Kanada İrana PUA-lar üçün ehtiyat hissələri satır? – RƏSMİ AÇIQLAMA

06/12/2022 - 15:42

Kanadanın "Tallysman Wireless" şirkətinin komponentləri İranın "Şahed-136" PUA-larında istifadə edilib.

Qafqaz.media-nın məlumatına əsasən, Ukraynanın sorğusuna cavab olaraq Kanadanın "Tallysman Wireless" şirkətinin prezidenti Cayls Panter bildirib ki, bu detallar Rusiyanın "qondarma şirkətlər"ə aid olan distribyutorlar vasitəsilə "Geran-2" adı altında alınıb.

Panter “The Globe and Mail” jurnalına müsahibəsində qeyd edib ki, “Tallysman Wireless” öz məhsullarını İran və ya Rusiyaya satmır və onun distribütor şəbəkəsinin sanksiyalara məruz qalan ölkələrə, fiziki şəxslərə və ya qurumlara hər hansı bir detal satması qadağandır. Onun sözlərinə görə, hissələr distribyutorlar vasitəsilə "qondarma şirkətlər"in köməyilə İrana yönləndirilib.

“İddialar səslənir ki, biz hansısa şəkildə bu məsələdə iştirak etmişik. Bu qətiyyən belə deyil. Tallysman Rusiyanın təcavüzü qarşısında Ukraynanı yüz faiz dəstəkləyir”, - deyə Panter bildirib.

Kiyevdə yerləşən "StateWatch" qeyri-hökumət təşkilatı bundan əvvəl İranın "Şahed-136" PUA-larında Qərb firmalarına məxsus 30-dan çox komponentin tapıldığını bildirmişdi. Onun sözlərinə görə, "Şahed-136" İran istehsalı olan mühərrik istisna olmaqla tamamilə xarici komponentlərdən ibarətdir.

Qafqaz.media