi Asiyadan Avropaya daşınan yüklərin həcmi artaraq daha da böyüyür. Çox güman ki, Bakı-Tbilisi-Qarsın imkanları tezliklə yetərli olmayacaq, ona görə də Zəngəzur dəhlizi ilə dəmir yolu hərəkətinin bərpası vacib olacaq ki, bu da Ermənistan iqtisadiyyatına xeyir verəcək.

Amma başda Fransa və İran olmaqla müəyyən pərdəarxası qüvvələr Ermənistanın sakit yaşamasını, qonşuları ilə sülh və harmoniya şəraitində inkişaf etməsini istəmir. Həmişə müharibə vəziyyətində olan və qonşuları ilə düşmənçilik edən, özlərinin nəzarət edə bilmədiyi beynəlxalq tranzit marşrutlarına mane olan, digərlərini isə nişangahda saxlayan bir ölkə onları daha çox qane edir. Sadə dillə desək, kimlərəsə Ermənistan Respublikasının “husiləşdirilməsi” həqiqətən çox lazımdır. Hətta son nəticədə Yəmənin bütün ərazisindən husilərin nəzarətinə keçən kiçik hissə kimi, Ermənistanın da beynəlxalq səviyyədə tanınmış ərazisindən kiçik bir “hissə” qalsa belə, bu həddə kiçilmə İrəvanın himayədarlarını narahat etmir. Əsas onları təmin edən marşrutun keçdiyi qədər əraziinin əldə qalmasıdır.

Bu cür “husiləşmə” təkcə revanşist müharibənin başlaması ilə deyil, həm də Ermənistanın özündə iğtişaşlarla sürətləndirilə bilər. Üstəlik, həmin husilərə fəal yardım edən SEPAH hər an bu müharibəyə müdaxilə etməyə hazır vəziyyətdə “marığa yatıb”.

Bir tərəfdən də Ermənistanın “qərbyönlü” hökuməti ilə “rusiyapərəst” müxalifət arasında daxili qarşıdurma kəskinləşir. Daha bir eskalasiyaya səbəb isə Qazax rayonunun yeddi kəndinin və Naxçıvan Muxtar Respublikasının işğal olunmuş 1 kəndinin Ermənistan tərəfindən Azərbaycana qaytarılması məsələsi ola bilər. Ermənistan parlamentinin müxalifət fraksiyaları artıq Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və kəndlərin qaytarılması məsələsi ilə bağlı parlamentin təcili iclasının keçirilməsini təklif edir. Ola bilsin ki, ya bu məsələ ilə bağlı müxalifətin Paşinyan hökumətindən daha barışmaz mövqedə olması, ya da digər məsələlər Ermənistanda daxili vəziyyətin partlaması üçün detonatora çevrilə bilər.

Əlbəttə, bu gün Azərbaycan üçün prioritet məsələ işğaldan azad olunan ərazilərdə bərpa işlərini başa çatdırmaq və daha sürətlə inkişafa nail olmaqdır. Təbii ki, bunun üçün Ermənistanla sülh müqaviləsinin imalanması rəsmi Bakının maraqları çərçivəsinədir. Lakin qarşı tərəf müxtəlif bəhanələrlə sülh prosesini ləngidirsə, yaxud kənar qüvvələr buna imkan vermirsə, şübhəsiz, bütün hallarda itirən ermənilər olacaq. Ən azı ona görə ki, növbəti bir savaş başlasa da, bu gün Ermənistana verilən silahlar onları xilas etməyəcək və düşmən Azərbaycan ordusu tərəfindən daha böyük itkilərə məruz qoyulacaq. Odur ki, rəsmi İrəvan müharibə ab-havasına köklənərkən, qarşıda onu nə gözlədiyini ən azı iki dəfə düşünməlidir.

Ülviyyə ŞÜKÜROVA

 

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ