“LAÇINDA SƏRHƏD-KEÇİD MƏNTƏQƏSİ YARADILMALIDIR” – Müxalif partiya hakimiyyətə müraciət etdi

05/12/2022 - 15:58

Bu gün ADP İdarə Heyətinin ölkə və regionda baş verən ictimai-siyasi vəziyyətə dair növbəti toplantısı keçirilib.

Partiyanın mətbuat xidmətindən Qafqaz.media-ya verilən məlumata əsasən, Rusiya ilə Ukrayna arasında davam edən qanlı müharibəyə diqqət çəkən partiya rəsmiləri bu təcavüzkar müharibənin artıq öz çərçivəsindən kənara çıxmasından, hər iki tərəfdən saysız qurbanlar verilməsindən, müharibə fəsadlarının dünyanın nizamını pozmasından bir daha narahat olduğunu bildirib.

İdarə Heyəti dünya güclərini, nüfuzlu beynəlxalq təşkilatları Putin Rusiyasının suveren bir ölkəyə qarşı başlatdığı işğalçı, təcəavüzkar müharibəyə son qoymaq üçün bütün səylərini birləşdirməyə, nəinki Ukraynanın dinc əhalisini, hətta öz xalqını belə qırğına sürükləməkdən geri durmayan Putini beynəlxalq məhkəmə qarşısına çıxartmaq istiqamətində ciddi addımlar atmağa, eyni zamanda təcavüzkar ölkə olan Rusiyaya silah və digər hərbi vasitələrlə yardım edən ölkələrə sanksiyalar tətbiq etməyə çağırıb.

İdarə Heyəti qonşu İranda başlayan və iki aydan artıqdır ki şiddətli şəkildə davam edən xalq narazılqlarının nəticəsi olaraq İran hakimiyyətinin bu narazılıqların, kütləvi etirazların onun çöküşünə gətirib çıxara biləcəyindən ehtiyatlanaraq ölkənin güc strukturunun bir qanadı olan “əxlaq polisi”nin ləğv edilməsi barədə qərarını təqdir edib və İran rəsmilərini təkcə bu addımla kifayətlənməməyə, ölkə ərazisində yaşayan, yaşadığı sürəcdə molla rejiminin etnik ayrı-seçkilik siyasətinin qurbanı olan xalqların hüquq və azadlıqlarına, milli, mədəni hüquqlarına hörmətlə yanaşmağa, xüsusilə İranda yaşayan soydaşlarımıza qarşı yürütdüyü assimliyasiya siyasətinə son qoymağa çağırıb.

İdarə Heyəti son günlər Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdiyi ərazilərdə yerləşən qeyri-qanuni erməni silahlı birləşmələri tərəfindən ərazilərimizin atəşə tutulması faktından narahatçılığını bildirib və hakimiyyəti bu separatçı qüvvələrə qarşı ciddi tədbirlər almağa, ordu hissələrimizi bu tipli təxribatçı halların qarşısını almaq üçün hərəkətə keçməyə, sülh missiyasını yerinə yetirmək əvəzinə erməni silahlı birləşmələrini bu və ya digər formada dəstəkləyib, onların mənfur niyyətlərinin rellaşdırılması üçün zəmin yaratmaqda davam edən sülhməramlıların davranışlarına siyasi qiymət verməyə çağırıb.

İdarə Heyəti son vaxtlar ABŞ-ın Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının üçüncü ölkənin iştirakı olmadan aparılmasının və ikitərəfli razılığın əldə edilməsinin vacibliyini gündəmə gətirməsini təqdir edib, eyni zamanda ABŞ-ın ATƏT-də olan səfirinin Ermənistanın təşəbbüsü əsasında Ermənistan-Azərbaycan sərhədlərinə ATƏT-in müşahidəçi missiyasının göndərilə biləcəyi ilə bağlı açıqlamasını qətiyyətlə pisləyib və bu addımın Azərbaycanın rəyi olmadan reallaşma cəhdlərini qeyri-mümkün hesab edib.

İdarə Heyəti ötən həftə Qarabağda məskunlaşmış rusiya sülhməramlılarının Azərbaycan ərazisinə 14 nəfər xarici ölkə vətəndaşını buraxması faktına da diqqət çəkib. Həmin şəxslərin İran vətəndaşları olması, Xankəndində olan separatçı qrup üzvlərinə hərbi təlimlər keçməsi faktına diqqət çəkən toplantı iştirakçıları, qonşu İran dövlətini həmin şəxslərin Azərbaycan ərazisinə hansı məqsədlə keçmələri barədə izahat verməyə çağırıb. İdarə Heyəti eyni zamanda rusiya sülhməramlılarının mandatına zidd olan bu tipli hərəkətlərinin qarşısını almaq üçün Azərbaycan hökumətinin vaxt itirmədən Laçın dəhlizində sərhəd-keçid məntəqəsinin yaratmasının vacibliyini bildirib.

İdarə Heyəti Ukraynada yaşayan ikinci Qrabağ savaşının iştirakçısı Misir Qasımovun Ukraynanın sosial şəbəkələrində İrəvanın qədim Azərbaycan torpağı olduğunu dilə gətirmə səbəbindən orada yaşayan erməni vətəndaşı tərəfindən məhkəməyə verilməsi faktına və Ukrayna məhkəmə orqanında qaldırılan qurama iddianın aylardan bəri gündəmdə saxlamasından ciddi narahat olduğunu bildirib və ölkəmizin müvafiq dövlət orqanlarının, adı çəkilən ölkədə akkreditasiya olunmuş səfirliyimizi soydaşımızın taleyi ilə maraqlanmağa, onun hüquq və azadlıqlarının təmin olunması istiqamətində əməli addımlar atmağa çağırıb.

Qafqaz.media