Kadırov hərbi əsirlərin “qara bazar”ı haqda iddiaları inkar edir - AÇIQLAMA

07/03/2024 - 14:10

Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiyada hərbi əsirlərin mübadiləsi üçün “qara bazar”ın olması ilə bağlı medianın iddialarını təkzib edib.

Onun sözlərinə görə, jurnalistlər çeçenlərin hərbi əsir Vyaçeslav Levitskini sonradan çeçenlə dəyişmək üçün əsir aldıqları və Qroznıya gətirdikləri barədə saxta xəbər yayıblar. Kadırov bildirib ki, ukraynalı özü yaralanaraq Axmat döyüşçülərinə təslim olub.

"Əslində, biz müalicədən sonra Vyaçeslav Levitskini və daha iki məhbusu Ukrayna tərəfinə təhvil verdik. Bunun müqabilində biz Çeçenistan Respublikasının vətəndaşı olmayan üç rus əsgərini vətənlərinə qaytara bildik. Prosedur ciddi şəkildə aparıldı, Rusiya Müdafiə Nazirliyinin fəal dəstəyi ilə beynəlxalq hüquq çərçivəsində. Ona görə də mən tam məsuliyyətlə bəyan edirəm ki, nə Rusiyada, nə də Çeçenistan Respublikasında hərbi əsirlərin mübadiləsi və onlara qarşı işgəncələr üçün heç bir “qara bazar” yoxdur”, - Kadırov Telegram kanalında yazıb.

Çeçenistan rəhbərinin dediyinə görə, təslim olanda Levitskinin ayaqları sınıb, əllərini isə şaxta vurub: "Təəssüf ki, qanqrenanın başlanması ilə əlaqədar Vyaçeslavın əzaları amputasiya edilməli oldu. Amma Qərb mediası yazır ki, biz ölümə yaxın olan Vyaçeslavı kimdənsə aldıq, Qroznıya gətirdik, sonradan dəyişdirmək üçün qollarını və ayaqlarını kəsdik”.

Xatırladaq ki, bundan əvvəl çeçen hərbçilərinin əsir götürülmüş ukraynalı əsgərləri Rusiyanın müxtəlif bölmələrindən alması, Qroznıya aparması, sonra isə həmkarları ilə dəyişməsi barədə məlumatlar yayılıb.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ