Gözəlliyə və qadınlara biganə olmayan çılğın gürcü... - Günel Natiq yazır
Bu gün məşhur gürcü ifaçı, aktyor Vaxtanq Kikabidzenin doğum günüdür. Kulis.az bu münasibətlə Günel Natiqin "Xoşbəxtliyinə görə Kennediyə borclu olan Vaxtanq Kikabidze" məqaləsini təqdim edir.
- Manana, mən adam içinə çıxmağa utanıram. Hamı müharibədə, mən isə…
- Axı sənin burda da vacib işin var, Konstantin, sən jurnalistsən. Bundan başqa, sənin gözlərin zəif görür, cəbhədə heç kimə xeyrin dəyməz. Həm oğlumuz, Buba…
- Buba mənimlə fəxr edəcək, bilmirəm. Həyatı çətin keçsə belə, məni qınamayacaq. Bizim soyumuz üçün birinci yerdə vətən gəlir.
***
Vaxtanq Kikabidze 1938-ci il iyulun 19-da Tbilisidə anadan olub. Dil açanda ilk sözü “bu-ba” olduğu üçün doğmaları onu bu adla çağırırdı. Hətta ilk filmlərin titrlərində də adı əvəzinə Buba yazılırdı.
Atası Konstantin Kikabidze jurnalist idi. Heç nəyə baxmadan müharibəyə gedən Konstantin 1942-ci ildə Kerç yaxınlığında itkin düşür.
Kiçik Vaxtanq ata itkisini çox ağır keçirirdi. Öz-özünə fikirləşirdi ki, əgər atası sağ olsaydı, o əzab-əziyyət çəkməz, başqa uşaqlar kimi qayğıyla böyüyərdi.
Anası Manana Konstantinovna Baqrationi peşəkar müğənni idi. Çox gözəl olan Mananaya evlilik təklifi edənlər çox olurdu, o isə hamıya rədd cavabı verib, sevimli ərini gözləyirdi.
- O elə adamdır ki, mütləq qayıdacaq, - deyirdi Manana.
Ancaq Konstantin müharibədən qayıtmadı. Vaxtanq atasını müharibədə itirən digər yaşıdları kimi demək olar ki, nəzarətsiz böyüyür, vaxtının çoxunu küçədə keçirirdi. Siqaret çəkir, məhəllə davalarına qoşulurdu. Məktəbə könülsüz gedir və çox vaxt dərslərdən geri qalırdı. Hətta riyaziyyatdan imtahanı verə bilmədiyi üçün məktəbi nə az, nə çox, düz on dörd ilə qurtarmışdı.
Bir dəfə Vaxtanq cəsarət edib Tbilisidə keçirilən kütləvi nümayişlərə qatılır. Anası bunu eşidəndə əsəbiləşib evdəki daş kimi ağır ütünü oğluna sari tolazlayır, amma xoşbəxtlikdən, hədəfdən yan ötür.
Bu azad ruhlu yeniyetmə əgər özfəaliyyət dərnəyində məşğul olmasaydı, kim bilir, başına nələr gələcəkdi. Musiqiyə olan sevgi onu pis vərdişlərdən uzaqlaşdırır. Vaxtanq nağara çalmağı öyrənir, ritmlərdə taleyini axtarır.
İki dəfə universitetə daxil olur, ikisində də təhsilini yarımçıq qoyur. Harda olur-olsun, musiqi onu özünə çəkirdi və o, bütün işlərini yarımçıq qoyub onun ardınca gedirdi. Birinci dəfə universiteti tərk edəndə Tiflis Filarmoniyasında işləməyə başlayır. İkinci dəfə isə “Dielo” caz vokal kvartetinin üzvü kimi çıxış edir. O, qrupda nağara çalırdı. Sonra isə səsinin olduğunu kəşf edir və "Orera" qrupunda solist kimi fəaliyyətə başlayır - gürcü, italyan və ingilis dillərində mahnılar ifa edir.
Peşəkar müğənni olan anası ilk dəfə onu dinləyəndə dəhşətə gəlir:
- Oğlum, sən niyə elə xırıltılı səslə oxuyursan? Məgər belə oxumaq olar?
- Ana, indi belə dəbdir. Mən sadəcə dəbə uyğun oxuyuram.
- Yox, oğlum, mənim musiqi anlayışıma belə ifalar ziddir. Müğənninin səsi təmiz olmalıdır.
Ananın tənqidinə baxmayaraq, Vaxtanq sənətdə irəliləməkdə davam edirdi. Tezliklə solo fəaliyyətə başlayır.
Vaxtanq Kikabidze haqqında çoxlu sevgi əfsanələri dolaşırdı. Çılğın gürcü gözəlliyə və qadınlara biganə deyildi. Amma həmişə evə, həyat yoldaşının yanına qayıdırdı. Bəlkə də ürəyinin dərinliyində o yalnız bir qadına, həyat yoldaşı İrinaya aşiq idi.
İrina Kebadze 1932-ci ildə Tbilisidə doğulmuşdu. O, Leninqradda xoreoqrafiya peşə məktəbini bitirəndən sonra doğma paytaxtın opera teatrlarında çalışırdı. Tbilisi akademik opera teatrının prima balerinası kimi tanınıb sevilirdi.
“Tanışlığa görə Kennediyə borclu olmalısan”
Hər şey Kennedinin ölümüylə başlayır. Onların məhəbbəti bir həyatın bitdiyi yerdən doğulur.
Budapeştdə sovet incəsənəti günləri keçirilirdi. İyirmi yeddi yaşlı Vaxtanq və otuz üç yaşlı İrina bir qrupda çıxış edirdilər. Festival boyu aktyorlar birlikdə məclislər keçirir, dostcasına ünsiyyət qururdular.
Şənliklərin birində küçədə qışqırıq səsi eşidilir, maşınlar tormoz verir. Artistlər nə vaş verdiyindən xəbər tutmaq üçün küçəyə qaçırlar. Kikabidze bu an İrinanı görür. O, qorxudan titrəyirdi. Vaxtanq onu sakitləşdirmək üçün qucaqlayır və həmin an bu qadına incə duyğular bəslədiyinin fərqinə varır.
O an doğulan qığılcım onların bütün həyatını dəyişir. Tbilisiyə qayıdandan sonra gənclər ailə qururlar. İlk illərdə onlar İrinanın valideynlərilə birgə yarızirzəmiyə oxşar bir evdə yaşayırlar.
Sonralar həmin taleyüklü günü xatırlayanda Vaxtanq zarafatla İrinaya deyirdi:
- Bax, sən bütün həyatın üçün mərhum Kennediyə minnətdar olmalısan.
İrinanın ilk nikahdan bir qızı vardı - Marina. Kikabidze onu qızlığa götürür. Sonra isə cütlüyün bir oğlu dünyaya gəlir. Vaxtanq oğluna müharibə həlak olmuş atasının adını verir: Konstantin. Kikabidze uşaqlar arasında heç bir fərq qoymur, onları eyni məhəbbətlə sevirdi.
Aktyor vaxtının çoxunu qastrollarda keçirirdi. Uşaqların tərbiyəsi ilə İrina məşğul olurdu. O, taleyindən şikayətçi deyildi, amma bəzən zarafatla deyirdi:
- Sənin üçün birinci yerdə vətən, ikinci yerdə dostlar, yalnız üçüncü yerdə ailədir. Məncə, tam tərsinə olmalı idi.
- Mən ailədə belə görmüşəm. Bizim soyumuz üçün vətən birinci yerdə gəlir, - hər dəfə Kikabidze ciddiyyətlə ona cavab verirdi.
Ağır diaqnoz qoyulur
Otuz yeddi yaşında Vaxtanq Kikabidze taleyin ağır sınağı ilə qarşılaşır. Hər şey qəfildən başlayır. Müvazinətini itirib yerə yıxılan müğənni xəstəxanaya aparılır. Kikabidzeni müayinə edən həkimlər onun başında xoşxassəli şiş olduğunu güman edirdilər, amma əməliyyat zamanı hər şeyin daha mürəkkəb olduğunu anladılar.
Beyin xərçəngi diaqnozu o vaxtkı illərdə ölüm hökmünə bərabər idi. Kikabidze bəlkə də xəstəliyə təslim olacaqdı, əgər İrina yanında olmasaydı.
“Mən onun sayəsində xəstəlikdən qurtula bildim. O, həmişə qaya kimi, dağ kimi mənim yanımda idi”.
Tbilisi sakinləri sevimli sənətkarın yaşamayacağını düşünür və onunla halallaşmağa gəlirdilər. İrina isə hamını qovub, “onun heç nəyi yoxdur, lap sağlamdır, tezliklə tam sağalıb ayağa duracaq”, deyirdi.
Yalnız demirdi, həm də buna inanırdı. Onun inamı Kikabidzeni də qorxunc düşüncələrdən uzaqlaşdırır, həyata kökləyirdi.
Beləliklə, illər keçdikcə, Kikabidze xəstəliyini qorxulu yuxu kimi unudurdu.
1980-ci illərdə Vaxtanq Kikabidze bütün SSRİ-də tanınıb şöhrət tapır. Onun valları milyon nüsxələrlə satılırdı.
İrina isə sənətini ailəsinə qurban verir və heç vaxt buna görə peşmanlıq keçirmir. Jurnalistlər Kikabidzeyə həyat yoldaşının sənəti ailəsinə dəyişməsi haqqında da sual verəndə o, eyni cavabı verirdi:
- Axı burda nə var ki? Əvvəl o, yaxşı balerina idi, indi isə çox yaxşı evdar xanımdır.
Aralarındakı altı yaş fərq onların sevgisinə maneə yaratmırdı. Evin başçısı, tanrısı Kikabidze idi və ailə ona pərəstiş edirdi. Xüsusilə, Marina. Kikabidzeni “ata” adlandıran qızcığaz tez-tez çəkiliş meydançalarına gedir, Kikabidzenin populyarlığı ilə fəxr edirdi.
Konstantin isə məktəb yoldaşlarına məşhur atanın oğlu olduğunu deməyə utanırdı. Ailəsi haqqında bir dəfə belə bir nağıl uydurub yoldaşlarına danışmışdı: guya atası müharibədən qayıtmayıb, anası isə onun dərdindən çərləyib ölüb.
Kikabidzenin şöhrəti məşhur “Mimino” filmindən sonra daha da artır. Bu dahiyanə filmdə Kikabidze əvəzsiz obraz yaradır.
Filmin baş qəhrəmanı Mimino ləqəbli Valiko Mizandaridir. O, təyyarəçidir, beynəlxalq hava yollarında işləmək arzusuyla yaşayır. Ancaq reallıq bir ucqar dağ kəndi ilə bağlıdır, o kənddə ki, Mimino köhnə vertalyotla yerli camaatın tələbatını yerinə yetirir. Heç gözləmədiyi halda onun arzusu reallaşır; görkəmi, geyimi, statusu dəyişir. İndi artıq o, Avropaya uçuşlar edən nüfuzlu şirkətin təyyarəçisidir. Ancaq doğma kəndin səması Miminonun gözləri önündən çəkilmir. Filmin ən təsirli anı İsraillə təsadüfi telefon danışığı vaxtı yaşanır. Tbilisidən köç edən yəhudi ilə doğma mahnını xiffətlə oxuyan Mimino anlayır ki, vətənsiz insan heç vaxt yüksək səmaları fəth edə bilməz və doğma kəndə qayıdır.
Azərbaycanın dostu
Vaxtanq Kikabidze Azərbaycanı, Bakını çox sevir, tez-tez ölkəmizi, şəhərimizi ziyarət etməkdən zövq alırdı.
“Bakı mənim üçün çox əzizdir. Azərbaycan çox zəngin musiqi mədəniyyətinə malikdir. Burda mən özümü yaxşı hiss edirəm, Bakıda solo konsertlərim həmişə anşlaqla keçir və tamaşaçılardan “yenə gəlin” sözlərini eşidirəm”.
Bakıda keçirdiyi konsertlərdə "Fayton”, “Dostlar”, “Qocalar”, “Mimino", “Torpaq”, “Sakitlik”, “Dosta məktub”, “Qaraçı”, “İlk sevgi”, “Uşaqlıq illəri” kimi illərin sınağından çıxmış mahnılarını tamaşaçılara sevgiylə çatdırırdı.
Sonda isə bir qayda olaraq "Bəri bax" mahnısını ifa edirdi. Bu mahnıya Kikabidzenin öz sevgi dolu yanaşması vardı.
Kikabidze Azərbaycanla bağlı duyğularını bölüşməkdən usanmırdı:
“Azərbaycanda da Gürcüstanda olduğu kimi, yaxşı mahnının qədrini bilirlər, hər iki xalq çox qonaqpərvərdir. Şəhərinizə gələndə bəzən günlərlə yata bilmirəm - burada çoxlu dostlarım var, məni evlərinə, ad günlərinə və başqa şənliklərə dəvət edirlər. Əhval-ruhiyyəm olmasa belə məni oteldən çıxmağa məcbur edirlər. Məni xüsusilə düşbərəyə qonaq edəndə çox sevinirəm. Yayda bura gələndə mütləq balıq tutmağa gedirəm. Bu mənim xəstəliyimdir. Hər dəfə Bakıya gələndə görürəm ki, şəhər necə sürətlə tikilir və çox gözəlləşib!”
Bir dəfə Kikabidze Bakıda aeroportdan çıxanda, klarnetçalanlar və nağaraçalanlar ansamblını görür. Onlar elə ciddi-cəhdlə ifa edirdilər ki, “Görəsən kimi qarşılayırlar?” - deyə Kikabidze düşünür. Sualın cavabını tapanda aktyoru gülmək tutur. Bakıdakı dostları Kikabidzeyə sürpriz hazırlamışdılar.
“Ancaq Bakı məni belə gözəl qarşılaya bilərdi!” - deyə müğənni gülümsünür.
“Vaqif Mustafazadəyə “Şah Abbas” deyirdim”
Vaxtanq Kikabidze caz ustadı Vaqif Mustafazadə ilə dost idi. Onlar altı il bir yerdə işləmişdilər.
“O, sovet dövründə əvəzolunmaz olan heyrətamiz insan və musiqiçi idi. Qısa boyuna, qalın bığlarına görə ona “Şah Abbas” deyirdim. Kiçik barmaqları ilə şah əsərlər yaradırdı! Orijinallığı, virtuoz texnikası, özünəməxsus harmonik dili ilə dinləyiciləri məftun edirdi. Onun əsərləri unudulmazdır!”
Kikabidze Vaqif Mustafazadə ilə görüşlərindən həm də yumorla bəhs edirdi:
“Onunla getdiyimiz qastrollarda mənimlə bir də nahar etməyəcəyini deyirdi: “Mən yaxşı yeyirəm, amma sən o qədər arıqsan ki, kənardan baxanda səni xəstə hesab edirlər”. Sonra da bir gün mənə kökəlməyim üçün resept yazdı: “Gündə dörd pors borş, altı pors makaron və kotletlə qarabaşaq yarması ye...” Və bir dəfə Bakıda məni kabab yeməyə dəvət etdi. “Buba, qoyun kəsmişəm, xalis çəkisi 23 kq, bizə qonaq gəl”, - dedi. Qonaqlıqda başqa kimin olacağını soruşanda o cavab verdi: "Necə kim olacaq? Heç kim kim. Yalnız sən və mən”. Hə, heyrətamiz insan idi!
İrinanın ölümüylə xəstəlik qayıdır
Bir dəfə Kikabidzeyə sual verirlər:
- Vaxtanq, istedad axı nədir?
Aktyor cavabında deyir:
- İstedad... Bu çox qəribə bir şeydir. Yəqin ki, bu tanrıdan gəlir.
Kikabidzenin tanrıdan gələn istedadı ona triumf, şöhrət, sevgi, alqışlar qazandırır… Həyat beləcə öz şirin axarında keçirdi. İctimai fəaliyyətinin problemləri qarşısında isə möhkəm sədd vardı. Ailə, uşaqlar, nəvələr, nəticələr.
“Əzizim, mən istəyirəm ki, dünyadan səndən əvvəl köç edəm”, nə vaxtsa məşhur mahnısında demişdi Kikabidze. Ancaq belə olmadı. Kikabidzenin vəfalı ömür dostu heç buna razı olmazdı. 11 oktyabr 2021-ci ildə İrina xanım həyata vida etdi. Onun ölümündən sarsılan Kikabidze uzun müddət jurnalistlərin qarşısına çıxmağa özündə güc tapmadı. Ailəsi hər zamankı kimi yanındaydı, ona dəstək olmağa, təsəlli verməyə çalışırdı.
Arıqlayan, qəddi əyilən aktyor yaşamın mənasını itirdiyinin fərqindəydi. Son müsahibəsində dedikləri mənəvi böhran keçirdiyindən xəbər verirdi:
“Mənim yeganə müsbət cəhətim ölümdən qorxmamağımdır. Mən bu günlərdə özümü pis hiss etdim və dedim ki, ilahi, mənim canımı al. Mən yalnız öləndə dinclik tapacam”.
Ondan bir az əvvəl isə illər öncə ağır xəstəlik keçirdiyini etiraf etmişdi:
- Belə çıxır ki, mən əlli il bu xəstəliklə yaşamışam.
Kikabidze güclü adam idi, amma daha yaşamağa taqəti qalmamışdı. 15 yanvar 2023-cü ildə dahiyanə rolları, dərin mahnıları ilə insanları dünyaya yeni, yüksək, ali tərəfdən baxmağa sövq edən böyük sənətkar gözlərini əbədilik yumdu.
Onun sənətə və insanlara bəxş etdikləri isə hələ də yaşayır...
Günel Natiq
Qafqaz.Media