“Dojd” telekanalı aparıcını işdən çıxardı... - Ukraynada rus əsgərlərinə kömək etmək ifadəsinə görə

02/12/2022 - 20:03

Rusiyada “xarici agent”lərin reyestrinə daxil olan “Dojd” telekanalı aparıcı Aleksey Korostelevlə əməkdaşlığı dayandırdığını açıqlayıb.

Qafqaz.media xəbər verir ki, buna səbəb aparıcının canlı yayım ərəfəsində tamaşaçıları səfərbərlik zamanı baş verən pozuntular barədə yazmağa çağırması və telekanalın cəbhədəki rus hərbçilərinə texnika ilə kömək edə biləcəyini söyləməsi olub.

Telekanalın informasiya xidmətinin rəhbəri Yekaterina Kotrikadze deyib: "Biz bu gündən etibarən Aleksey Korostelevlə əməkdaşlığı dayandırmaq qərarına gəldik. Bu, bizim üçün çox çətin qərardır, lakin "Dojd" rəhbərliyi bunu yeganə düzgün və mümkün qərar hesab edir".

"Bununla əlaqədar olaraq, aşağıdakıları qeyd etmək vacibdir: telekanal Rusiya ordusunun - nə cəbhədə, nə də ondan kənarda silahlanmasına kömək etməyib, etmir və etməyəcək", - o, Teleqram kanalında yazıb.

Xatırladaq ki, Rusiyanın Ukraynaya təcavüzündən sonra “Dojd” telekanalı Riqadan yayımlanır, Amsterdam, Tbilisi və Parisdə də studiyaları fəaliyyət göstərir.

Qafqaz.media