FRANSA SƏFİRİNİN XƏRİTƏLİ TƏXRİBATI – Olivye Dekotini nə demək istəyirdi?

25/11/2024 - 12:50

Fransa Azərbaycana qarşı təxribat xarakterli və regionda yeni hərbi münaqişəyə xidmət edən addımlarını davam etdirir. “AzPolitika” xəbər verir ki, Fransanın Ermənistandakı səfiri Olivye Dekotini özünün sosial şəbəkə səhifəsində hazırkı İran ərazisində yerləşən Qərbi Azərbaycan vilayətinin(ostanının) xəritəsini dərc edib. Ermənistan mətbuatında yer alan həmin paylaşımında Fransa səfiri xəritənin altından “yeganə və təkrarolunmaz” sözlərini yazıb. Bununla da səfir öz ağlına, səviyəsinə və “tarixi biliklərinə” uyğun olaraq ona işarə edib ki, Qərbi Azərbaycan yalnız İran ərazisində yerləşən eyniadlı vilayətdir. Yəni, guya indiki Ermənistan ərazisi Qərbi Azərbaycan deyil və səfir öz ağlına uyğun şəkildə bu yolla Azərbaycanın tarixi Qərbi Azərbaycan ərazilərinə dair tezislərinə cavab verməyə çalışıb.

 

Zatən Azərbaycana qarşı misli görünməmiş qərəzli, həyasızlıq dərəcəsinə çatan ermənipərəst siyasət yürüdən Fransa hakimiyyətini təmsil edən səfirin bu paylaşımı ölkəmizə qarşı növbəti təxribat cəhdidir. Bununla da danılmaz tarixi həqiqələri təhrif etməyə və Azərbaycan tərəfində qıcıq yaratmağa çalışan Fransa tərəfi regionda hərbi-siyasi vəziyyəti qızışdırmaq məqsədi güddüyünü bir daha ortaya qoyub. Xatırladaq ki, bir neçə gün öncə Fransanın Azərbaycandakı səfiri bizim XİN-ə çağırılaraq, “diplomatik qulaqburma” ilə mükafatlandırılmışdı. Səfirə çatdırılmışdı ki, COP29 ərəfəsində və sessiya zamanı Fransanın Azərbaycanın sədrliyini hədəf alması, BMT-nin bu mötəbər tədbirinin boykot edilməsinə çağırışları, bir çox dövlət başçılarının tədbirə qatılmamağa Fransa tərəfindən təşviq edilməsi, Avropa Parlamentində Fransanın səylərilə bu tədbirdəki sədrliyimizi əsassız şəkildə tənqid edən qətnamənin qəbulu və s. kimi təxribatlar qəbuledilməzdir. Bununla yanaşı, Ermənistanın geniş şəkildə silahlanmasını həyata keçirən, militarizmi və revanşizmi təşviq edən Fransanın addımlarının sülh prosesinə zərbə olduğu da səfirin və Parisin diqqətinə çatdırılıb. Ancaq göründüyü kimi, bu kimi tədbirlər, xəbərdarlıqlar və s. kifayət etmir. Fransaya regionda vəziyyətin yeni hərbi qarşıdurmaya qədər qızışması lazımdır və bu zaman onun “himayə etdiyi” Ermənistanı gözləyən aqibət rəsmi Parisi az maraqlandırır… İrandakı Qərbi Azərbaycan vilayətinə gəlincə, Azərbaycanın qədim tarixi ərazilərinin kiçik tərkib hissəsi olan bu vilayətin ərazisi 38 min kvadrat kilometrə, əsas hissəsi azərbaycanlılardan ibarət olan əhalisi isə 3 milyon nəfərə yaxındır.

“AzPolitika.info

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ