“KİYEV KÜTLƏVİ QIRĞIN TÖRƏDƏN SİLAH İLƏ VURULACAQ” - Putin hədəflərin seçildiyini bəyan etdi

28/11/2024 - 18:30

Putin Rusiyası Ukraynaya qarşı işğalçılıq müharibəsində ağır hərbi cinayətlərini, kütləvi qırğınları dayandırmaq fikrində deyil. Rusiya Baş Qərargahı və Müdafiə Nazirliyi hazırda Ukrayna ərazisində “Oreşnik” zərbələri üçün hədəfləri seçir. “AzPolitika” xəbər verir ki, bunu Vladimir Putin KTMT Kollektiv Təhlükəsizlik Şurasının iclasındakı çıxışı zamanı deyib. O deyib ki, bu hədəflər “Kiyevdəki qərar qəbul edən mərkəzlər” ola bilər. Onun sözlərinə görə, Kiyev guya Moskva və Sankt-Peterburqda dövlət əhəmiyyətli hədəfləri vurmağa cəhd edib və “bu cəhdlər davam edir”. Putin deyib ki, Rusiyanın “Oreshnik”ə bənzər daha bir neçə kompleksi var və onlar istifadəyə hazırdır. Rusiya başçısı iddia edib ki, “Oreşnik”in gücü nüvə silahının istifadəsi ilə müqayisə edilə bilər: “Bu raketlərdən kütləvi qruplar, yəni bir zərbədə bir neçə raketdən istifadə edilərsə, bu zərbənin gücü nüvə silahının istifadəsi ilə müqayisə edilə bilər. Partlayışın episentrində olan hər şey fraksiyalara, elementar hissəciklərə bölünür və mahiyyətcə toza çevrilir". Putin onu da əlavə edib ki, bu gecə Rusiya Ukraynadakı hədəflərə 90 raket və 100 PUA ilə hərtərəfli zərbə endirib, 117 hədəfi vurub. Onun sözlərinə görə, son iki gündə Rusiya Ukrayna ərazisinə 100 raket və 466 PUA atıb. Göründüyü kimi, Putin Rusiyası sözdə nə qədər sülhə hazır olduğunu desə də, əməldə daha dəhşətli ssenarilər hazırlayır, kütləvi qırğınlar törətməyə cəhd göstərir. Beləliklə “dünyanın ikinci ordusu” Kursk başda olmaqla, real döyüşdə, cəbhədə heç cür böyük uğur qazana bilməməsinin, 3-cü ildir Ukrayna çöllərində çapalamasının əvəzini dinc şəhərlərdə kütləvi qırğınlar törətməklə çıxarmağa çalışır.

“AzPolitika.info”  

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ