Gürcüstanda mühacirətdən qayıdan vətəndaşlara dövlət qrant ayıracaq

29/11/2022 - 15:46

Gürcüstanda mühacirətdən qayıdan 88 vətəndaşa özlərinə gəlir mənbəyi, məşğulluq sahəsi yaratmaq və özünüməşğulluğun təşviqi üçün dövlət tərəfindən qrant ayrılacaq.

Qafqaz.media xəbər verir ki, bu barədə Qaçqınlar üzrə Agentliyin məlumatında deyilir.

Agentlik tərəfindən geri qayıdan miqrantlara və ekomiqrantlara yardım məqsədilə həyata keçirilən dövlət proqramı onların reinteqrasiyası prosesinin dəstəklənməsi, o cümlədən dolanışıq mənbəyinin təmin edilməsi məqsədinə xidmət edir.

Proqram iştirakçıları öz fəaliyyətlərinə başlamaq və ya genişləndirmək üçün lazımi avadanlıq və inventar seçirlər.

Əsas odur ki, vətənə qayıtdıqdan sonra gəlir mənbəyi olsun və ölkəni tərk etmək məcburiyyətində qalmasınlar.

Agentlik ildə iki dəfə gəlir gətirən layihələrin həyata keçirilməsi üçün maliyyə vəsaiti almaq istəyənlərin müraciətlərinin qəbulunu elan edir. Reinteqrasiyaya yardım üzrə dövlət proqramında peşə təhsilinin təşviqi, tibbi yardım və müvəqqəti yaşayış yeri də nəzərdə tutulur.

Qrant veriləcək miqrantların siyahısı agentliyin saytında dərc olunub.

Qafqaz.media