“Yas mərasimlərində yemək süfrələri qurmaq İslamdan qaynaqlanmır”-Mübariz Qurbanlı

09/12/2023 - 20:50

“Dövlətin yas və toy mərasimlərində yol verilən israfçılığı tənzimləməsi üçün ayrıca bir qanun qəbul etməsi nəzərdə tutulmur. Hesab edirəm ki, bütün bu məsələləri cəmiyyət özü həll etməlidir. Adətlər qanunlarla tənzimlənmir, onları zaman tənzimləyir. Zaman özü bütün adətlərə öz düzəlişlərini edir”.

Bu sözləri  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Komitə sədri qeyd edib ki, heç kim hansısa adət-ənənəni yerinə yetirib yetirməməyə görə vətəndaşa cəza müəyyənləşdirməyib.

“Mən əminəm ki, insanlar yas mərasimlərində yemək süfrələri qurmağın İslamdan qaynaqlanmadığını başa düşdükcə bu adətdən də uzaqlaşacaqlar. Çünki dəbdəbəli süfrələr açmaq ənənəsi, israfçılıq İslamda yoxdur. Dinimizə görə, hətta bu, günah hesab olunur.

İslamda ehsan gözəl əməl, xeyirxah iş mənasına gəlir. Yemək süfrəsi açmaqla gözəl əməl, xeyirxah iş görmək istəyənlər bunu ehtiyacı olan insanlar üçün etməlidir. Yol çəkmək, bulaq tikmək, kimsəsizə əl tutmaq, ac insanları doydurmaq - əsl ehsan bunlardır. Bu cür xeyirxah əməllər görmək həm vəfat etmiş insanın ruhunu şad edər, həm də insanlara faydalı olar.

Odur ki, bu sahədə maarifləndirmə işi bir an belə dayanmamalıdır. İnsanlara izah edilməlidir ki, şəriət baxımından da doğru olan ehsan anlayışına məhz bu cür yanaşmaqdır”, - deyə Komitə sədri əlavə edib.

 

AZƏRTAC

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Havada toz müşahidə olunur
01/05/2024 - 09:35
ADNA terrorundan 15 il ötür
30/04/2024 - 15:04