“Gələcəyimiz sözün həqiqi mənasında məhv olur…” – ANAR MƏMMƏDOV

26/04/2024 - 18:55

Şair-publisist: “İnsanın həyatda qazandığı vərdişlər arasında narkomaniya qədər təhlükəlisi yoxdur”

“Mən hesab etmirəm ki, cəzaların sərtləşdirilməsi daha məqbul variantdır…”

Azərbaycanda narkomaniyanın və narkoticarətin sürətlə yayılması cəmiyyətimizi təhdid edən əsas problemlərdəndir. Çünki, xüsusilə yeniyetmə və gənclərimizin narkotik aludəçisinə çevirlməsi dövlətimizin gələcəyi üçün böyük təhlükə vəd edir. Son illər aidiyyəti qurumlar istər narkotik ticarətinə, istər də narkomaniyaya qarşı ciddi mübarizə aparsa da, problemin qarşısını almaq mümkün olmur. Əksinə, narkomaniyanın qurbanı olan ailələrin sayının günbəgün çoxalması cəmiyyətimizi sosial və mənəvi anlamda çöküşə sürükləyir. Bu səbəbdən, əksər ekspertlər düşünür ki, ölkədə narkomaniyanın kökünü kəsmək üçün ilk növbədə yeniyetmə və gənclər arasında maarifçilik sahəsində görülən işləri genişləndirmək lazımdır. 

Stopnarkotik.az-ın əməkdaşı bu və digər məsələlərlə bağlı Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şair-publisist Anar Məmmədovla söhbətləşib. Müsahibimiz deyir ki, günümüzdə narkomaniya həqiqətən də bəşəriyyəti uçuruma aparan qorxulu bəlaya çevrilib: “Mən ilk növbədə Stopnarkotik.az saytına öz təşəkkürümü bildirirəm. Çünki siz günümüzlə bağlı çox aktual bir mövzuya toxunursuz. Belə ki, narkomaniya həqiqətən də bəşəriyyəti uçuruma aparan qorxulu bir bəladır. Sözün mənşəyinə nəzər yetirdikdə görürük ki, narkomaniya qədim yunan sözüdür, tərcümədə “donmuş hal”, “ağılsızlıq”, “ehtiyac”, “alüdəçilik” və s. anlamlar daşıyır. Narkotik maddə - mərkəzi sinir sisteminə özünəməxsus təsir göstərən və tez bir zamanda asılılıq, alüdəçilik yaradan maddələrə deyilir.

Sözün tarixinə nəzər yetirdikdə isə, görürük ki, narkotik vasitələr haqqında məlumatlara hələ eramızdan əvvəl yunan, roma, ərəb alim, təbib və loğmanlarının əsərlərində rast gəlinir. XX əsrin ortalarından etibarən isə narkomaniya insanlara sağalmaz yaralar vuran ümumbəşəri bir bəlaya çevrildi. Biz XXI əsrin 24-cü ilini yaşasaq da, təəssüflər olsun ki, hələ də bu bəlanın qarşısını almaq mümkün olmayıb”.

A.Məmmədov hesab edir ki, insanın həyatda qazandığı vərdişlər arasında narkomaniya qədər təhlükəlisi yoxdur: “İnsan qəribədir. Ya anadan doğulanda müəyyən genetik vərdişlərlə doğulur, ya da həyatı boyu çoxlu vərdişlərə alüdə olur (xüsusən, düşdüyü ekoloji və ictimai şəraitdən asılı olaraq). Bunların arasında faydalısı da olur, ziyanlısı da. Mən düşünmürəm ki, insanın həyatı boyu qazandığı vərdişlər arasında narkomaniya qədər təhlükəlisi olsun. Elə Birləşmiş Millətlər Təşkilatının iyun ayının 26-nı “Narkomaniyaya və Narkobiznesə Qarşı Beynəlxalq Mübarizə Günü” elan etməsi heç də təsadüfi deyil. Amma mən hesab edirəm ki, ilin bir günü yox, hər gün insanlar narkomaniya və narkobizneslə mübarizə aparmalıdırlar. Çünki narkomaniyanı əhali arasında yayanlar istənilən təbəqə nümayəndələrini öz cənginə ala bilirlər. Bu yoldan qayıtmaq üçün isə insanda möhkəm iradə olmalıdır, o da hər kəsdə olmur.

Təəssüflər olsun ki, tora düşənlər arasında gənc nəslin nümayəndələri daha çox olur. Nəticədə, vətənin rifahı naminə çox işlər görə biləcək gələcəyimiz sözün həqiqi mənasında məhv olur”.

“Sizcə, cəmiyyətimizi bu bəladan xilas etmək üçün maarifçiliyin genişləndirilməsi, yoxsa cəzaların sərtləşdirilməsi daha məqbul variantdır”, - sualını tanınmış şair bu cür cavablandırdı: “Gəlin etiraf edək ki, insan qadağan olunmuşa daha çox meylli olur. Ona görə, mən hesab etmirəm ki, cəzaların sərtləşdirilməsi daha məqbul variantdır. Hər halda bu suala hüquq mütəxəssislərinin cavab verməsi daha düzgün olardı. Mən düşünürəm ki, bu sahədə maarifçiliyin genişləndirilməsi çox yaxşı olar, hətta vacibdir də.

Mən sizə bir fakt deyim. Qızım orta məktəbin 8-ci sinfində təhsil alır. Fevral ayı idi. Xəstə yatan bir qohumumuzu ziyarətə getməyi planlaşdırmışdıq. Qızım dərsdən evə gəldi. İstədik ki, o da bizimlə gedsin. Amma o, cavabında: “Sabah sinifimizdə “Narkomaniyaya yox” devizi altında tədbir keçirələcək. Bu mövzuda hər şagird bir plakat hazırlamalıdır, odur ki, sizinlə gedə bilməyəcəyəm”, - dedi. Axşam evə gələndə qızımın necə həvəslə çalışaraq, bu mövzuda maraqlı bir plakat hazırladığını gördüm. Bu hadisə kimlərəsə adi görünə bilər. Etiraf edək ki, bəlkə də 13 yaşında bir uşaq narkomaniyanın nə olduğunu belə düz-əməlli dərk etmir. Amma sinifdə tədbir keçirilicək deyə, onun bütün gecəni hazırlaşması, səhəri günü isə tədbirdə iştirak etmək üçün bir mütəxəssis-psixoloqun məktəblərinə qonaq gələrək narkomaniyanın insanın həyatına mənəvi və orqanizminə fizioloji ziyanları barədə uşaqlarla xeyli maarifləndirici söhbət aparması qüvvətli üsuldur. Ona görə, düşünürəm ki, bu sahədə maarifləndirici söhbətlərin aparılması (xüsusən, uşaqlar, gənclər və yeniyetmələr arasında) çox faydalıdır”.

Maarifləndirmə işinin önəminə diqqət çəkən A.Məmmədov bir faktı misal göstərdi: “Adicə metronun “Elmlər Akademiyası” stansiyasının divarlarına vurulmuş və özündə narkomaniyanın ziyanlarına dair fikirləri əks etdirən böyüdülmüş fotoların yerləşdirilməsini çox alqışlayıram. Çünki o stansiyadan hər gün yüzlərlə-minlərlə sakin istifadə edir və təbii ki, onların arasında bu bəlaya mübtəla olmuşlar və bunun astanasında dayananlar da az deyil. Belə tədbirləri isə daha da genişləndirmək lazımdır.

Mən hesab edirəm ki, bu iş pərakəndə formada deyil, düşünülmüş şəkildə, özü də hüquq mühafizə orqanlarının nümayəndələri ilə birgə təhsil ocaqlarında, idarə və təşkilatlarda, qurumlarda müştərək fəalyyət formasında olsa, çox fayda verər. Unutmayaq ki, narkomaniyaya alüdə olanlar bizim millətin balalarıdır və onlar heç də kənarda deyil, bizim cəmiyyətimizdə və bizim ətrafımızdadır”.

Anar Məmmədov deyir ki, maarifçilik və təbliğat işlərində tanınmış insanların, xüsusilə müğənnilərin, aktyorların, jurnalistlərin, digər sənət adamlarının cəmiyyətdəki nüfuzundan faydalanmaq da mümkündür: “Narkomaniyanın zərərləri ilə bağlı yeniyetmə və gənclər arasında aparılan təbliğat işlərində tanınmış insanların, xüsusilə müğənnilərin, aktyorların, jurnalistlərin, digər sənət adamlarının cəmiyyətdəki nüfuzundan faydalanmaq nəinki mümkündür, hətta vacibdir də. Mən bu siyahıya tanınmış idmançıları, şairləri, yazıçıları, pedaqoqları, iqtisadçıları, ümumiyyətlə müxtəlif peşə adamlarını da əlavə edərdim. Xalqımızın çox gözəl bir atalar sözü var: “Tək əldən səs çıxmaz”. Mən düşünürəm ki, sadaladığımız və sadalamadığımız peşə adamlarının eyni məqsədlə birləşərək, narkomaniya əleyhinə tədbirlərdə fəal iştirak etməsi pis nəticə verməz. Amma unutmayaq ki, bu məsələdə ən böyük yük kütləvi informasiya vasitələrinin nümayəndələrinin üzərinə düşür. Bu məsələ sosial şəbəkələrdə, televiziyalarda, radiolarda, saytlarda, qəzet və jurnallarda nə qədər çox işıqlandırılsa, maarifləndirici verilişlər, roliklər nə qədər çox hazırlansa, nəticəsi bir o qədər müsbət olar. Necə deyərlər: “El bir olsa dağ oynadar yerindən””.

Bəs, narkomaniyadan xilas olmaq üçün bu sahədə əlavə nə kimi tədbirlər görülə bilər? Bu suala müsahibimiz belə cavab verdi: “Gəlin etiraf edək ki, bu sahədə yetərincə işlər görülüb və görülməkdədir. Belə ki, Birləşmiş Millətlər Təşkilatının bu sahədə qəbul etdiyi Konvensiyalara ölkəmzin qoşulması, Milli Proqramların və yeni qanunların qəbul olunması, qanunvericilik bazasının daha da təkmilləşdirilməsi və s. tədbirlər Azərbaycanın bu sahədə uğurla fəaliyyət göstərdiyindən xəbər verir. Amma bu problem aradan tam qalxmayıbsa, demək ki, qarşıda görüləsi işlər az deyil”.

Söhbətləşdi: Fuad BİLƏSUVARLI

Stopnarkotik.az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Metroda təşviş yaşandı
27/11/2024 - 18:53
Cəlilabadda zəlzələ oldu
27/11/2024 - 17:55