FRANSA AFRİKANI TƏRK EDİR – Sonuncu hərbçilər Mərkəzi Afrika Respublikasından çıxarıldı

16/12/2022 - 10:02

Fransa hərbi kontingentinin Mərkəzi Afrika Respublikasında qalan 130 əsgərindən sonuncu 47 nəfəri dekabrın 15-də ölkəni tərk edib.

Qafqaz.media xəbər verir ki, bu barədə “Le Monde” qəzeti yazır.

"Logistik missiyanın (Mislog-B) son 47 fransız əsgəri Bangui hava limanından C130 nəqliyyat təyyarəsi ilə havaya qalxdı. Kontingenti təşkil edən 130 əsgərin əsas hissəsi son həftələrdə Mərkəzi Afrika Respublikasını tərk etdi”, - deyə qəzet silahlı qüvvələrə istinadən yazır.

Qeyd edək ki, bir neçə ay əvvəl “Bərxan” əməliyyatında iştirak edən Fransa hərbçiləri bu ölkənin hakimiyyət orqanlarının müdafiə sahəsində ikitərəfli müqaviləyə xitam vermək qərarı ilə əlaqədar Malini tərk edib. “Axios” portalı daha əvvəl Rusiyanın Afrika ölkələrində təsirinin artdığını yazmışdı.

Qəzet qeyd edir ki, "Fransa müstəmləkəsizləşdirmədən sonra uzun müddət Qərbi Afrikada dominant güc olaraq qaldı, lakin Rusiyanın təsiri orada güclənməkdədir".

Qafqaz.media